GƏNC FƏALIN SAXLANDIĞI YER BİLİNMİR?
Tarix: 30-09-2012, 12:40 |
Çap et
VƏKİL BUNUN KOBUD QANUN POZUNTUSU OLDUĞUNU DEYİR
DİA.AZ: - Şənbə günü səhər saatlarında həbs olunmuş NİDA gənclər təşkilatının fəalı Zaur Qurbanlının harada saxlanılması hələ də məlum deyil. Dünən gecə saatlarına qədər olan informasiyalara görə, Zaur Qurbanlının saxlandığı yer barədə nə yaxın qohumlarında, nə vəkilində və nə də NİDA fəallarında heç bir məlumat yoxdur.
Onu da bildirək ki, dünən Bəxtiyar Hacıyevin ofisində özlərini Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim edən şəxslər tərəfindən axtarış aparılıb və NİDA təşkilatına aid yeni broşürlər müsadirə olunub. Bundan sonra isə Zaur Qurbanlının özü də həmin ofisə gətirilib və ondan materialların NİDA təşkilatına aid olması barədə izahat alınıb.
Müsadirə olunan materialların arasında NİDA təşkilatı tərəfindən hazırlanmış və hələ yayılmamış bukletlər də olub ki, həmin bukletlərdə «Mən 2013-də gedirəm, əgər sən də NİDAçı olarsansa» şüarı yazılıb.
Onu da bildirək ki, DİN-dən Zaur Qurbanlının harada olması ilə bağlı heç bir məlumat verilməyib və baş verənlərdən xəbərsiz olduqları söylənilib.
DİA.AZ bildirir ki, bu barədə danışan vəkil Əsabəli Mustafayev baş verənləri kobud qanun pozuntusu kimi dəyərləndirib: «Bu günlərdə qəbul edilmiş yeni qanuna görə, hara aparılmasından asılı olmayaraq saxlanılmış şəxsə ilk növbədə yaxınları ilə əlaqə yaratmağa, olduğu yerlə bağlı məlumat verməyə şərait yaradılmalıdır».