Əsas Səhifə > Üst manşet, Güney Press > 51 ilin neftçisinin HAQQI YEYİLİB

51 ilin neftçisinin HAQQI YEYİLİB


Bu gün, 08:32
51 ilin neftçisinin HAQQI YEYİLİB
Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, ev 32 ünvanında yaşayan Əliyev Məmməd Mirəli oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:

“Cənab Prezident!

Mən, Əliyev Məmməd Mirəli oğlu, bildirirəm ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ, SOCAR) keçmiş rəhbəri Rövnəq Abdullayev 2006-cı ildə Balaxanı, Binəqədi, Suraxanı kəndlərində neft yataqlarını icarəyə verdi. Beləliklə, uzun illər mənzil növbəsində olan neftçilər növbədə qaldılar. Əslində isə, onlar neftçiləri mənzillə təmin edib, sonra həmin əraziləri icarəyə verməli idilər. Neftçilərə qarşı haqsızlıq olundu. Bu günə kimi də məsələ öz həllini tapmır. Bütün bunlar ARDNŞ-in keçmiş prezidenti Rövnəq Abdullayevin və vitse-prezident Bədəl Bədəlovun günahıdır.

1957-ci ildən 2008-ci ilədək keçmiş Suraxanı Neft-qazçıxarma İdarəsinin, indiki “Suraxanı OİL” şirkətinin 1 nömrəli mədənində operator işləmişəm. Evimiz yararsız olduğuna görə, 2005-ci ildən mənzil növbəsindəyik. Məsələ ilə bağlı dəfələrlə Sizə və Mehriban xanıma teleqram vurmuşam. Lakin, bilirəm ki, məktubumun Sizə çatmasına mane olublar.

SOCAR şirkətinin rəhbərliyinə də şikayətimizi bildirmişik. Cavab olaraq bildiriblər ki, “Suraxanı OİL” şirkəti SOCAR-ın strukturuna daxil olan təşkilatların siyahısından çıxarılıb. Əlavə edirlər ki, siz “Azneft”in (ARDNŞ) vaxtında işləmisiniz, indi adını dəyişib SOCAR ediblər. Halbuki, hər ikisi eyni idarədir. Deyirlər ki, “Suraxanı OİL” şirkətinin pay bölgüsü var”. Mənzil məsələsində nə vaxtdan pay bölgüsü olur?!

Biz neftçilər, “Suraxanı NQÇ”-nin vaxtında növbəyə durmuşuq. Həmin vaxt bu idarə ARDNŞ-in tabeliyində idi. Biz bu qurumun adı dəyişdikdən sonra mənzil növbəsinə durmamışıq, axı!

Cənab Prezident!

“Suraxanı OİL” şirkəti 2006-cı ildə yaradılıb, ona görə, biz belə düşünürük ki, bu məsələni SOCAR həll etməlidir. Bizim burada günahımız yoxdur. Yaşadığımız ev 1931-ci ildə tikilib, yaşanılası vəziyyətdə deyil, qəzaldır.

Hazırda 85 yaşım var, 51 ilin neftçisi, əmək veteranıyam.

Rövnəq Abdullayev ARDNŞ-in prezidenti olanda, 2018-ci ildə Qaraçuxurda “Aura” şadlıq sarayının yanındakı yaşayış binasının açılışını etdilər. Bu açılışda vitse-prezident Bədəl Bədəlov, kadrlar üzrə vitse-prezident Xalıq Məmmədov, yaşayış şöbəsinin rəisi Arzuman Quliyev iştırak edirdilər. Həmin mənzillər Suraxanı neftçilərinə verilməli idi, lakin başqa vətəndaşlara verildi.

Cənab Prezident!

Xahiş edirəm ki, sizə müraciət edən 85 yaşlı vətəndaşın şikayətini cavabsız qoymayasınız”.

Geri qayıt