Əsas Səhifə > Ölkə > YENİ TƏKLİFLƏR VAR

YENİ TƏKLİFLƏR VAR


11-10-2011, 17:56
YENİ TƏKLİFLƏR VAR

MEDİANIN KİBER TƏHLÜKƏSİZLİYİ MÜZAKİRƏ OLUNDU

Oktyabrn 11-də Redaktorlar Birliyinin təşəbbüsü ilə medianın kiber təhlükəsizliyi mövzusunda dəyirmi masa keçirilib.

“Media forum” saytının məlumatına görə, tədbirdə çıxış edən “Turan” İnformasıya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, son zamanlar “Milaz.info” saytı, “Yeni Müsavat”, “Azadlıq” qəzetlərinin, “Turan” agentliyinin və başqa media quruluşlarının internet səhifələri haker hucumlarına məruz qalıb: “Sentyabr ayında vəziyyət daha da pisləşib. Saytların fəaliyyəti tez-tez iflic olur. Bu tədbirin məqsədi vəziyyətdən çıxış yollarını axtarmaqdır”.

Mehman Əliyev qeyd edib ki, saytlara hücumların qarşısı alınmasa, bu tendensiya gələcəkdə arta və daha ciddi problemlər yarada bilər: “İnformasiyanın yayılması milli təhlükəsizlik məsələsidir. İnternetdə geniş plüralizmin olması çox vacibdir”.

Mehman Əliyev jurnalistlərin özünün müdafiə və ya tənzimləmə sistemi qurmasını zəruri saydığını diqqətə çatdırıb: “İnternetin təhlükəsizliyini təmin etmək, plüralizmi qorumaq, saytları müdafiə etmək üçün müstəqil bir qurum olmalıdır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu əslində bu tip işlərlə məşğul olmalıdır. Amma onu yalnız qrantların ayrılmasına yönəldiblər. Halbuki KİV-in İnkişafına Dövlət Dəstəyi Konsepsiyasında ayrı məsələlər də yer alıb.

Biz beynəlxalq təcrübəni öyrənməli və onun Azərbaycana tətbiq olunması prosesini araşdırmalıyıq. Kiber hücumların qarşısının alınması üçün Milli Təhlükəsizlik Nazirliyində hansısa mexanizm qurulmalı, təlimat hazırlanmalıdır ki, hücumlardan əziyyət çəkənlər şikayət edəndə ona baxılması mümkün olsun. Lazım gələrsə, həmin mexanizmi, təlimatı hazırlaması üçün MTN-ə müraciət də edilməlidir”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz qeyd edib ki, kiber təhlükəsizliklə bağlı Azərbaycanda lazımınca iş görülməyib: “Yeni tip cinayətlər var ki, Cinayət Məcəlləsində əksini tapmayıb”.

Azərbaycanda saytların haker hücumlarına qarşı dayanıqlığından danışarkən Osman Gündüz bildirib: “Araşdırmalarımız göstərir ki, saytlarımızın 99 faizi çətin vəziyyətdədir. Problemin həllini saytların normal serverlərdə yerləşdirilməsində, yaxşı proqramların yüklənməsində, peşəkar kadrların yetişdirilməsində görürəm”.

Dəyirmi masada Azərbaycan Təhlükəsizlik və Müdafiə İctimai Assosiasiyasının prezidenti Yaşar Cəfərli, İREX təşkilatının təmsilçisi Mürsəl Əliyev, Azərbaycan Media Mərkəzinin rəhbəri Gülnarə Axundova, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynov, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “Axar.az” saytının baş redaktoru Taleh Şahsuvarlı, “Prizma” Analitik Mərkəzinin rəhbəri İlkin Bağırov və başqaları çıxış edərək problemin həlli üçün təkliflərini səsləndiriblər.


Geri qayıt