Əsas Səhifə > Ölkə > "SEÇKİLƏR GƏRGİN KEÇƏCƏK"
"SEÇKİLƏR GƏRGİN KEÇƏCƏK"5-09-2012, 15:09 |
İSA QƏMBƏR VƏ ƏLİ KƏRİMLİ BİR-BİRİNƏ GÜZƏŞTƏ GEDƏCƏKMİ? Növbəti prezident seçkilərinə bir ildən bir qədər artıq vaxt qalır. Qələbə əldə etmək üçün hər iki düşərgə - istər müxalifət, istərsə də iqtidar tərəf seçkilərə hazırlaşır. Hakim partiyada hazırlığın səviyyəsi həqiqətdə olduğundan xeyli zəif görünsə də, əks cəbhənin hazırlığı kifayət qədər səs-küylüdür. Hətta xeyli siyasi partiyanın cəmləşdiyi İctimai Palatada (İP) yekdil rəy ortaya qoyulub ki, heç bir mühüm ictimai-siyasi məsələ, o cümlədən 2013-cü il prezident seçkiləri ilə bağlı məsələlər İP-in mövqeyi nəzərə alınmadan həll edilə bilməz. Amma təcrübə göstərib ki, həmin düşərgə yaratdığı birliyi sona qədər qoruyub saxlaya bilməyiblər. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) funksioneri Əli Orucovla söhbətimiz də istiqamətdədir. - Əli bəy, ölkədəki mövcud ictimai-siyasi durumun və bir sıra beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Azərbaycan hakimiyyətinə münasibəti fonunda 2013-cü il prezident seçkiləri necə görünür? - Fikrimcə, 2013-cü il prezident seçkiləri çox gərgin şəraitdə keçəcək. Nəzərə almaq lazımdır ki, seçkilərə müxalifət də ciddi hazırlaşır, beynəlxalq təşkilatların da dtqqəti Azərbaycana və bütövlükdə Cənubi Qafqaza yönəlib. Müxalifət və hakimiyyətdən əlavə cəmiyyətin özündə də müəyyən qüvvələr var ki, seçkilərə hazırlıq görürlər. Yəni bu baxımdan seçkilərin gərgin keçəcəyini bəri başdan söyləmək olar. Hesab edirəm ki, mövcud qanunvericilik və seçki komissiyalarının tərkibi seçkilərin saxtalaşdırılmasına geniş imkan yaradır. Bu isə təbii ki, seçkilərin demokratik nəticələri ilə bağlı pessimist fikir söyləməyə əsas verir. Yeri gəlmişkən, AMİP də həmişə seçkilərdə iştirak ed. Siyasi sistemdəki dəyişiklikləri də elə həmin seçkilərdə görmüşük. Amma partiyanın seçkilərə hansı formatda və kimin namizədliyi ilə qatılacağı dəqiq deyil. Bunlar tam dəqiqləşməlidir. Əsas məsələ isə 2013-cü il seçkilərinə qədər ölkədəki seçki mühitini, seçki qanunvericiliyini, seçkilərə münasibəti dəyişməkdən ibarətdir. Əgər müxalifət bu məsələlərin həllinə nail ola bilsə, o zaman uğurlarımızın əsasını qoymuş olarıq. - Müxalifət hər seçki dönəmində yeni birlik formaları yaratsa da, həmişə həlledici məqamlarda haçalanıb. Bu baxımdan İctimai Palatanın gələcəyini necə görürsünüz? - Biz çalışdıq ki, müxalifət bundan əvvəlki parlament seçkilərinə də vahid komanda və platforma ilə getsin. Amma əfsuslar olsun ki, alınmadı. İndi yenə də həmin ideyanın üzərində işləyirik. Bir sıra partiyalar demokratik qüvvələrin məşvərət məclisinin yaradılması ilə bağlı fikir irəli sürdülər. Artıq onun əsasnamə, nizamnamə və strukturlarının formalaşdırılması üzərində ciddi iş gedir. Ancaq Azərbaycanda müxalifət spesipik və çoxşaxəlidir. Həm ideoloji baxımdan, həm yönümündən, həm hökumətə münasibətindən, həm də maliyyə asılılığı baxımından müxalifət partiyaları çoxşaxəli olduğundan bütün siyasi qüvvələri bir araya gətirmək mümkün deyil. Ona görə də çalışmaq lazımdır ki, seçki mühiti demokratik bir mənzərəyə yönəlsin. Digər tərəfdən, seçkilərdə namizədlərin sayı minimum olsun, səslər parçalanmasın. O ki qaldı İctimai Palataya, bu qurum cəmiyyətin güc formalaşdıran bir hissəsidir. Amma bütün müxalif qüvvələri təmsil etmir. Yaxşı olardı ki, ayrı-ayrı təmərküzləşən qüvvələr arasında yaxın münasibətlər qurulsun. Onlar bir-birilərinə alternativ missiya yerinə yetirməsin. Belə olarsa müəyyən məsələlərdə uğur əldə etmək mümkündür. Bu, gələcəkdə seçki saxtakarlığının qarşısının alınmasına stimul verərdi. Amma İctimai Palatanın seçkilərdə vahid namizədlə iştirak məsələsi müəmmalı olaraq qalır. İstər İsa Qəmbərin, istərsə də Əli Kərimlinin bir-birilərinə güzəştə getmələri o qədər də real görünmür. - Seçki komissiyalarının tərkibi məsələsi də həmişə mübahisə doğurub. Müxalifətin bir qanadı komissiyada digərindən daha çox təmsil edilməli olduğunu bildirir. Belə iddialar necə, müxalifətin parçalanmasında rol oynayırmı? - Əvvəla, komissiyalarda müxalifətin iştirakı vacibdir. Seçki Məcəlləsində qeyd olunur ki, yerlər parlamentdə təmsil olunan partiyalar arasında bölünməlidir. Amma bu da mübahisəlidir. Çünki seçkilər açıq və şəffaf keçirilmədiyindən, müxalifətin parlamentdə hansı formada təmsilçiliyi də mübahisə doğurur. Yəni bu əsasa görə seçki komissiyalarında təmsil olunmaq ədalətsizlikdir. Bəlkə də onların 80-90 faizinin bütün komissiyaları əhatə etmək gücləri yoxdur. Sadəcə olaraq hökumət dairələri belələrini müxtəlif adlar altında parlamentdə yerləşdirirlər ki, nəzarətdə saxlaya bilsinlər. Amma əsas müxalif qüvvələr seçki komissiyalarından kənarda qalıblar. Müxalifətin iddiaları ilə yanaşı bu faktor tda seçkilərə ciddi təsir göstərir. Geri qayıt |