Əsas Səhifə > Şou-biznes > Uşaqların maestrosu

Uşaqların maestrosu


7-11-2019, 12:19
Uşaqların maestrosu
"Oyun oyuncaqlarım”, "Qurban olum”, "Olmasın”, "Quşlar”, "Mübarək”, "Tonqal” və digər mahnıları "Bənövşə” uşaq xorunun ifasında səslənəndə istər-istəməz bəstəkarının Əfsər Cavanşirov olduğunu xatırlayırsan. Bizi uşaqlıq illərimizə qaytaran, şirin-şirin ovudan mahnılar bu gün də oxunanda qəlbimizdən bir nisgil keçir. Bəli, böyük bir nəsil məhz bu mahnıları eşidərək, zümzümə edərək böyüyüb. Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Əfsər Cavanşirovun yazdığı həmin mahnılar bu gün də radio dalğalarından, efirdən səslənir və dinləyicilərinə xoş ovqat bəxş edir.

Görkəmli bəstəkar Füzuli rayonunun Horadiz kəndində doğulub. O, Qarabağın adlı-sanlı Cavanşirlər nəslindən idi. Erkən yaşlarından valideynlərini itirən Əfsər xalası Zərəfşan xanımın himayəsi altında böyüyüb. Həyatın çətinliyi, valideynlərinin itkisindən doğan ağırlıq onu yaşından erkən böyüdüb. 1948-ci ildə orta məktəbi və 2 saylı uşaq musiqi məktəbini bitirib. Musiqi sənətinə olan sevgisi və istedadı onu elə bu sənətin yolçusu olmağa yönləndirib. Bakı Musiqi Texnikumuna daxil olub. 1952-ci ildə texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə qəbul olub. Professor Cövdət Hacıyevin sinfində oxuması onun gələcəkdə istedadlı bəstəkar kimi yetişməsində rol oynayıb. Gənc bəstəkar elə Konservatoriyanı bitirən il Dövlət Teleradio Verilişləri şirkətinin "Bənövşə” uşaq xorunun və rəqs ansamblının bədii rəhbəri təyin olunur.

Sərbəst yaradıcılıq yoluna qədəm qoyduqdan sonra Əfsər Cavanşirov həm iri həcmli, həm də miniatür janrlarda əsərlər yazıb. Bəstəkarın yaradıcılığında əsasən simfonik musiqi janrı yer alıb. O, 7 simfoniya, pоеmalar, akakapеlla xоru və uşaq xoru üçün əsərlər, simli kvartet, romanslar, xor əsərləri və s. yazıb. Xüsusən bəstəkarın «Ən əziz ad» vokal simfonik poeması, «Gəncliyin səsi» kantatası, xalq çalğı alətləri orkestri üçün «Azərbaycan Vətənim mənim» uvertürası dinləyicilərin rəğbətini qazanıb.

Uzun illər Dövlət Tеlеradiо Verilişləri Şirkətinin "Bənövşə” uşaq xоrunun və rəqs ansamblının bədii rəhbəri olan bəstəkar böyük bir musiqiçi nəslinin yetişməsində rol oynayıb.

"Bənövşə”

1958-ci ildə Azərbaycan Dövlət Televiziya və Radiosunun nəzdində yaradılan «Bənövşə» uşaq xoru məhz Əfsər Cavanşirovun adı ilə bağlıdır. "Bənövşə” Uşaq Xorunun yaranmasının maraqlı tarixçəsi var. Belə ki, Azərbaycan Dövlət Televiziyasının sədri Teymur Elçin bəstəkarı çağıraraq, televiziyanın nəzdində uşaq xoru yaratmağı təklif edir. Ə.Cavanşirov razılıq verdikdən sonra 1958-ci il sentyabr ayının 15-də Azərbaycan Dövlət Televiziyasının nəzdində "Bənövşə” Uşaq Xoru yaradılır. Xorun ilk bədii rəhbəri Əfsər Cavanşirov olur. "Bənövşə” Uşaq Xorunun yaranmasının əsas səbəblərindən biri bu idi ki, bəstəkarlar böyük əsərlər yazmaqla bərabər, uşaqlar üçün də mahnı yazsınlar. Təbii ki, bu mahnıları ifa edə biləcək bir kollektiv də lazım idi. Bununla da ”Bənövşə” Uşaq Xoru yaradılır. Artıq bir çox bəstəkarların yazdığı uşaq mahnıları bu kollektivin ifasında səslənirdi.

