Əsas Səhifə > Ölkə > ZAQATALA SAKİNLƏRİ DAD DEYİR
ZAQATALA SAKİNLƏRİ DAD DEYİR12-05-2012, 12:26 |
"MAŞINDA YATIRAM, BİZƏ NƏ ÇADIR VERİBLƏR, NƏ DƏ ƏRZAQ" Zəlzələdən zərər çəkmiş bəzi Zaqatala sakinləri hökumətin onlara vəd etdiyi yardımı göstərmədiyini, çadır və ərzaq vermədiyini deyir. Rəsmilər isə evləri zərər çəkmiş ailələrin hər birinı ərzaq və paltar paylandığını iddia edir. "Payızda toyum olacaqdı. Çətinliklərlə evimi təmir etdirirdim ki, toya hazır olsun. Zəlzələdə dağıldı" - 22 yaşlı Zaqatala Muxax kənd sakini Çingiz Ömərov məyusluqla deyir. Gənc zaqatalalı Fövqəladə Hallar Nazirinin onun evinin dağıldığı yerə iki dəfə gəlməsini və evinin yenidən tikiləcəyinə söz verməsini məmnuniyyətlə xatırlayır: "Kəmaləddin Heydərov dedi ki, narahat olma, evin yenidən tikiləcək". Ancaq hazırda gecələri avtomobilində keçirdiyini deyən Çingizi nazirdən sonra əraziyə "bələdiyyə ilə gəlmiş Komissiya" məyus edib. "Komissiya dedi ki, ev sadəcə təmir olunacaq. Amma evim təmir olunacaq vəziyyətdə deyil" - o, narahatlığını BBC Azərbaycanca ilə bölüşür. Azərbaycanın şimal rayonlarında bu həftə episentri Zaqatala olmaqla güclü zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, 800-dən artıq evə ziyan dəyib. Hökumət zəlzələnin nəticələrinin aradan qaldırılması üçün 20 milyon manat ayırıb. "Prezidentimiz televizorda dedi ki, ziyan görənlərə ərzaq paylanacaq, çadırlar veriləcək. Amma bizə heç nə verilməyib. Həyətdə qurduğum çadır isə özümündür". Çingiz bizə telefonla müsahibəsində yaşlı ata və anasının çadırda yaşadığını söyləyir. Onun sözlərinə görə, evi 1992-ci ildə tikilib və bu yaxınlarda "xeyir iş üçün" təmir olunub. Zaqatalada ikinci dəfə zəlzələ baş verəndə "iki mərtəbəli, beş otaqlı" evinin bir divarı "tamamilə uçub". "İlk dəfə zəlzələ olanda divar çatladı, ikinci zəlzələdə isə tam dağıldı. Kəmaləddin Heydərov gəlib vəziyyəti öz gözlərilə gördü və dedi ki, evə yaxın getməyin və narahat olmayın bundan da yaxşısı təzədən tikiləcək. Ancaq ondan sonra gələnlər deyir ki, ev yenidən tikilməyəcək" - Çingiz nazirdən sonra gələn "komissiyanın" hansı orqana aid olduğunu bilmir, amma bələdiyyə rəsmilərinin onlarla birlikdə gəldiyini xatırlayır. Azərbaycan Fövqəladə Hallar Nazirliyi isə öz internet saytında yazır ki, zəlzələ bölgəsində fəaliyyətini davam etdirir. "Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün çadırların (hər ailəyə 1 çadır) qurulması işi başa çatmaq üzrədir" - nazirlik bəyan edir. "Eyni zamanda, 12 məntəqədə zərərçəkmiş ailələrin istirahətini təmin etmək məqsədilə içərisində televizor və istirahət üçün nəzərdə tutulmuş digər əşyalar olan iri çadırlar qurulmuşdur". Nazirlik deyir ki, evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanıb, hər ailəyə "un, yağ, qənd, çay, habelə uşaq, qadın və kişi geyimləri, uşaq bezləri, diş pastası, diş fırçası, sabun və digər yuyucu vasitələr" verilib. Rəsmilər Zaqatalada hələ də yeraltı təkanların davam etdiyini və son gün ərzində 10-a yaxın yeraltı təkanın qeydə alındığı deyirlər. Geri qayıt |