Əsas Səhifə > Gündəm, Manşet > "YAŞIL BAZAR"DA DƏRƏBƏYLİK HÖKM SÜRÜR

"YAŞIL BAZAR"DA DƏRƏBƏYLİK HÖKM SÜRÜR


1-07-2012, 16:02
"YAŞIL BAZAR"DA DƏRƏBƏYLİK HÖKM SÜRÜR

BAZARDA ALVER EDƏN BİR NEÇƏ SATICININ İSƏ VƏRƏMƏ YOLUXDUĞU DEYİLİR

DİA.AZ: - Bakıda nə qədər desən bazar fəaliyyət göstərir. Bu bazarların hər birinin özünəməxsus xüsusiyyətləri var. Bütün bunlarla yanaşı, əhalinin böyük əksəriyyəti günün müxtəlif vaxtlarında bu bazarlara üz tutur. Təbii ki, camaat hansı bazarda ucuzluq varsa, oradan daha çox alış-veriş eləmək istəyir. Amma onlar görəndə ki, bir balaca bazarda dərəbəylikdir, it yiyəsini tanımır, satıcılar alıcıları aldadır, onda üz döndərib başqa bazara gedirlər.

"Yaşıl bazar" adı ilə tanınan bazarda isə son vaxtlar bir özbaşınalıq yaranıb ki, gəl görəsən. Başqa sözlə demiş olsaq, burada it yiyəsini, yiyəsi də itini tanımır. Yəni, bazarda yaranmış özbaşınalıq və qanunsuzluq bir çoxlarını buradan üz döndərməyə məcbur edib.

Yaxınlıqda yaşayan sakinlərin DİA.AZ-a dediyinə görə, səhər saat 5-dən onları bazara gələn adamların hay-küyü yuxudan oyadır. Üstəlik, küçədə alış-veriş edən ayrı-ayrı adamların əlindən lap boğaza yığılıblar. Sakinlər bildirirlər ki, küçədə əl-ayağa dolaşan bu adamların satdığı mer-meyvəyə və digər məhsullara etirazımızı bildirəndə həmin malın sahibi olan satıcılar bizi "yuyub sərirlər". Biz də qalırıq odla su arasında ki, canımızı bunların əlindən necə xilas eləyək.

"Yaşıl bazar"da təkcə özbaşınalıq onun ətrafı ilə bağlı deyil. Burada camaata müxtəlif məhsullar satan ayrı-ayrı satıcıların da sağlamlığı şübhə altındadır. Etibarlı mənbənin bildirdiyinə görə, yaxın günlərdə bazarda kartof satan bir neçə satıcıda vərəm xəstəliyi aşkar edilib. Bu isə nəinki bazarda işləyən adamlarda, hətta alıcılar arasında vahimə yaradıb. Ona görə vahimə yaradıb ki, bu insanlar hər gün bazarda müxtəlif kənd təsərrüfatı məhsulları satır, alıcılar da onlardan kartof, soğan, mer-meyvə alırlar. Deməli, bu xəstə insanlardan hər an alıcılar vərəm xəstəliyinə yoluxa bilərlər. Təəssüf ki, "Yaşıl bazar"da fəaliyyət göstərən nəinki kənd təsərrüfatı məhsulları satan satıcılar, hətta müxtəlif iri və xırda buynuzlu heyvanları kəsib gətirib satan qəssablar da vaxtı-vaxtında tibbi müayinədən keçmirlər. Üstəlik, onların satdığı ət məhsullarının bir çoxu ya köhnə olur, ya da dana əti altında camış və başqa ət satırlar. Əlbəttə, hər hansı yerdə lazımi nəzarət olmayanda nəinki orda keyfiyyətsiz ət satılacaq, hətta mənşəyi bilinməyən ətləri də bu cür yerlərdə satmaq istəyənlər daha da çox olacaq. Ət satışında yaranmış özbaşınalıq lap həddini aşıb. Görəsən, bazarda hər gün ət satışına nəzarət edən, onu laboratoriya analizindən keçirən və möhür vurub icazə verən baytar həkim hara baxır? Aydındır ki, bizim bazarlarımızın əksəriyyətində həkimlərin nəzarəti bir o qədər də yaxşı deyil. Daha doğrusu, onlar ət satanlardan "şirinlik" alandan sonra öz möhürlərini ətin üstünə çox asanlıqla vururlar. Bu da sirr deyil ki, bu gün bir çoxları keyfiyyətsiz ət satmağın yolunu onu yeməkxana, kafe və bazarlara ötürməkdə görür. Çünki belə işbazlar həmin adamlarla çox asan dil tapa bilirlər. Hələ biz onu demirik ki, çəkidə camaatı qəssablar necə aldadır və sanitar qaydalara əksər vaxtı riayət eləmirlər.