50 ildən artıq müddət ərzində bəstəkarın rəhbərlik etdiyi bu xor kollektivində bir neçə nəsil formalaşıb. Azərbaycan dinləyicilərinin böyük məhəbbətini qazanmış «Bənövşə» Uşaq Xorunda müxtəlif illərdə xalq artistləri Xuraman Qasımova, Flora Kərimova, Mələkxanım Əyyubova, Əməkdar artistlər Firuzə İbadova, Azərin, Zülfiyyə Xanbabayeva kimi neçə-neçə istedadlı vokalçı və xanəndə yetişib. Məhz buna görə də Əfsər müəllimi elə gəncliyindən "uşaqların maestrosu” adlandırırdılar.

Ə.Cavanşirov 1982-ci ildə respublikanın Əməkdar Mədəniyyət İşçisi və "Qabaqcıl maarif xadimi” fəxri adlarına layiq görülüb.

Bir çox bəstəkarların da mahnıları var ki, ilk dəfə məhz "Bənövşə” Uşaq Xorunun ifasında səslənərək "yaşamaq” hüququ qazanıblar. Məsələn, uşaqların da, böyüklərin də sevə-sevə dinlədiyi "Yeni il gəldi” mahnısı.

Mahnının yaranmasının maraqlı tarixşəsi var: 1960-cı ildə, Yeni il şənliyi ərəfəsində Azərbaycan Dövlət Televiziya və Radiosunun təzə yaranmış "Bənövşə” uşaq xoru üçün bəstəkar Musa Mirzəyev sözləri Hikmət Ziyaya məxsus olan "Yeni il gəldi” adlı mahnı bəstələyir. Mahnı uzun müddət Bədii Şuradan keçə bilmir. Nəhayət, bir neçə il keçdikdən sonra mahnı Bədii Şura tərəfindən təsdiqlənir və uşaq xoruna ifa edilməsi üçün icazə verilir. Elə ilk səslənmədən öz melodikliyi, uşaq ruhuna yaxınlığı ilə digər mahnılardan seçilir. Yalnız 1965-ci ildə "Bənövşə” uşaq xoru və solist Gülnarə Həşimovanın ifasında mahnı lentə alınır və o videoyazı bu günə kimi Azərbaycan Televiziyasının "Qızıl fond”unda qorunur.

Vaxtilə "Bənövşə” uşaq xorunda oxuyan və bu gün tanınmış simalar var ki, onların bir çoxu bu mahının ifaçıları olmaq imkanı qazanıblar. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, Əməkdar artist Şəfəq Əliyeva, Əməkdar artist Firuzə İbadova, Xalq artisti Azərin və estrada müğənnisi Elnarə bu mahnını sevə-sevə ifa edərək öz repertuarlarında yaşadırlar. Hazırda Yeni il şənliklərində bu mahnı əsas musiqilərdən biri kimi səsləndirilir.

Xor üçün mahnılar

Əfsər Cavanşirov vəfat etdikdən sonra - 2006-cı ildə tanınmış müğənni Mübariz Tağıyevin təqdimatı ilə "Bənövşə” Uşaq Xoruna Zülfiyyə İbrahimova bədii rəhbər seçilir.

Zülfiyyə İbrahimova həyatını "Bənövşə” ilə bağlayan illəri belə xatırlayır: "Mən 2000-ci ildə "Bənövşə” Uşaq Xorunda köməkçi xormeyster kimi işə başladım. Əfsər müəllim məni evinə dəvət edərək, ritmik xüsusiyyətimi

yoxlayıb, dirijorluq bacarığımı nəzərdən keçirdi. O, məni bir ay ərzində kollektivə götürməli idi. Ancaq elə ilk dərsdən qəbul etdi. Məşqin sonunda mənə "sənədlərini hazırla” dedi. Əsas o idi ki, Əfsər müəllim dirijorluq istedadına baxmırdı. Əlbəttə, musiqiçi olmağın, musiqini duymağın kollektiv üçün şərt idi. Amma "Bənövşə” Uşaq Xorunda uşaqları sevməyin mütləq idi. Çünki Əfsər müəllim özü də uşaqları çox sevirdi.

O, hər hansı bir əsəri işləməzdən əvvəl uşaqlarla ünsiyyət qururdu, onlarla əsər haqqında danışırdı. Hər bir xırdalıqların üzərində işlədikdən sonra əsəri başa salırdı.

