Əsas Səhifə > Gündəm, Manşet > QƏZADA SAĞ QALDIĞINA GÖRƏ 7 İL İŞ KƏSİBLƏR

QƏZADA SAĞ QALDIĞINA GÖRƏ 7 İL İŞ KƏSİBLƏR


1-06-2012, 11:13
QƏZADA SAĞ QALDIĞINA GÖRƏ 7 İL İŞ KƏSİBLƏR

ÇARƏSİZ ATA OĞLUNUN AZAD OLUNMASI ÜÇÜN PREZİDENTDƏN KÖMƏK UMUR

DİA.AZ: - Füzuli rayonu, Əzizbəyov küçəsi, 25 saylı evdə yaşamış, hal-hazırda Abşeron rayonu, Saray qəsəbəsi, M.Qasımov küçəsi, 16№-li evdə məskunlaşmış Əliyev Telman Hacıalı oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi ünvanlanıb. DİA.AZ-a daxil olan məktubda deyilir:

“30.11.2010-cu il tarixdə mənim oğlum Əliyev Aslan maşınların mexaniki təmir sexinə yük gətiribmiş. Maşınla sexə daxil olub yükü boşaldıb və sexdə maşının kabinasında oturub gözləyib ki, gətirdiyi yük təmir olunsun. Sexə daxil olandan təxminən 15-20 dəqiqə sonra mexaniki təmir sexinin dam örtüyü uçub. Sexin daxilində maşından kənarda 2 nəfər dəmir-beton konstruksiyaların altında qalaraq ölmüşlər.

Mənim oğlum isə maşının kabinasında olduğu üçün təsadüfən sağ qaldı. Mən həmin sexi görmüşdüm. Həmin sex qəzalı vəziyyətdə idi. 1960-cı illərin tikintisi olub. Bu sex silkələnmədən, küləyin təsirindən uça bilərdi. Azərbaycan küləyin təsirinə görə 5-ci zonaya düşür. 10 metr hündürlükdə küləyin təsiri 1 kv.m-ə 60 kq küləyin təsiri olub. Ümumiyyətlə, tikintisi aparılmış mexaniki təmir sexi heç bir tikinti normalarına cavab vermirdi. Uzun müddət istismar olunduğundan divarlarında yaranmış çatlara əhəmiyyət verilmədiyindən sex binası kiçik bir küləklə deformasiyanın təsirindən dağılmalı idi. bu da həminki günə təsadüf etmişdir.

Həmin sexə daim maşınlar girib çıxırlar. Uzun müddət istintaq və məhkəmə çəkişmələrindən sonra Bakı Ağır Cinayətlər Məhəkəmsi oğlumu 7 il müddətinə azadlıqdan məhrum etdi. Sumqayıt Apellyasiya Məhkəməsi cəzanı 5 il 6 aya endirmişdir. Hal-hazırda oğlum həbəsdədir. Mən bu bədbəxt hadisəyə görə oğlumu günahkar saymıram. Zərərçəkmişlərin varisləri, ölən kişinin həyat yoldaşı və oğlu, ölən qadının qızı və yeznəsi notariusda təsdiq olunmuz ərizə verərək heç bir tələb və şikayətlərin olmadığını bildirməklə mənim oğlum Əliyev Aslanın həbs olunmamasını hakimlərdən xahiş etdilər.

Oğlumu Azərbaycan Respublikasının CM-nin 124.2 maddəsi ilə ittiham etdilər (ehtiyatsızlıqdan 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə). Şəxsən mənimlə müstəntiqin söhbəti baş tutmadığı üçün CM-ni dəyişdirdi, 263.3 yol nəqliyyat hadisəsi ilə yenidən ittiham elan etdilər (5 ildən 10 ilədək). Əliyev Aslan Telman oğlunun himayəsində 7 və 5 yaşlarında körpə uşaqlar var. Bizdə olan maddi sübutlar: müstəntiqin tərtib etdiyi saxta ittiham aktı, saxta ekspert rəyi, sexin hərtərəfli çəkilmiş video diski, maşının hər tərəfdən çəkilmiş şəkilləri, bina haqqında ali təhsilli konstruktor və texniklərin öz təşəbbüsləri ilə tərtib etdikləri rəy.

Həmin sex durur. Sexin maketi, maşının maketi, binanı qəzalı görən şahidlər eksperiment aparılsın ki, maşın hara dəyibdir. Onlardan istifadə olunmur və heç yaxına buraxmırlar. Mənim xahişim odur ki, əgər mən bu maddi sübutlarla sübut edə bilməsəm ki, oğlum günahsızdır, qoy o halda o öz cəzasını çəksin. Məndə olan maddi sübutlardan Prezidentin nəzarəti altında yoxlanılsın və yaxud qardaş Türkiyə ölkəsinə göndərilsin. Bu maddi sübutlar orada araşdırılsın, hər iki halda onların gəldiyi nəticələr ilə mən razılaşaram ki, mənim oğlum günahkardır, yoxsa yox. Burada 4 nəfər insanın taleyi həll olunur”.

Onu da qeyd edək ki, məhkəmənin hökmündən Ali Məhkəməyə kassasiya şikayəti verilmişdir. Adları çəkilənlərin də mövqeyini işıqlandırmağa hazırıq.

Geri qayıt