Bazarların bir "xəstəliyi" də ondan ibarətdir ki, onlar qazandığı pulun cüzi bir hissəsini dövlət büdcəsinə keçirirlər. Daha doğrusu, bazarlar vergidən yayınırlar. Vergidən yayınma halları da "Yaşıl bazar"dan yan keçməyir. Orada fəaliyyət göstərən bir çox fiziki və hüquqi şəxslər qeydiyyata alınmır və dövlətə lazımi vergini ödəmirlər. Bu isə dövlətin büdcəsinə nə qədər ziyan vurur.

DİA.AZ bildirir ki, sahə müvəkkilinin də "Yaşıl bazar"a nəzarəti çox pis vəziyyətdədir. Çünki burada əksər satıcılar alıcıları çəkidə aldatmağa vərdiş ediblər. Biri də etiraz edəndə satıcılar deyirlər ki, mənim tərəzim dəqiq işləyir. Amma onların tərəzisi əksər vaxtı nəinki dəqiq işləyir, hətta alıcını çox asanlıqla bu tərəzilərdə aldatmaq olur. Bir dəfə mer-meyvə alan bir qadın satıcıya dedi ki, sən məni açıq-aydın aldadırsan. Ona görə də özümün gətirdiyim əl tərəzisində beş kilo almanı çəkəcəm. Həmin xanım əl tərəzisində beş kilo almanı çəkdi və həmin alma bir kiloqram kəm gəldi. Xanımın inadından sonra ondan oğurladıqları bir kiloqram almanı yenidən zənbilə tulladılar. Bütün bunları isə ətrafdakılar təəccüblə izləyirdilər. Hansı ki, bazarlarda nəzarət tərəzisi olmalıdır və bu nəzarət tərəzisində çəkidən şübhələnən alıcı aldığı malı çəkə bilməlidir.

Bir çox halda bazarda yığılan tullantılar ləng daşınır. Bu da anti-sanitariyaya şərait yaradır. O da aydındır ki, hər bir bazarın sahibi onun daha yaxşı fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görür, təmizlik yaradır. Burada bir çox halda sanitar normalara əməl edilsə də, bəzi hallarda bu normalar pozulur. Bunu isə ən çox pozan bazarda fəaliyyət göstərən satıcılardır. Çünki onlar fikirləşirlər ki, məhsulumu satıb tez çıxıb getdim, hər şey düzəldi. Ancaq bu satıcılar onu fikirləşmirlər ki, sabah bir başqası gəlib həmin yerdə lövbər salacaq və məhsulunu satacaq. Təəssüflə qeyd edilməlidir ki, sanitar həkimləri də burada mövcud olan qanun pozuntularına çox vaxtı göz yumur, tədbir görməməklə sanki bu cür şəraitə rəvac verirlər.

İndi alıcı istəyir ki, getdiyi bazardan daha keyfiyyətli və təzə məhsul alsın. Alıcı görəndə ki, bazardakı ət keyfiyyətsizdir, köhnədir və satıcı onu aldadır, kəf gəlir, bir daha həmin yerə üz tutmaq istəmir. Göstərdiyimiz bu nöqsanlar da "Yaşıl bazar"da davam etməkdədir. Görəsən, "Yaşıl bazar"da qanun pozuntuları nə vaxta qədər davam edəcək və orada vergidən yayınma hallarının qarşısı haçan alınacaq? Bax, bu suala biz yox, əlaqədar təşkilatlar daha dəqiq cavab verə bilər. Mövzuya yenidən qayıdacağıq.


Geri qayıt