Dünən Xocalı faciəsinin 25-ci ildönümü idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Azərbaycanın Xocalı şəhəri yerlə yeksan edilib.
DİA.AZ xəbər verir ki, layihə və ssenari müəllifi tanınmış istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev və tanınmış azərbaycanlı model Günel Ağayeva da bu soyqırıma biganə qalmayıb. Model onunla birgə "Vətən - Anadır" foto layihəsini həyata keçirib. Əyninə əsgər geyimi, üzünə azərbaycan və türkiyə bayrağlarını çəkən model, peşəkar fotoqraf Elşən Arifin kamerasının qarşısında cəsur azərbaycanlı qızı obrazını yaratmağa müvəffəq olub. G. Ağayeva bu dərdin xalqımızla birgə böyüdüyünü bildirib:
"Düz 25 ildir ki, ürəyimiz qan ağlayır. Xocalısız qalan hər bir azərbaycanlı kimi mən də bəşəriyyətə sığmayan bu faciəni törədənləri lənətləyirəm. Hər birimiz günahsız axan insan qanının yerdə qalmayacağına inanırıq. İlk dəfədir ki, vətənpərvərlik mövzusunda yaradıcı işimi gerçəkləşdirdim. Düşünürəm ki, tam istədiyim obrazı yaratmağın öhdəsindən məharətlə gəldim. Maksimum çalışdım ki, fotolarda vətənpərvərliyimi nümayiş etdirim".
Qeyd edək ki, saç və makiyaj model Günel Ağayevanın üzərində tanınmış stilist və vizajist Günel Ağacanova çalışıb.