Məşq zamanı yaxşı oxuyan uşaqlara həmişə konfet paylayırdı. Onları bir-bir çağırır, «sən bu gün yaxşı oxudun, solonu yaxşı ifa etdin»- deyə onları «mükafatlandırırdı». Ümumiyyətlə, o, uşaqlara çox həssas yanaşırdı. Deyirdi ki, uşaqları incitmək olmaz. Düz oxumasalar da, onlara həssas yanaşmaq lazımdır. Qoy inciməsin, növbəti dərsə də həvəslə gəlsin”. Z.İbrahimova da Əfsər müəllimin yolunu eyni ilə davam etdirdiyini deyir: "Mən Əfsər müəllimlə 5 il – 2000-ci ildən 2005-ci ilə qədər işlədim. O, uşaqların səs diapazonunu gözəl bilir və onlar üçün mahnılar yazırdı. Bunu hər bəstəkar bacarmır. Bəzən uşaqlar üçün elə əsərlər yazırlar ki, onların səsi zildə və ya bəmdə aydın eşidilmir. Ancaq Əfsər müəllim bu baxımdan çox həssas idi. "Bənövşə” Uşaq Xorunda bir çox istedadlı insanlar, gözəl müğənnilər, müəllimlər, bəstəkarlar yetişdi. Bəlkə də gələcəklərini musiqi ilə davam etdirməsələr belə, "Bənövşə” Uşaq Xoru mənəvi qida kimi onların həyatında böyük bir rol oynadı. Amma onların əksəriyyəti bu gün ölkəmizin tanınmış musiqiçiləri, müğənniləridir”.

Z.İbrahimova deyir ki, Ə.Cavanşirovla birlikdə çalışdığı illər ərzində "Bənövşə” Uşaq Xorunda sənətin bütün incəliklərini öyrənib: "Nəzəriyyəni bilsəm də, praktika mənə daha çox kömək edirdi. Fikrimcə, Əfsər müəllim Azərbaycanda uşaqlar üçün çoxsəsliliyi gözəl duyan və səs diapazonlarına uyğun olaraq yazan bəstəkar idi. Əfsər müəllimin yazdığı bütün əsərlər tam xor üçündür. O əsərləri elə bir vəziyyətdə yazırdı ki, musiqini çoxsəsli ifa edərkən, heç bir səs bir-birinə mane olmurdu və hər bir səsin öz melodik həddi var idi.

Bəzi bəstəkarlar çox qəliz yazırlar və uşaqlar mahnını ifa edərkən çətinlik çəkirlər. Amma Əfsər müəllimin üçsəsli əsərində üç səsin hər birinin öz melodik həddi var idi. Ona görə uşaqlar da o mahnını ifa edərkən heç bir çətinlik çəkmirdilər”.

Z.İbrahimova ustadının əməyini yüksək dəyərləndirərək qeyd edir ki, Əfsər müəllim uşaq musiqilərinin yaranmasında böyük işlər görüb: "Heç bir kollektiv bu qədər ömür sürməyib. Elə kollektivlər var ki, yaranır və bir müddət sonra dağılır. Bunun səbəb maddi çətinliklə bərabər, peşkarlığın olmamasıdır. Amma "Bənövşə" Uşaq Xorunun bu günə qədər fəaliyyət göstərməyinin əsas səbəbi həm dövlətin dəstəyi, həm də Azərbaycan Dövlət Televiziyasının nəzdində olmasıdır. Çünki, heç bir kanalda uzun müddət fəaliyyət göstərən uşaq kollektivi yoxdur.

Z.İbrahimova söyləyir ki, görkəmli bəstəkarın bir çox tələbələri hazırda səhnəmizin xalq və ya əməkdar artistləridir: "Mən bu gün də Əfsər müəllimin əsərlərini uşaqlarla işləyirəm. Hərdən məndən soruşurlar ki, niyə məhz Əfsər müəllimin əsərləri ilə işləyirsən? «Mən təkcə Əfsər müəllimin əsərləri ilə yox, bütün bəstəkarların əsərləri ilə işləyirəm, ancaq Əfsər müəllimin əsərləri daha çox uşaqların səslərinə uyğun olaraq yazılıb. Ona görə də uşaqlar bu mahnıları rahatlıqla oxuyurlar”- deyə cavab verirəm”.

"Bənövşə” Uşaq Xoru bu gün də fəaliyyətini uğurla davam etdirir. Yenə onu yaradan bəstəkarın ruhuna, xatirəsinə sadiq qalaraq gələcəyin istedadlı musiqiçilərini, müğənnilərini yetişdirir.
//kaspi.az//
Geri qayıt