Əsas Səhifə > Dünya > Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu
Putinin “bir millət, iki dövlət” mesajı qəzəb doğurdu31-07-2021, 08:32 |
Rusiya prezidenti Vladimir Putinin rusların və ukraynalıların eyni xalq olması barədə məqaləsi Ukraynada hiddət doğurub. “Yeni Müsavat” bildirir ki, Ukrayna prezidenti Zelenski buna cavab yazısı dərc etdirib. Bəzi müşahidəçilərin fikrincə, Putinin bu addımı Ukraynaya barış əli uzatması kimi qiymətləndirilməlidir. Putin qeyd edib ki, 2014-cü ildə Qərbin Ukraynanın daxili işlərinə birbaşa müdaxiləsindən sonra Kiyevin siyasətini radikal millətçilərin təcavüzkar rusofobiyası müəyyənləşdirməyə başlayıb. Prezident xalqlar arasında yaranan divarı böyük fəlakət adlandırıb və Ukraynanın həqiqi suverenliyinin yalnız Rusiya ilə tərəfdaşlıqda mümkün olduğunu bildirib. Zelenski isə cavabında bildirib ki, nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya müharibəsi xatırlananda unuduluruq, amma digər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq: “Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir”. Əslində eyni soydan gələn millətlərin bir-birilə vuruşması, düşmənçiliyi dünyaya və regiona böyük bəlalar gətirib. Vaxtilə türklər də bir-birilə müharibə edib - məsələn, Çaldıran döyüşü. Amma bu gün türk dünyasında bir konsolidasiya, mərkəzləşmə, eyni ideya ətrafında cəmləşmə var. Artıq Turan ideyası gerçəyə çevrilir. Türkiyə ilə Azərbaycan vahid maraqlar, strategiyalar üçün birləşib. Şuşa Bəyannaməsi imzalanıb, Türkiyə lideri Ərdoğan Bakıda Qələbə paradında İlham Əliyevlə eyni məqamda, eyni məkanda dayanıb. Bununla da dünyaya mesaj verilib ki, bu zəfərin müəllifi həm də Türkiyədir və eyni millətlərin müharibə aparması yox, dost-qardaş olması lazımdır. Bəstəkar, kulturoloq Elmir Mirzəyev bu mövzuda yazıb ki, iki əsr öncə rus cəmiyyətində “slavyanofil” ideyaları dolaşmaqda idi. Bu ideya bütün slavyan xalqlarının yek bir dövlətdə, yəni rus imperatorluğu altında birləşməsini ehtiva edirdi. Onun fikrincə, bunun təsirləri çox tezliklə rus xarici siyasətində də təzahürünü tapdı, 1877-78-ci ilin Balkan müharibəsində Osmanlı yenildi, nəticədə müstəqil Serbiya və Bolqarıstan quruldu. Bununla sanki həmin ideyanın reallaşması üçün ilk addımlar atılmış oldu, lakin zaman sübut etdi ki, qurbanlar əbəs yerə imiş. E.Mirzəyev qeyd edir ki, elə həmin Bolqarıstan hər iki dünya müharibəsində süngüləri Rusiyaya qarşı çevirdi, I Dünya müharibəsindən sonra balkanlarda yaranmış böyük slavyan dövləti Yuqoslaviya da Sovet İttifaqı ilə yaxşı münasibətlərdə deyildi, hətta II Dünya müharibəsindən sonra Yuqoslaviya formal olaraq sosialist olsa belə, bu vəziyyət dəyişmədi, Polşa və Çexoslovakiya barədə heç danışmağına belə dəyməz - orada Rusiyaya münasibət tarixi səbəblərdən nifrətə yaxın bir həddə olub. E.Mirzəyev hesab edir ki, hazırda növbə Ukrayna və Belarusa çatıb: “Ukraynanın məsələsi aydındır, əgər Krım hadisələrinə kimi orada kimdəsə hansısa illüzor yaxınlıq hissi qalmışdısa da, 2014-dən sonra artıq münasibətlər hamıya gün kimi aydın oldu. Belarusda da hazırda bu proseslər getməkdədir, orada insanlar artıq bir ildən çoxdur ki, faktiki Rusiyanın tarixi düşməni olmuş Rzeczpospolita bayraqları altında üsyan edir - bu da ruslar üçün çox konkret mesajdır. Belə görünür ki, bu proseslər qarşısıalınmazdır”. E.Mirzəyevin fikrincə, bu ilin əvvəlində elanı verilmiş “Turan” layihəsi, şükür ki, hansısa illüziyalar yox, konkret sırf logistika və qarşılıqlı maraqlar üzərində qurulub, bütün iştirakçılarının da məsələlərə çox gerçəkçi baxışları var. Siyasi ekspert, Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, istər Rusiya, istər Ukrayna, istərsə Belarus olsun - slavyan xalqlarıdırlar: “Onların adət-ənənələri, dini etiqadları eynidir. Amma böyük dövlətlər bu münasibətləri parçalamaqdadır. Ukrayna bir alətə çevrilib və ABŞ slavyan xalqlarını bölməklə Rusiyanı təkləməkdədir. Putin bunu yaxşı anlayır və məqalədə də qeyd edir ki, ukraynalılarla eyni soydanıq. Putin məqalədə onu da deyir ki, Ukrayna xalqı dövlətin idarəçiliyini böyük dövlətlərin əlinə verib. Təbii ki, həmin güclər ictimai rəydə antirus təbliğatını artırır, mətbuatda anti-Rusiya əhval-ruhiyyəsi hiss olunur”. A.Məsiyev hesab edir ki, xalqların siyasi məqsədlər üçün istifadə edilib parçalanması yolverilməzdir: “Biz bunun tarixi nümunələrini görmüşük. Putinin məqaləsi Ukrayna xalqına xitabdır, dostluq əhval-ruhiyyəsi sezilir. Amma açıq deməsə də eyham vurur ki, Ukrayna dövlətini Amerika idarə edir. Bu gün Putin slavyan xalqlarının birliyinin qorunmasında maraqlıdır. Sadəcə, bunu qəbul etmək istəməyən Qərbyönümlü siyasətçilər var”. Ekspertin fikrincə, slavyan xalqları ilə türk xalqlarının birliyi bir qütb deməkdir: “Bu yöndə proses gedir, Türkiyə və Rusiya münasibətlərinin yaxşılaşması iki xalqın yaxınlaşması deməkdir. Amma Qərb həm türkdilli, həm slavyan xalqlarının birliyinə mane olmaq istəyir. Putinin bu məqaləsi də slavyan xalqlarının birliyini yaratmağa hesablanıb”. “Yeni Müsavat” Geri qayıt |