Əsas Səhifə > Cəmiyyət > MOSKVANI AVROPA ŞURASINA DƏYİŞMİŞİK

MOSKVANI AVROPA ŞURASINA DƏYİŞMİŞİK


28-10-2011, 13:36
MOSKVANI AVROPA ŞURASINA DƏYİŞMİŞİK

“İNDİ MEŞOK-MEŞOK ŞİKAYƏTLƏR AVROPAYA ÜNVANLANIR”

Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazovun Milli Məclisdə hesabatının müzakirəsində millət vəkilləri tərəfindən bir sıra məsələlərə toxunublar. APA-nın məlumatına görə, millət vəkili Məlahət İbrahimqızı təklif edib ki, Azərbaycanda qadın polislər işə götürülsün: “Artıq qonşu ölkələrdə polis strukturlarına qadın işçilərin cəlb edilməsinə başlanıb. Onlar əsasən yetkinliyə çatmayanların işləri, ailə məsələləri, insan alveri qurbanları ilə işlər üzrə fəaliyyət göstərirlər”.

Deputat Fazil Mustafa çıxışında son vaxtlar insan alveri ilə mübarizə sahəsində boşluqların aradan qalxdığını, bir sıra işlərin həyata keçirildiyini vurğulayıb. Millət vəkili deyib ki, bu mübarizənin bir qurumun üzərinə qoyulması doğru deyil. F. Mustafa məcburi əməyə cəlblə bağlı da danışıb: «Bu gün Çin, Əfqanıstan və digər ölkələrdən ucuz işçi qüvvəsi gətirilməsi məsələsini də araşdırmaq lazımdır. Ölkədə kifayət qədər işçi qüvvəsi olduğu halda, başqa ölkədən ucuz işçi gətirilməsi doğru deyil».

Millət vəkili Zahid Oruc isə çıxışında qeyd edib ki, mübarizə tədbirlərini gücləndirmək üçün əmək miqrasiyasını tənzimləyən qurumların məsuliyyəti artırılmalı, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilməlidir. Övladlığa götürmə ilə bağlı məsələyə xüsusi nəzarətin artırılmasını vacib sayan deputat insan alveri ilə bağlı bəzi faktlara da toxunub: «Turizm şirkətlərinin xətti ilə insan ticarəti faktları mövcuddur. Uşaq dilənçiliyi də mövcud problemlər arasında yer alır. Buna qarşı tədbirlər gücləndirilməlidir. İnsan orqanları transplantasiyası faktı da diqqət çəkir. Bu işdə Beynəlxalq Universitetin adı hallanır. Başqa bir fakt isə İranla bağlıdır. İran uzun illərdir ki, Azərbaycana narkotik ixracatını həyata keçirir. İldə bu həcm 40 tondan artıqdır. Məlumatlara görə, İranda bəzi Azərbaycan vətəndaşlarını girov saxlayırlar ki, bu cür planlarını həyata keçirsinlər».

Deputat Sahib Alıyev bildirib ki, Azərbaycanda son illərdə insan alveri ilə mübarizə sahəsində mühüm işlərin həyata keçirməsinə baxmayaraq, ölkə bu məsələdə haqsız olaraq ikinci qrupda - risk qrupunda yer alır.

Deputat Rəfael Cəbrayılov isə çıxışında Çindən Azərbaycana gələn qadınların küçə ticarəti ilə məşğul olmasının beynəlxalq hesabatlarda yer almasından narahatlığın ifadə edib. Millət vəkili həmçinin yerli şadlıq evlərində azyaşlı qız uşaqlarının «mələk» rolunda işə cəlb olunduğundan danışıb. Bu faktların araşdırılmasını təklif edib.

Millət vəkili Çingiz Qənizadə isə bildirib ki, bu gün dünya üzrə illik dövriyyəsi 32 milyard dollar təşkil edən insan alveri transmilli cinayətdir və peşəkar cinayətkar qruplar tərəfindən həyata keçirilir. Azərbaycanda insan alveri qurbanlarının əksəriyyətinin orta təhsilli olduğuna diqqət yönəldən millət vəkili bu cür halların aradan qaldırılması üçün orta məktəblərdə maarifləndirici tədbirlərin gücləndirilməsini vacib sayıb: «Məni narahat edən başqa bir məqam isə beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanla bağlı narahatedici məqamların yer almasıdır. Bizim bəzi qeyri-hökumət təşkilatlarımız beynəlxalq təşkilatlardan maliyyə almaq üçün doğru olmayan məlumatlar verir».

Parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, insan alverinin qurbanı olan şəxslərlə bağlı bir çox sənəd qəbul edilib. Komitə sədri bildirib ki, Azərbaycan insan alveri ilə mübarizədə ön sıralarda dayanır: «Yaxşı olar ki, biz bəzi Avropa ölkələri və Amerikadakı hadisələrlə bağlı ittiham çıxışları edək. Onda bəlkə bizə qarşı qərəzli mövqelərə son qoyulsun».

Deputat Siyavuş Novruzov insan alverinin bir ölkənin daxili məsələsi olmadığını bildirib: «Bununla belə, heç bir dövlətin başqa bir ölkə haqqında hesabat hazırlamaq hüququ yoxdur. Biz ilbəil onların hesabatlarına baxırıq və hər şey eynidir, heç nə dəyişməyib. Biz hansısa dövlətə nəyisə nümayiş etdirmək üçün tədbirlər həyata keçirmirik, öz vətəndaşlarımızı müdafiə edirik».

Spiker Oqtay Əsədov qeyd edib ki, beynəlxalq təşkilatların hesabatlarında yer alan qeyri-dəqiq məlumatların günahkarlarını ölkə daxilində axtarmaq lazımdır: «Şikayət göndərmək bizə SSRİ-dən miras qalıb. Moskvaya «meşoklar»la şikayət gedirdi, indi də Avropa Şurasına gedir. Bu imicin yaranmasının səbəbkar özümüzük. Daxilimizdə bununla mübarizə aparmalıyıq».

Sonda sualları və deputatların təkliflərini cavablandıran V. Eyvazov bildirib ki, hazırda DİN sistemində 2376 qadın çalışır. O, ailə cinayətləri, qadınların problemlərinin mütəmadi diqqətdə saxlanıldığını deyib, DİN orqanlarında nə qadınlara nə də kişilərə iş məhdudiyyəti olduğunu bildirib.

Nair müavini məcburi əməklə bağlı 2004-cü ildən indiyədək 7 fakt aşkarlanaraq cinayət
işi qaldırıldığını deyib.

Narkotiklərlə bağlı millət vəkili Zahid Orucun qaldırdığı məsələyə münasibət bildirən nazir müavini «Bununla bağlı bizim də narazılığımız var və müvafiq tədbirlər görülür» - deyə qeyd edib.

İnsan orqanları transplantasiyası ilə bağlı Beynəlxalq Universitetdə prokurorluq tərəfindən müvafiq araşdırmalar aparıldığını qeyd edən V. Eyvazov əlavə edib ki, nəticələr barədə istintaq qurtardıqdan sonra məlumat veriləcək.

Sonda hesabat səsə qoyularaq qəbul edilib.


Geri qayıt