Əsas Səhifə > Cəmiyyət > İCRA BAŞÇISI BƏRDƏNİ MƏHV EDİR

İCRA BAŞÇISI BƏRDƏNİ MƏHV EDİR


30-10-2011, 20:26
İCRA BAŞÇISI BƏRDƏNİ MƏHV EDİR

ZİYALILAR BƏRDƏNİ TƏRK ETMƏK İSTƏYİRLƏR

Bərdənin Mirzalıbəyli kəndində yaşayan Qarabağ müharibəsi veteranı, YAP-in təəssüfkeşi Fətəliyev Cəmil Fətəli oğlu və onun 6 nəfərlik ailə üzvü, həmçinin 20-yə yaxın rayon sakini ərizə ilə ölkə Prezidentinə müraciət edərək kömək istəyirlər. Söhbət Bərdə RİH başçısı Vidadi İsayevin və onun ətrafına yığılmış yaxın qohum-əqrabasının rayon ziyalılarına etdiyi zülmdən gedir. Şikayətçilər yazırlar:

- Hörmətli cənab Prezident!

Son 2 il 10 ay ərzində müxtəlif tarixlərdə yazmış olduğumuz 231 şikayət ərizəmizə Prezident Administrasiyasından və aidiyyəti dövlət qurumlarından heç bir müsbət cavab yoxdur. Bərdə rayonunun icra başçısı Vidadi İsayev bizim övladlarımızı incidir, iş və icarəyə torpaq vermək əvəzinə, cənab Prezident, Sizə yazmış olduğumuz şikayət ərizəsini bəhanə edərək, buna acıqlanaraq bizi təqib etdirir, yoxlatdırır, tutdurmaqla hədələtdirir.

Hörmətli Prezident!

Biz Sizin verdiyiniz hər bir qərar və sərəncamlarınızı bəyənirik, eyni zamanda dəstəkləyirik. Bu qərarlar və sərəncamların hamısı bizim rifah halımızın yaxşılaşdırılması üçündür. Bunların içərisində Sizin vətəndaşların ərizə və şikayətlərinə baxılması haqqında verdiyiniz məlum fərmanınızdır.

Təkcə mən - Fətəliyev Cəmil Fətəli oğlu 1988-ci ildən 1993-cü ilə kimi döyüş bölgələrində ermənilərə qarşı döyüşmüşəm, Qarabağ veteranıyam, əliləm. Mənim 8 nəfərlik ailə üzvüm var. Oğlum ali təhsilli iqtisadçıdır. Həyat yoldaşımın da ixtisası mühasibdir. Onlara da dəfələrlə iş istəmişik, lakin ixtisasına uyğun iş verməyiblər. Onlar mənim aldığım təqaüdə gözlərini tikiblər. Aldığım təqaüd isə özümlə yoldaşımın həkiminin və dərmanlarının pulunu ödəmir. Biz işləmək üçün Bərdə rayon İcra hakimiyyətində dəfələrlə olmuşuq və iş istəmişik. Hətta bu illər ərzində 30-35 dövlət idarələrində boş iş yerinin olmasını Vidadi İsayevə və onun köməkçisi İsgəndər müəllimə demişəm. Amma Vidadi İsayev özü ilə Tərtərdən gətirdiyi bütün qohum-əqrabalarına iş düzəldib, amma biz Bərdə ziyalılarına-ali təhsillilərə iş vermir. Deyir ki, gedin, Prezident Sizə iş versin, iş yerini Prezident açdırır... Hətta deyir ki, başqa rayonlara pul ayrılanda, Bərdə unudulur, pul vermirlər, mən cibimin pulu ilə sizə iş yeri açacağam???

Qeyd edək ki, bu sensasiya doğuracaq ərizəni 20 nəfər Bərdə ziyalı sakini imzalayıb, onların şəxsiyyət vəsiqəsinin nömrəsi, telefonları bu ərizədə öz əksini tapıb.


Geri qayıt