Əsas Səhifə > Ölkə > ƏSABİL QASIMOV UNUN QİYMƏTİNİ QALDIRIR
ƏSABİL QASIMOV UNUN QİYMƏTİNİ QALDIRIR31-08-2012, 13:48 |
DEPUTATIN ŞİRKƏTİ DÜKANLARA QİYMƏT DİQTƏ EDİR Son bir neçə gündə Azərbaycanda taxılın və unun qiyməti bahalaşıb. Rəsmi şəkildə təsdiqlənən bu məlumat artıq özəl şirkətlərin də qiymət artırmasına səbəb olub. Belə ki, İmişli rayonundan deputat seçilmiş Əsabil Qasımovun rəhbərlik etdiyi «Karat» şirkətinin istehsalı olan «Karmen» unları da bahalaşıb. Bu məhsulların satışı ilə məşğul olan bir neçə mağazada apardığımız sorğudan məlum oldu ki, «Karmen» unlarının 50 kiloqramlıq kisəsi əvvəllər 18-18 manat 50 qəpiyə satılırdısa, indii satış 20 manatdır. Çünki həmin kisələri «Karat» firmasından topdansatış qiymətlə 19 manata alırlar. Satıcıların sözlərinə görə, artıq 30-35 qəpiyə satılan buğdanın da qiyməti 40 qəpik olub. «Karat»ın istehsalı olan unun bahalaşması şirkətə rəhbərlik edən deputat Əsabil Qasımovu bərk hiddətləndirib. Satıcılardan aldığımız məlumata görə, iki gün öncə millət vəkili Ə.Qasımov «Karat» firmasına gələrək oradan toptansatış qiymətlə un alan sahibkarlarla görüşüb. Deputat, vəziyyətdən çıxmaq üçün unikal bir təklif də irəli sürüb. O, sahibkarlardan xahiş edib ki, «Karat» firmasından 19 manata aldıqları «Karmen» un kisəsini 20 manata satmasınlar: «O bizdən tələb edir ki, malı baha satırsınız, alver getmir. Axı necə ola bilər ki, özləri malın üstünə istədikləri qiyməti qoyur, amma bizə irad tutur ki, bir kisənin üstünə 1 manat pul qoyub satmaq düzgün deyil. Əsabil Qasımov bizə deyir ki, hələlik, hər kisənin üstünə 20-30 qəpik qoyub satın, sonrasına baxarıq. Amma inanın ki, bu, bizə sərf eləmir. Mağaza icarəyə götürülüb, üstəlik, «Karat»dan mal alanda fəhlə 20-30 qəpiyə malı maşina yükləmir ki, azdır. O zaman biz nə etməliyik? Öz cibimizdən xərcləməliyik? Deputatın iradı haqlı deyil». Yeri gəlmişkən, satıcıların başqa bir narazılığı da var. Onların sözlərinə görə, «Karat»un və un məhsullarının çəkisi son bir neçə ay ərzində azalıb. Belə ki, 50 kiloqramlıq un kisəsini tərəzidə çəkdikdə 49 və ya 48,5 kiloqram gəlir. 20 kiloqramlıq un və kəpək kisələrində də eyni hal müşahidə olunur. Satıcılar bildirir ki, bu vəziyyət alıcılar tərəfindən narazılıqla qarşılanır: «Biz alıcını qınamırıq. Alıcı deyir ki, kisənin üzərinə yazılıb, 50 kq. Amma tərəzidə çəkəndə 1 kiloqramdan çox əskik gəlir. Onda da malı alan olmur. Biz bu barədə dəfələrlə «Kapat» firmasına iradımızı bildirmişik. Amma eşidən yoxdur». Yeri gəlmişkən, «Karat» firması ilə bağlı şikayətlər bir neçə aydır ki, artıb. İki ay bundan öncə Milli Məclisin iclaslarının birində əməkdaşımız parlamentin foyesində deputat Əsabil Qasımova yaxınlaşaraq yuxarıda deyilənlərə münasibət öyrənmək istəyib. Lakin millət vəkili jurnalistə qarşı kobud ifadələr işlətməklə yanaşı, «Karat» firmasının ona məxsus olmadığını bildirib: «Gedin işinizlə məşğul olun. Bu şirkətin rəhbəri başqa adamdır». Maraqlıdır, görəsən, şirkətin rəhbəri başqa adamdırsa, nə üçün deputat Əsabil Qasımov «Karat»dan mal alan sahibkarlarla görüşüb onlara qiymət artımı ilə bağlı irad tutub təklif verir? \ günxeber.com \ Geri qayıt |