Əsas Səhifə > Şou-biznes > "Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir"
"Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir"3-10-2020, 08:24 |
Sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun əks hücum əməliyyatları uğurla davam edir. Bu günə qədər ordumuz tərəfindən düşmənin yüzlərlə texnikası məhv edilib. Şəhidlərimiz olsa da, ölkədə böyük qələbə əhval-ruhiyyəsi, sevinci yaşanır. Hər kəs Azərbaycanın ərazi bütövlüyünün tezliklə təmin olunacağına, müqəddəs torpaqlara yenidən qayıda biləcəyinə inanır. Məsələ ilə bağlı “Yeni Müsavat” məşhur musiqiçilərin əhval-ruhiyyəsini, bu günlərlə bağlı rəylərini öyrənməyə çalışıb. Xalq artisti, ifaçı İlqar Muradov Azərbaycan Ordusunun rəşadətindən qürur duyduğunu bildirdi: “Sentyabrın 27-də Azərbaycan Ordusunun əks hücumu, əzmkarlıq göstərməsi, illərlə işğal altında olan kəndləri, zirvəlikləri azad etməsi hər birimizdə böyük sevinc və ümidlər yaradıb. Biz inanırıq ki, o torpaqlara yenidən qayıdacağıq. Ermənilər də başa düşməlidirlər ki, artıq torpaqlarımızdan çıxıb, getməlidirlər. Biz hər şeyə hazırıq və qələbəni əldə edəcəyimizə inanıram”. İlqar Muradov qeyd etdi ki, bu günlərdə xüsusən də gənclərdə böyük vətənpərvərlik ruhu hiss olunmaqdadır: “Onların hər biri döyüşlərə gedib, vətəni qorumağa hazırdır. Baxmayaraq ki, şəhidlərimiz var. Amma bir tərəfdən də ölkəmizdə bayram əhval ruhiyyəsi yaşanır. İnşallah ki, qələbə də çalacağıq”. Xalq artisti, bəstəkar, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi: “30 ildən sonra Azərbaycan, nəhayət ki, əks-hücuma keçdi və bu gün artıq bizim işğal olunmuş ərazilərimiz tədricən azad olunmağa başlayıb. Əlbəttə ki, bu işdə bizim ordumuzun böyük əməyi var. Qazandığımız qələbələr qəhrəman əsgərlərimizin böyük səyi sayəsində baş verir”. Siyavuş Kərimi ölkədə böyük sevinc əhval-ruhiyyəsi yaşandığını da dedi: “Azərbaycan çox böyük birlik nümayiş etdirir. Ölkədə belə bir birliyin olduğunu hələ xatırlamıram. İnsanlar, gənclər cəbhəyə can atır. Hərbi komissarlıqların qarşısında izdiham yaşanır. Analar öz oğullarını sevinclə yola salır, nəinki ağlayaraq. Çünki bilir ki, övladı vətənini azad etməyə gedir. Bu işdə mən əsgərlərimizə uğurlar arzulayıram. Allah hər bir əsgərimizi qorusun. Müharibədə itkilər olur. İtkisiz müharibə olmur. Təbii ki, bizim də şəhidlərimiz var. Amma biz şəhid olmağa deyil, öldürməyə getməli, torpaqlarımızı mənfur qonşularımızdan qorumalıyıq. Və buna da nail olacağıq. Çünki çox şanlı, rəşadətli, cəsur ordumuz var. Düşünürəm ki, qələbə qabaqdadır. İnşallah, böyük ümid edirəm ki, tezliklə yeni müsahibələrimi Xankəndində verəcəm”. Əslən Şuşadan olan Xalq artisti Fərhad Bədəlbəyli isə bildirdi: “Əlbəttə ki, sevinc, qələbə hissini yaşayırıq. 30 ildir ki, bu günü gözləyirdik. Minsk qrupunun üzvləri ilə danışıqlarda mən də iştirak etmişəm. Gözümüz baxa-baxa bizə yalan deyirdilər. Bildirirdilər ki, bir az da dözün, hər şey yaxşı olacaq, siz tezliklə Şuşaya qayıdacaqsınız. Mən də deyirdim ki, biz hətta razıyıq ki, ermənilərlə birgə yaşayaq, amma torpaqlarımız geri qaytarılsın. Amma gördük ki, ermənilər müqəddəs Şuşamızda ”parlament" qurmaq istəyirlər. İndi də Livandan ailələri köçürüb, Şuşada yerləşdirirlər. Beləliklə, 30 ildir ki, bizi aldadıblar. Ordumuzun qazandığı