Əsas Səhifə > Dünya > CHP-nin HDP-ni Məclisə salmaq üçün şok planı
CHP-nin HDP-ni Məclisə salmaq üçün şok planı28-06-2018, 09:17 |
Türkiyədə bir tərəfdən seçici, digər tərəfdən isə millət vəkili sayına əsasən seçici sayı çıxarılmalıdır. Bu rəqəm adətən 10 min ilə 100 min arasında dəyişir. Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, professor Fərhad Mehdiyev Türkiyədə keçirilən seçkidən 11,2 faiz səs toplayan MHP-nin 49, 11,5 faiz səs toplayan HDP-nin isə 66 deputat yeri qazanması səbəbini şərh edərkən deyib. O bildirib ki, Türkiyədə proporsional partiya siyahıları seçicilərə təqdim olunur: “Türkiyədəki proporsional sistemdə ölkə ərazisi bir bötüv seçki dairəsi kimi götürülmür. Hər seçki bölgəsinin namizədləri və seçiləcək millət vəkili sayı fərqlidir. Ayrıca ölkə səviyyəsində (bölgə deyil) 10% baraj sistemi tətbiq olunur; belə ki, bir siyasi partiya hansısa rayonda bütün yerləri qazanmış olsa da, bütün ölkədə səs verən seçicilərin azı 10% səsini toplamalıdır, yoxsa parlamentə düşə bilməz. Məsələn, tutaq ki, Türkiyədə 60 milyon seçici var və Böyük Millət Məclisinə 600 nəfər millət vəkili seçilməlidir. Yəni Türkiyədə 100 min seçiciyə bir deputat düşür. İnzibati ərazi vahidlərinin də sayını nəzərə almaq vacibdir. İstanbulda 14 milyon əhali yaşayır. Lakin bunların hamısı İstanbulda qeydiyyatdan keçməyib. 7-8 milyon əhalinin İstanbulda qeydiyyatda olduğunu söyləyə bilərik, Ankarada isə 2 milyon götürmək olar. Onda İstanbuldan hardasa 80, Ankaradan isə 20 millət vəkili seçilməlidir”. Professor vurğulayıb ki, TBMM seçkilərində hər partiyanın aldığı faizlər göstərilir: “Bu ortalama faizdir. Ona görə ilk baxışda yaxın görünən faizlər üzrə qazanılan deputat yeri fərqləri bəzən böyük olur". Professor qeyd edib ki, səs faizləri ilə parlamentdəki yerlərin qeyri-dəqiq bölgüsünə səbəb parlamentdəki yerlərin bölüşdürülməsindən sonra artıq qalan səslərin hesablanması, ikincisi isə d’Hondt sistemidir: “Əgər Türkiyədə təxminən 100 min nəfərə bir millət vəkili düşürsə, onda bir partiya siyahısına 120-130 min nəfər səs verdikdə, artıq qalan 20 min səsin taleyi nə olacaq? Nəzərə alaq ki, hər partiyanın topladığı səslər hesablananda belə artıqlar qalır. Ona görə sistemdə xüsusi cədvəl üzrə riyazi bölgü aparılır. Adətən burada nəticə ən çox səs alan partiyaların xeyrinədir. Belə ki, artıq qalan səslər birinci partiyaya, bəzən isə həm birinci, həm də ikinci partiyaya yazılır. Məsələn, CHP nəyə görə çalışırdı ki, HDP bariyeri keçsin? Çünki HDP ölkə çapında 10% səs toplaya bilməsəydi, onun cənub-şərqdə topladığı bütün səslər AKP-yə gedəcəkdi. Qısacası, AKP həm icra hakimiyyətinə, həm də qanunvericilik hakimiyyətinə tam sahiblənəcəkdi. HDP-nin Məclisə girməsini zəmanət altına almaq üçün bir çox CHP-çi HDP-dən millət vəkilliyinə namizədliyini vermişdi, məsələn, Əhməd Şık kimi. Bundan başqa da bir çox CHP-çi seçici HDP-yə səs verdi. CHP-nin bu planı tutdu, HDP parlamentə düşdü". Geri qayıt |