Əsas Səhifə > Ölkə, Manşet > ELDAR ƏZİZOVUN SUMQAYIT “MACƏRALARI...”

ELDAR ƏZİZOVUN SUMQAYIT “MACƏRALARI...”


27-05-2012, 12:42
ELDAR ƏZİZOVUN SUMQAYIT “MACƏRALARI...”

İLGİNC FAKTLAR ÜZƏ ÇIXIR: İCRA BAŞÇISININ YIĞHAYIĞ OYUNU

DİA.AZ: - Sumqayıtda yeni icra başçısının hərəkətləri barədə dəfələrlə yazmışıq. Sahibkarların sıxışdırılması, ticarət obyektlərinin əsassız götürülməsi, şəhərdə yaşıllıq zolaqlarının, parkların xüsusi amansızlıqla məhv edilməsi və sair məsələlərlə bağlı kifayət qədər yazılıb. Amma, buna baxmayaraq yeni icra başçısı Eldar Əzizov hər dəqiqə bir ağılla şəhərdə guya abadlaşma aparır deyə gənclər şəhəri Sumqayıtı viran qoyur. Hər yerə göz tikən icra başçısı parklarda, istirahət mərkəzlərinin ərazilərində ağacları kütləvi qırmaqla orada iri restoranlar və ticarət mərkəzləri inşa etdirməyə başladı. Sumqayıt ərazisini qarış-qarış satan icra başçısı əvvəlcə obyektləri yığışdırıb yerində yeni ticarət mərkəzləri tikdirdi.

Sonra da həmin ticarət mərkəzləri və köşklərini sahibkarlara satmağa başladı. Hələ bu azmış kimi icra başçısının tapşırığı ilə, təmirdən yeni çıxan ticarət obyektləri də təmir adı ilə bağlandı. Bir müddət bağlı qalan obyektlər sahiblərinin soyulmasından sonra fəaliyyətə başladı. Yəni, mağazalar bağlandı və icra hakimiyyətinin hesabına təmir edildi. Amma, bu təmir obyekt sahiblərinə 10 qat baha başa gəldi. Əgər icra hakimiyyəti bir obyektin təmirinə 5 min manat xərc çəkdisə, obyektin sahibindən 50 min manat, 3 min xərc çəkdisə 30 min manat aldı. Pul verməkdən imtina edən sahibkarın isə sadəcə obyekti əlindən alındı. Adı da oldu ki, icra başçısı şəhəri gözəlləşdirir.

Mer yaşıllıq zolağını şəxsi ticarət zolağına çevirdi

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, indi icra başçısı şəhərdə başqa bir oyun oynayır. Cənab mer bu adla da xeyli sahibkarın obyektini yerlə-yeksan elədi. Eldar Əzizov şəhərdə yol kənarında, gözə görünən nə qədər ticarət və xidmət obyektləri varsa, hamısını dağıtdı. Adını da qoydu ki, guya o küçə ticarətinə son qoyur. Təxminən 100-dən artıq obyekt yerlə-yeksan edildikdən sonra başçı həmin əraziləri təmizlətdirdi ki, bəs Sumqayıtda küçə ticarəti yığışdırıldı. Heç bir yerə əli çatmayan sahibkarlar da sakit dayanmaqdan başqa heç nə edə bilmədi. Çünki əvvəlcə bir-iki sahibkar icra başçısının bu qanunsuzluğuna etiraz edəndə şərləndi, hədələndi. Ona görə də heç kim səsini çıxarmayıb işin axırını gözlədi. Yol kənarlarında imkansız sahibkarların obyektlərini darmadağın edən Eldar Əzizov Sumqayıtın başqa bir hissəsində yeni ticarət cərgəsi inşa etdirdi. İndi həmin ticarət köşkləri icra başçısının adamlarının nəzarəti ilə satışa çıxarılıb. Həddindən artıq baha qiymətə satışa çıxarılan ticarət cərgəsindəki bu dükanlar demək olar ki, başlı-başına qalıb. Nə həmin məbləği tapıb icra başçısından mağazaları alanlar var, nə də icarəyə götürüb işlədən. İcra başçısının bu obyektləri elə tikildiyi kimi də qalıb.

