Əsas Səhifə > Dünya > Latın Amerikası siyasəti bizə nə verir?
Latın Amerikası siyasəti bizə nə verir?3-05-2019, 08:48 |
Azərbaycan diplomatiyası öz sərhədlərinin hüdudlarını genişləndirərək uzaq Uruqvay, Argentina, Venesuela və Paraqvaya qədər uzadıb. Bu siyasətin rəsmi Bakıya nə verdiyi tez-tez sual olunur. Dünyanın siyasi episentri ABŞ, Britaniya, Fransa, Avropa Birliyi, BMT, NATO və s. mərkəzlər olduğu halda, Azərbaycan xarici siyasətində Latın Amerikası istiqamətinə doğru addımlar atır. Hətta Bakı və Montevideo (Uruqvayın paytaxtı) iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlığa dair bir sıra sazişlər imzalamağa hazırlaşır. Bu barədə mayın 1-də xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Uruqvay Şərq Respublikasının xarici işlər naziri Rodolfo Nin Novoa ilə görüşdə deyib. Halbuki nazirlərin görüşündən 1 həftə əvvəl Azərbaycan XİN Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanın Uruqvaya getməsi və orada görüşlər keçirməsinə etirazını bildirmiş, nota göndərmişdi. XİN-dən deyilmişdi ki, separatçı rejimin nümayəndəsi Uruqvay hökumətinin rəsmiləri tərəfindən qəbul edilməyib, erməni icmasının dəvəti ilə səfər edibmiş. Uruqvay Senatı sədrinin parlamentdə qondarma “erməni soyqırımı” ilə bağlı keçirilən tədbirdə iştirakına isə Argentinadakı səfirliyimiz Uruqvay Xarici İşlər Nazirliyinə nota təqdim etməklə etirazını bildirmişdi. Xatırladaq ki, “erməni soyqırımı”nı tanıyan ilk ölkə Uruqvay olub. 1965-ci ildə çıxardılan qanunla 24 aprel “1915-də ”milli soyqırıma" məruz qalan “erməni şəhidlərini” anma günü" elan edilib. Sonra dəfələrlə bu qərar Uruqvay parlamenti tərəfindən təsdiq edilib. Azərbaycanın yaxınlıq etdiyi Argentina da zaman-zaman ermənipərəst mövqeyi ilə seçilib. Argentinada “erməni soyqırımı”nı tanıma qanunu 1985-ci ildə qəbul edilib. Azərbaycana bu coğrafiyada yaxın ölkələrdən biri də Venesueladır. Hazırda bu ölkədə hakimiyyət əleyhinə nümayişlər davam edir. Neftlə zəngin dövlətin rəsmi Bakı ilə əlaqələri yüksək səviyyədədir. Venesuela prezidenti Nikolas Maduro Azərbaycanın müstəqillik əldə etdiyi gündən etibarən Bakıya gələn ilk Latın Amerikası dövlət başçısı olub. Bir sıra ölkələrlə əldə olunmuş bu münasibətlərin dərəcəsini Kolumbiya, Peru, Panama, Qonduras, Paraqvay və Qvatemala parlamentlərinin Xocalı soyqırımı və Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı müvafiq sənədlər qəbul etməsi göstərir. İki ölkə arasında iqtisadi sahədə münasibətlər hələlik çox məhduddur, amma siyasi cəhətdən Venesuela artıq Cənubi Qafqaz regionunda Azərbaycanın xeyrinə seçim edib. Bakıda keçirilən mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsini nəzərdə tutan Maduro belə deyib: “Azərbaycan həmişə BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi məsələlərində bizim iradəmizə və dəstəyimizə arxalana bilər. Biz dünyanın bir çox ölkələrinin dəstəyi ilə Təhlükəsizlik Şurasına üzv seçilmişik. TŞ çərçivəsində biz beynəlxalq hüququn tətbiqi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan öz milli maraqlarının müdafiəsində kifayət qədər məntiqli hərəkət edib. Venesuela sizin yeni etibarlı dostunuzdur”. Deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan xarici siyasət coğrafiyasını genişləndirib. Onun sözlərinə görə, hazırda Bakıda keçirilən forumda Latın Amerikası ölkələrinin parlament rəhbərləri iştirak edirlər: “Azərbaycan haqlı mövqeyi üçün dəstək gözləyir. Meksikada Xocalı abidəsi ucaldılıb, Kolumbiyada Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Biz dünyanın dəstəyini qazanmalıyıq. Azərbaycan torpaqları işğal edilib ki, inkişafımızın qarşısı alınsın. Bu baxımdan biz dünyanın simpatiyasını qazanmalıyıq. BMT-dəki dəstəyimizi Amerika ölkələri hesabına artırmalıyıq. Azərbaycanın həm rəsmi, həm parlament diplomatiyasının fəaliyyətini xüsusi qiymətləndirərdim və medianın bu məsələlərə diqqət ayırmasına ehtiyac var”. Siyasi şərhçi Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanla bu ölkələr arasında məsafə baxımdan uzaqlıq var. Onun fikrincə, iqtisadi əlaqələrin qurulması çətindir, bu səbəbdən siyasi təmaslara önəm verilir. “Bu da ona görədir ki, BMT-də səs verilərkən Azərbaycana birmənalı dəstək olsun. Çünki adını çəkdiyiniz ölkələrdə erməni lobbisi çox güclüdür, illər əvvəl kök salıblar. Bizim erməni lobbisinin əleyhimizə apardığı fəaliyyəti neytrallaşdırmaq üçün Latın Amerikasında aktiv işləməyimiz lazımdır. Düzdür, onların lobbiləri çoxdan kök atıblar deyə qısa zamanda effektiv nəticə göstərmək çətindir, amma Azərbaycanın maraqları nəzərə alınmalıdır",-deyə, analitik bildirdi. Ekspert hesab edir ki, bəzi ölkələr üzdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etsələr də, arxada ermənilərə köməyini əsirgəmirlər. “Uruqvay aydınlıq gətirməlidir ki, separatçı rejimin ”naziri" ilə senator niyə görüşmüşdü. Azərbaycanın maraqları arxa plana atılmamalıdır. Bu bölgələrdə siyasi fəallığımızı artırmalıyıq". Venesuelaya gəlincə, E.Şahinoğlu düşünür ki, Azərbaycan orada baş verənlərə neytral mövqe göstərir: “Maduroya Rusiya və Türkiyə dəstək verir. İkincisi, biz kiçik dövlətik və regional münaqişələrdə mühüm rol oynaya bilmərik. Biz Qarabağ problemi ilə bağlı fəaliyyətimizi göstərməliyik. Bundan başqa, bu ölkələrin yaxşı tarixi təcrübələri var. Azərbaycanı tez-tez bu ölkələrlə müqayisə edirlər. Çünki onlarda da orta təbəqə yoxdur, var yuxarı, var aşağı zümrə... Bu təcrübədən yararlana bilərik”. Geri qayıt |