Əsas Səhifə > Ölkə > MƏMURLAR AQRESSİVLƏŞİBLƏR

MƏMURLAR AQRESSİVLƏŞİBLƏR


5-06-2012, 13:45
MƏMURLAR AQRESSİVLƏŞİBLƏR

«EUROVİSİON» A VERDİKLƏRİMİ HARDAN ÇIXARMALIYAM?”

Xocasən icra nümayəndəliyinin müavini İsa Gözəlov I qrup əlili ölümcül döydü- ŞOK

Azərbaycan dövləti dünya birliyində yerini və mövqeyini möhkəmləndirir. Lakin bütün bu irəliləyişləri gözü götürməyənlər də az deyil. Onların arasında bəzi yerli dövlət idarəçiliyi orqanlarında oturşmuş təxribatçı məmurlar da var ki, hər vasitə ilə sadə xalqı dövlətdən və hakimiyyətdən narazı salmağa çalışırlar.

Xocasən qəsəbə sakini Kələntərli İntiqam İbrahimoğlu tərəfindən olduqca maraqlı bir müraciət ünvanlanıb. Müraciətdə bildirilir ki, Xocasən qəsəbəsində son zamanlar ard-arda baş verən hadisələri də bu təxribatın bir hisssəsi hesab etmək olar. Belə ki, Binəqədi rayon Xocasən qəsəbəsi üzrə icra nümayəndəliyinin müavini İsa Gözəlov dövlət başçısının fərman və göstərişlərinə biganə yanaşaraq camaatın gözü qarşısında özünü dövlət nümayəndəsi kimi deyil, qoçu kimi aparır. Qəsəbə cammatı üçün sirr deyil ki, onun qoçu dəstəsinin əsas fəaliyyəti qanunlara məhəl qoymadan ərazidə yaşayan vətəndaşları şantaj edərək pul qazanmaqdan ibarətdir.

Məlumat üçün bildirim ki, mən 23.06.1970-ci ildə Naxçıvan şəhərində anadan olmuşam. Valideynlərimi erkən itirmişəm. Uşaqlıq illərim maddi sıxıntılar altında keçib. Yetimliklə bir təhər çörək qazanmışam. 1995-ci ildə Naxçıvan səmasında baş verən təyyarə qəzasından möcüzə nəticəsində sağ çıxmışam. I qrup əliləm, çətinliklə hərəkət edə bilirəm. Hazırda Bakı şəhərinin Nəsimi rayonunda, 3-cü mikrorayon, H.B.Əliyev küçəsi 4/63 ünvanında qeydiyyatdayam. Xocasən qəsəbəsində müvafiq qanuni sənədlərlə rəsmiləşdirdiyim evdə yaşayıram. Bu günlərdə, daha doğrusu, 2012-ci il iyun ayının 1-də İsa Gözəlovun qoçu dəstəsi tərəfindən məruz qaldığım təpki və təhqirlərdən hələ də özümə gələ bilməmişəm. Həmin gün günorta vaxtı eşitdim ki, Ruslan Allahverdiyev küçəsində, Binəqədi rayon İcra Hakimiyyətinin verdiyi qanuni sənədlər əsasında mənə ayrılmış torpaq sahəsində uçub dağılmış köhnə hasarın bərpası ilə bağlı tikinti işləri aparan fəhlələrə bir neçə şəxs yaxınlaşaraq hasarın kimə məxsus olduğunu soruşmuş və məni “söhbətə” dəvət etmişlər. Fəhlələr mənə zəng vuraraq tikinti sahəsinə çağıranda “söhbətin” nədən ibarət olacağı üzərində düşünürdüm. Həmin şəxslərlə görüşəndə isə məlum oldu ki, onlardan biri Xocasən qəsəbə icra nümayəndəliyinin müavini İsa Gözəlovdur. Söhbət zamanı özünü aqressiv aparan İsa Gözəlov utanıb-çəkinmədən məndən tikinti işlərinin aparılmasına görə 1000 (min) manat özü də təcili rüşvət istədi. I qrup əlil olaraq bu qədər məbləği verməyə hazır olmadığımı dedikdə o, təhqiredici ifadələrlə məni yana itələyərək el arasında “qoçu” Rafael kimi tanınan “cangüdəninin” köməyi ilə hasarı uçurmağa başladı. Siz kimsiniz, nə edirsiniz, deyə onlardan bu əməli dayandırmağı tələb etdikdə isə İsa Gözəlov üstümə atılaraq yaxamdan yapışdı, təhqirlərinə davam etməyə başladı:

