Əsas Səhifə > Ölkə, Manşet > QUBA SAKİNLƏRİ YENƏ DƏ ÜSYAN PÜSKÜRÜR

QUBA SAKİNLƏRİ YENƏ DƏ ÜSYAN PÜSKÜRÜR


1-06-2012, 13:02
QUBA SAKİNLƏRİ YENƏ DƏ ÜSYAN PÜSKÜRÜR

BU DƏFƏ HƏDƏFDƏ İCRA BAŞÇISI YOX, QUBANIN DEPUTATIDIR

DİA.AZ: - Bu gün Qubada baş verən 1 Mart olaylarının tam olaraq 3-cü ayı tamam olur. Amma buna rəğmən hələ də məlum hadisələrin tam təfərrüatı ictimaiyyətdən gizli tutulur. Hətta hadisələrlə bağlı aparılan istintaq araşdırmaları ilə bağlı da cəmiyyətə doğru-dürüst məlumatlar verilmir ki, bu da öz növbəsində müxtəlif şaiyələrin yaranması ilə nəticələnir.

Eyni zamanda, həmin hadisələr zamanı onlarla həmyerlilərinin həbs olunması səbəbindən Quba sakinləri arasında gərginlik hələ də qalmaqdadır. Rayondakı qaynaqların DİA.AZ-a verdiyi məlumatlardan belə məlum olur ki, qubalılar yenidən üsyana qalxa bilərlər.

Xatırladaq ki, 1 Mart olayları zamanı devrilmiş icra başçısı Rauf Həbibovun evi yandırıldı və eyni zamanda narazı sakinlər icra hakimiyyətinin binasına da zərər vurdular. Və hazırda bu hadisələr hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Həmin ərəfədə isə narazı sakinləri sakitləşdirmək üçün Bakıdan xüsusi missiyalı elçilər göndərilmişdi və elçilərin arasında nəqliyyat naziri Ziya Məmmədov, Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyev və həmçinin qubalı deputat Vahid Əhmədov da var idi.

Elə bu gün qubalıların qəzəb hədəfi də Vahid Əhmədovun özüdür. Məlumatı verən mənbə bildirir ki, hadisələrin gərgin anlarında Vahid Əhmədov camaatın qarşısına çıxaraq heç bir həbsin olmayacağını və buna başı ilə cavabdeh olduğunu bildirib: «İndi isə qubalılar deputatı sözünün üstündə durmağa, həbs olunanları azadlığa buraxmağa çağırırlar. Əks halda rayonda yenidən kütləvi aksiyalar baş qaldıra bilər».

Onu da qeyd edək ki, sakinlərin deputata bir həftəlik vaxt verdikləri də söylənilir. Mövzu diqqətimizdədir. Bizi izləyin…


Geri qayıt