Əsas Səhifə > Ölkə, Manşet > KƏMALƏDDİN HEYDƏROV SAKİNLƏRDƏN QAÇDI

KƏMALƏDDİN HEYDƏROV SAKİNLƏRDƏN QAÇDI


15-08-2012, 14:18
KƏMALƏDDİN HEYDƏROV SAKİNLƏRDƏN QAÇDI

FHN ŞEFİNƏ MÜRACİƏT: «5 AY YOX, GƏL 5 GÜN ÇADIRDA YAŞA»

DİA.AZ: - «Zəlzələ bölgəsində məktəblərin tikintisini yəqin ki, tədris ilinin başlanğıcına, yəni sentyabrın 15-dək yekunlaşdıracağıq. Komissiyaların verdiyi ilk rəylər əsasında tikintisinə başlanan fərdi evlərin inşası hesab edirik ki, oktyabrın ortalarına başa çatacaqdır. Sonradan tikintisinə başlanan evlər də eyni sürətlə tikilərək, soyuqlar düşənədək tikilib əhaliyə təhvil veriləcək”.

Qeyd edək ki, bu fikirləri fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala Rayon İcra Hakimiyyətində əlaqədar qurumların nümayəndələri və tikinti təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında bildirib.

Onu da bildirək ki, Zaqatalada müşavirə keçirərək bir sürü vədlər verən Kəmaləddin Heydərov rayonda xoşagəlməz hadisə ilə də rastlaşıb. Bu barədə az sonra…

Xatırladaq ki, bu ilin may ayının 7-də Zaqatalada baş verən güclü yeraltı təkanlar əslində, tək bir bölgəmizin deyil, bütünlükdə olaraq Azərbaycanın bu kimi fəlakətlərə hazırlıqsız olmasını təsdiqlədi.

Xatırladaq ki, zəlzələ nəticəsində 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Amma bir müddət əvvəl zəlzələdən zərər çəkən yerli sakinlər həmin vəsaitin xərclənməsi üzərində nəzarətin olmamasından və çadır həyatından şikayətçi düşmüşdülər və hətta Bakıya yürüş etməyə də hazırlaşırdılar. Lakin Kəmaləddin Heydərov bu məlumatı yaydığımız günün ertəsi helikopterlə Zaqatalaya səfər edərək narazı vətəndaşlarla görüşdü.

Əslində FHN şefinin Zaqatalaya xüsusi diqqət ayırması anlaşılandır. Çünki Kür daşqınlarından zərər görən vətəndaşlara bu qədər qayğı göstərməyən nazirə məxsus «Gilan-İnşaat» hazırda Zaqatalada zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ayrılan 20 milyon manatlıq vəsaiti xərcləməkdədir. Yəni enində-sonunda istənilən bir narazılığın ünvanı elə nazirin özü olacaq.

Zaqataladakı məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən isə belə aydın olur ki, rayon icra hakimiyyətində keçirilən müşavirənin ardından zəlzələdən zərər görmüş kəndlərin - Gözbarax və Mamrux, Güllük kəndlərinin sakinləri FHN şefi ilə görüşməyə cəhd etsələr də, yerli hüquq-mühafizə orqanlarının əməkdaşları buna imkan verməyib.

Amma kənd sakinləri narazılıqlarını DİA.AZ əməkdaşlarına bildiriblər. Sakinlər deyir ki, Kəmaləddin Heydərov onların evlərinin oktyabr ayında hazır olacağını söyləyib: «Biz heç nə demirik. Sadəcə olaraq Kəmaləddin müəllimdən xahiş edirik ki, 5 ay yox, cəmin 5 gün gəlib bizimlə çadırda qalsın və ondan sonra danışsın».

Hər halda, bu sözlərdən yaxşı anlaşılır ki, nədən Zaqatala polisi narazı vətəndaşların nazir yaxınlaşmasının qarşısını alıb.

Geri qayıt