- Sən bilmirsən ki, mən yerazam, özü də öz motoruynan? Xocasənin sahibi İsanı deyəsən tanımırsan. Sənə kim olduğumu göstərərəm…

Bunun cavabında xəstə və köməksiz olduğumu söyləyərək dedim ki, “pulu əlil adamdan necə alacaqsan?”. İsa Gözəlov şəstlə öyünərək “sən vermə, o verməsin, bəs «Eurovision» a verdiklərimi hardan çıxarmalıyam?” deyə yaxamı bir neçə dəfə silkələdikdə ayaqlarım tab gətirmədi, yıxıldım. Ətrafdakı fəhlələr və qonşular olmasaydı İsa mənə bəlkə də daha ağır xəsarətlər yetirəcəkdi. Sağ olsunlar haraya gələn qonşuları.


Lakin onları görüncə İsa Gözəlov daha da aqressivləşərək “sökəcəm, dağıdacam” deyə-deyə barmaq silkələdi, hətta bir neçəsi ilə mübahisə etməyə başladı. İlyas, Əhliman adlı qonşuları isə sərt şəkildə təhqir edərək başlarına oyunaçacağını söylədi. Yanındakı qoçular isə fəhlələrin alətlərini təpikləyərək bir kənara səpələmişdilər. Qonşum İlyas İsa Gözəlovu sakitləşdirmək üçün ona dövlət nümayəndəsi olduğunu xatırlatdı, tələb etdi ki, camaatı prezidentimizdən, hakimiyyətdən narazı salmasın. Axı dövlətimizin başçısı bütün məmurlara Bakıətrafı qəsəbələrdə evlərin sənədləşdirilərək qeydiyyata alınması barədə göstəriş verib! Siz yerlərdəki məmurlar isə bu göstərişlərə nəinki məhəl qoymur, hətta özbaşınalıq edərək səlahiyyətlərinizi aşğrsınız, camaatı təşvişdə saxlayır, təxribat aparırsınız. Budurmu dövlətə və dövlətçiliyə sədaqətiniz?! Bu sözləri eşitdikdə və qonşuların yığışdığını gördükdə İsa Gözəlov başının dəstəsi ilə aradan çıxdı. Gedərkən mənə sarı dönərək baxarsan, səni məhv edəsəyəm deyib barmaq silkələdib. Mən isə fəhlələrin köməyi ilə həkim müayinəsinə aparıldım. Baş verənlər barədə Binəqədi RPİ 40-CI Polis Bölməsinə məlumat vermək məcburiyyətində qaldım.

Mənim bu dünyada ailə və övladlarımdan, bir də ki, müstəqil dövlətimdən və onun Prezidentindən savayı bir kəsim yoxdur. Ölümdən də qorxmuram, ölümlə çox çarpışmışam, iradəmi sındırmamışam. Lakin İsa Gözəlovun qanunsuz hərəkəti bir yana, təpkiləri, ünvanıma söylədiyi təhqirlər, işlətdiyi ədəbsiz ifadələr məni xeyli sarsıdıb. Qəhər içərisində boğuluram. Düşünürəm ki, rüşvət vermədiyimə görə bu qoçunun qəzəbinə tuş gəlmişəm. Onun müqəddəs qanunlarımıza qarşı həqarəti fikrimcə, cəzasız qalmayacaq.

Qeyd edək ki, I qrup əlil başına gətirilənlərlə bağlı ölkə başçısı İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edib.

O, I qrup əlil olduğunu nəzərə alaraq təhlükəsizliyimin təmin edilməsi, İsa Gözəlovun barəsində isə araşdırma aparılması və qanuna müvafiq tədbir görülməsi üçün prezidentdən göstəriş verməsini acizanə surətdə xahiş edib.
Geri qayıt