qələbələr bizə böyük sevinc bəxş edib. Bu məsələdə Türkiyənin də böyük dayağı, dəstəyini hiss edirik. Onlar bəyanatlar verib, Azərbaycanın yanında olduqlarını bildirirlər. Ermənilər torpaqlarımızdan nə qədər tez rədd olub getsələr, cavan uşaqları həlak olmaz. Axı nə istəyirlər? Nəyin üstündə vuruşurlar? Ay erməni ata-analar, siz niyə öz uşaqlarınızı döyüşə göndərirsiniz? Bu, axı Azərbaycan torpaqlarıdır. Ümid edirəm ki, yenidən müqəddəs Şuşaya gedəcəm və siz məhz orada məndən açıqlama alacaqsınız". Xalq artisti Niyaməddin Musayev: “30 ildir ki, xalq bu günləri gözləyirdi, gözü yolda idi. Bu günlərdə böyük qürur hissi duyuruq. Küçəyə çıxırıq hər yerdə bayram əhval-ruhiyyəsi var. Prezidentimiz hər zaman deyirdi ki, Şuşada bayrağımızı qaldıracağıq. Bəzi gənclər buna inanmırdı, çünki inam itmişdi. Amma artıq zamanı çatdı, gənclərimiz gördü ki, hər şeyin öz vaxtı var və həmin vaxt gəlib, yetişib. Ordumuz böyük ruh yüksəkliyi ilə döyüşür. Qələbə bizimlədir və tam qələbəni qazanıb, işğal olunmuş torpaqlarımızı azad edəcək, o torpaqlara gedəcəyik. Bu gün görürük ki, bir çox beynəlxalq təşkilatlar danışıqlar aparılması haqda məsləhətlər verirlər. Əgər onlar zamanında öz işlərini görsə idilər, indi qan tökülməzdi. Amma torpağa qan töküləndə o torpaq vətən olur. Eşq olsun ordumuza, prezidentimizə, xalqımıza! Çox ümidliyik. Çünki haqq bizimdir. Bizim heç kəsin torpağında gözümüz yoxdur və eyni zamanda bir qarış torpağımızı kiməsə vermək fikrində deyilik”. Xalq artisti, məşhur xanəndə, Milli Konservatoriyanın professoru Mənsum İbrahimov: “İllərlə dözdük ki, danışıqla, sülhlə torpaqlarımız geri qaytarılsın. Lakin mənfur qonşumuz hər dəfə danışıqları uzadıb, heç bir torpaq qaytarmadı. Son zamanlar da etdikləri təxribatlar isə özünə baha başa gəldi. Bu, cavabsız qala bilməzdi”. Xalq artisti qeyd etdi ki, ən böyük arzusu işğaldan azad olunacaq torpaqlarımızda “Qarabağ şikəstəsi”ni oxumaqdır: “Mən Ağdamda doğulmuşam, hərbi xidmətimi də o müqəddəs torpaqda başa vurmuşam. Hər iki aydan bir Ağdama gedirəm. Hər dəfə ad günlərimi orada keçirmişəm. Çünki mən Ağdama çox bağlıyam. Mənsum İbrahimov bildirdi ki, hazırda cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır: “Qardaşım və yaxınlarım Ağdamda yaşayır. Bu gün cəbhə bölgəsində yaşayan insanlar arasında böyük ruh yüksəkliyi yaşanır. Bir nəfər də olsun evini tərk edib getmir. Evinə bomba düşsə də, yaralansa da, təsərrüfatına ziyan dəysə də, ata-baba yurdundan kənara çıxmır. Çünki bilir ki, irəlidə Azərbaycan Ordusu əzmlə döyüşür. Onlar hər gün hərbçilərimizin yanındadır. Qocasından tutmuş uşağına qədər, hər kəs əsgərlərimizin yanına gedir ki, nəyə gücləri çatsa köməklik etsinlər. Bu gün xalqımızda olan ruh yüksəkliyi, birlik heç bir zaman olmayıb. Allah bunları bizə çox görməsin, ordumuzu müzəffər etsin. Gün o gün olsun ki, müqəddəs torpaqlarımızda bir-birimizi qələbə münasibəti ilə təbrik edək və o gün heç də uzaqda deyil. Bizim xalqımız həqiqətən böyük xalqdır. Bəzən deyirdilər ki, insanlarımız zamanla Qarabağı unudublar. Amma tarix göstərdi ki, heç kəs Qarabağı unutmayıb. Bu gün hər birimiz bir olmalı, prezidentimiz, Ali Baş Komandanımızın ətrafında birləşməliyik. Çünki hər birimiz Ali Baş Komandanın əsgəriyik". “Yeni Müsavat” Geri qayıt |