"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
"İsa Həbibbəyli, yüz minlərlə mənasız xərclər edib dövlətə olmazın ziyanlarını vurursunuz. Hətta akademiyada təmtəraqlı dost yubileyləri kecirirsiniz. Olmazdımı, yataqxananın tam şəraitsiz bir daxmasına sıxışdırdığınız İ.Abbasova 55 illiyi ad edib cüzi köməklik edəsiniz?! Gözünüzün doyduğu gün olacaqmı?!" "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru İdris Abbasov ifadə edib.
O daha sonra davam edir: "Dostlarınızla əlbir olub dövlətə, elmə faydası olan insanları sıxışdırmaqla yalnız dünya malı qazana bilərsiniz, hərçənd ki, pul töküb özünüzü qayğıkeş elm adamı kimi reklam edirsiniz. Bir millətin vəzifələrlə süstlənmiş elm adamı belə daşürək, laqeyd və məsuliyyətsiz olmur. Əlinizə fürsət düşüb. Bəli, siz vəzifəni özünəxidmət fürsəti, kef-damaq kimi dərk edirsiniz. Yubileylərinizi keçirin, qaz vurun, qazan doldurun, sərvət yığın! Sizin, uşaqlarınızın və nəvə-nəticələrinizin yaşadığı həyatın yüzdə birini yaşamaq haqqımız yoxdurmu?! Haqlarımızı qamarladıqca qamarlamısınız... Allah sizi hidayət etsin! Unutmayın ki, tarix sizi əfv etməyəcək!
***
Ya real, ya da virtual həyatda dürüstlüyünə inanıb yaxınlıq etmək istədiyin insanların ikiüzlülüyünü, qeyri-səmimiliyini görəndə sarsıntı keçirirsən. Milli qeyrətdən, vətənpərvərlikdən dəm vurur, haqsızlığı pisləyir və s. Professordur. Deyir ki, gəncliyini Vətənə həsr edib, millətin dərdini çəkmək üçün siyasətə qoşulub. Onu millətin qeyrətini çəkən namuslu, vicdanlı adam bilib dərdləşmək istəyirsən, dərhal iç üzü açılır və dərdin ikiqat artır: "Ə, qardaş, sənin yaxşı pul qazanmaq imkanın var e. Vəzifədə olubsan, indi 10 ildir AMEA-da ən yeməli bir şöbənin müdirisən. Hər müzakirədən azı 5 min götürə bilərsən. Qaldı da ki, hər doktorluq dissertasiyasından 20-30 min qazanmaq əlindədir. Elə bir az da günah özündədir. Dissertantı vahiməyə sal, al, redaktə bəhanəsi ilə al, müsbət rəy yaz, al, vasitəçilik et, al, aldat, al... Hərə bir tətəfdən sökür, sən də özünə gün ağla da..." Bəli, millətdən, Vətəndən, düzlükdən, ədalətdən danışan bu idbar varlıqların at oynatdığı cəmiyyətdə necə sarsılmayasan?! İnanın ki, sovet dövrünün son 30 ili ilə müqayisədə "millətçi", "türkçü", "dürstçü", "vətənçi", "azərbaycancı", "haqçı", "ədalətçi" adları altında milli keyfiyyətlərimiz bu dərəcədə gəmiricilərin hədəfinə çevrilməmişdir. "Kim daha çox haqdan, düzlükdən, Vətəndən, dövlətdən, sədaqətdən danışıb millətin anasını ağlada bilər?!" rəqabətinə giriblər. Biri özünə müxalifətçi, biri iqtidarçı, biri qeheteçi, biri haqq müdafiəçisi, biri zınqırovçu və sair və ilaxır deyən nə qədər moşenniklər peyda olub. Çoxpartiyalılıq adlı nəsnə nadürüstlüyün simvoluna çevrilib. Xalqın haqqını ye, dövlət maraqlarına tüpür, korrupsioner ol, oğurluğa, rüşvətə, fırıldağa qurşan, istəyirsən, lap quldur ol. Yetər ki, hansısa bir partiyanın marağına "hə" de, səni haqq carçısı, millət fədaisi kimi təbliğ edəcək, qəhrəmana çevirəcək, üstəlik HAQQ VƏ ƏDALƏT PARTİYASI yaradıb oraya sədr də "seçəcəklər". Adam bu qəbih mənzərəni görəndə qışqırıb demək istəyir ki, mənə belə ləyaqətsiz, urvatsız və vicdansız, bizi xalq və ya millət olaraq parçalayıb köləyə çevirən demokratiya, yaxud demokratiyanın təqlidi lazım deyil. Qanunun diktaturası yetər!"
|