Eldar Əzizovdan Sumqayıta daha bir zərbə

İcra başçısı həmin ticarət cərgəsini inşa etdirəndə Sumqayıt sakinlərinə daha bir zərbə vurdu. Bu onun bir prosesdə əhaliyə vurduğu neçənci zərbə idi. Çünki birincisi, sahibkarlara vurulan ilk zərbə onların qanuni, tam mülkiyyətində olan obyektləri dağıtması idi. İkincisi, bu addımla merin yüzlərlə ailəni çörəksiz qoyması idi. Üçüncüsü isə həmin yeni ticarət cərgəsinin tikildiyi ərazidəki yaşıllıq zolağının məhv edilməsi. Yəni, Sumqayıt gənclər şəhəri olmaqla yanaşı, həm də sənaye zonası kimi salınıb. 1954-cü ildən bu şəhər sənaye şəhəri adlandırılıb və burada ona yaxın kimyəvi zavod və müəssisə yaradılıb. Şəhər salınanda isə burada insanların kimyəvi maddələrdən qorunması, havanın zəhərdən təmizlənməsi üçün 100 hektara yaxın yaşıllıq zonası salınıb. Bu yaşıllıq zolağının hesabına da şəhərə əhali köçürülüb. Amma son 10 ildə bu yaşıllıq zolağının təxminən 50 faizi qırılıb məhv olsa da, bir hissəsi hələ də sumqayıtlılar tərəfindən qorunub saxlanılırdı. Eldar Əzizov isə bu yaşıllıq zolağının axırına çıxıb. Şəhərə mer təyin olunan gündən istirahət mərkəzlərindəki, Sumqayıtın girişindəki və sair meşə zolaqlarını məhv edən icra başçısı indi də mərkəzdə qalan yeganə yaşıllığın axırına çıxdı. Mer həmin yaşıllıq zolağını ticarət zolağı ilə əvəzlədi. Həmin yaşıllıq zolağının yerində indi Eldar Əzizovun bütün standartlarına cavab verən və Sumqayıt sakinlərinin bütün ümidlərini kəsən ticarət cərgəsi uzanıb. Bu da Eldar Əzizovun növbəti təxribatı.

Obyektlər niyə biabırçı küçə ticarətilə əvəz edilib?

Bayaq qeyd etdim ki, icra başçısı bütün bu oyunları küçə ticarətini ləğv etmək adı ilə, daha doğrusu həmin bəhanə ilə çıxardı. Amma, gəlin görək Sumqayıtda həqiqətənmi küçə ticarəti ləğv edildi. Cənab mer yolun kənarlarındakı ticarətobyektlərini dağıtmaqla küçə ticarətini ləğv edibsə, bəs sonradan Sumqayıtın ən mərkəzi küçələrində biabırçı küçə ticarətini kim yaradıb? Bəli, Sumqayıtın girişi hesab edilən Sülh küçəsində səliqəli ticarət köşkləri dağıdılıb götürüldü, amma yerində piyada yoluna pərakəndə tökülmüş mallar satılır. Özü də bu həqiqi biabırçılıqdır. Biabırçılıqdır ona görə ki, icra başçısının “küçə ticarətini yığışdır!” əmrini pozan elə onun öz əlaltılarıdır. Yəni, icra başçısı ticarət köşklərini yığışdırıb küçə ticarətinə mane olur, ardınca icra hakimiyyətinin nümayəndələri həmin yerdə küçə alverçilərindən haqq almaqla onların səkilərdə açıq halda mallar satmasına şərait yaradır. Hazırda Sumqayıtın Sülh küçəsi və Mərkəzi Bazarın qarşısındakı küçədə əməlli-başlı biabırçı vəziyyət yaranıb. İcra başçısının adamları həmin küçələrdə küçə ticarətinə icazə verib. Hər gün hər alverçidən haqq alan bu şəxslər şəhərin küçələrini pis günə qoyub. Pal-paltar, göy-göyərti, kələm, kartof-soğan və digər meyvə tərəvəzlərin çürüntüləri şəhərin əsas küçələrini bürüyüb. Artıq həmin ərazilərdən keçmək mümkün deyil. İcra başçısının adamları bu yolların kənarındakı alverçilərin hər birindən gün ərzində 10 manat almaqla onlara belə biabırçı alverə icazə verir. Gün ərzində 2 küçədə ən azı 200 nəfərdən artıq insan küçə ticarəti ilə məşğul olur. Gün ərzində 2500 manatdan artıq küçə ticarətindən rüşvət yığan bu şəxslər ona görə də həmin şəxslərin küçədə hansı şəraitdə mal satmasına fikir vermir. Sonda da deyirlər ki, cənab icra başçısı küçə ticarətinə qarşı mübarizə aparır. Sən demə, icra başçısına orada ticarət obyektinin işləməsindən çox belə biabırçı ticarət sərf edirmiş. Yəni, həmin ticarət mərkəzlərinin bir ayda verdikləri pulu icra başçısının adamları bir gündə küçə ticarətindən yığır.


Geri qayıt