Əsas Səhifə > Ölkə > BƏRDƏNİN KEÇMİŞ BAŞÇISI HARADADIR?

BƏRDƏNİN KEÇMİŞ BAŞÇISI HARADADIR?


16-08-2012, 13:18
BƏRDƏNİN KEÇMİŞ BAŞÇISI HARADADIR?

ELMAN ALLAHVERDİYEVİN SƏSİ UCALARDAN GƏLİR

1949-cu ildə yaradılan və 1992-ci ilədək “Bakıtuneltikinti” adlandırılan idarə keçmiş SSRİ-də strateji müəssisə sayılırdı. Adından da göründüyü kimi bu qurumun işi metro, yeraltı tunellər tikməkdir. Hətta bu müəssisə müxtəlif vaxtlarda atom tədqiqatları məqsədilə nəhəng yeraltı obyektlər də tikib istifadəyə verib. Bu müəssisə heç bir nazirliyə tabe olmayıb, hər zaman birbaşa ölkə başçısının nəzarətində olub.

1992-ci ildən 2000-ci ilədək “Azərtunelmetrotikinti” Dövlət Şirkəti, 2000-ci ildən isə “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti adlandırılan bu qurumun rəhbərliyini dövlət başçısı təyin edir. Bu qurumun 1000-dən artıq işçisi var. Tərkibində layihə institutu, Hərbiləşdirilmiş Xilasetmə Dəstəsi və digər qurumlar fəaliyyət göstərir.

Belə bir dövlət əhəmiyyətli qurumun rəhbərlərindən birinin Bərdənin keçmiş icra başçısı Elman Allahverdiyev olduğunu eşidəndə xeyli təəccübləndik və xırda bir araşdırma apardıq. Araşdırma nəticəsində məlum oldu ki, sabiq başçı 4 ildir ki, SC-nin sədr müavinidir. Ancaq 4 il müddətində 4 dəfə də işdə olmayıb.

Düzdür, Elman müəllimin çox yarlı-yaraşıqlı kabineti var. Amma kabinetin qapısı bağlıdır. Binanın girişində isə göstərilir ki, guya sədr müavini həftənin V günləri saat 16-00 –da qəbul keçirir. Görəsən, bu boyda yalan və bu boyda məsuliyyətsizlik nəyə lazımdır?! Axı, Elman müəllim öz biznesini idarə etmək üçün ilin əksər vaxtını xarici ölkələrdə, əsasən İsraildə olur. Hətta sədr müavini kabinetində olmuş olsa belə, icra başçısı hara, “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyəti hara?

Mövzu ilə bağlı araşdırmamız davam edir. E.Allahverdiyevin “Azərtunelmetrotikinti”dəki fəaliyyəti haqqında yazılarımız olacaq. \ ynp \

Geri qayıt