"Həmin xəstələrdən soruşsan ki, Fazil Mustafa nə deyib?" - deputat
Tarix: 16-02-2016, 10:37 |
Çap et
Milli Məclisin deputatı Fazil Mustafa ictimai-siyasi həyatda baş verən hadisələrlə bağlı daim fikirlər səsləndirir, müsahibələr verir. Deputatın həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılı müdafiə etməməsi isə bəzi müxalif dairələrin qınağına səbəb olub.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Fazil Mustafa bildirib ki, o, iki həftə əvvəl “Yeni musavat” qəzetinə müsahibəsində Xədicə İsmayılın azadlığa buraxılması barədə danışıb.
“Müsahibədə Xədicə İsmayılın, Fuad Qəhrəmanlının, Nemət Pənahlının və digərlərinin adlarını çəkmişəm. Necə ad çəkməmişəm? İnsanlar sadəcə xəstədilər, elə bilirlər obyektiv düşüncə yoxdur. Çıxışlar edirik, tənqidi fikirlər səsləndiririk, fikirlərimizi bildiririk. Həmin xəstələrdən soruşsan ki, Fazil Mustafa nə deyib? Cavab verəcəklər ki, “yox elə höküməti dəstəkləyir”. Xəstədilər, nə oxuyurlar, nə də baxırlar”.
Bununla bağlı hər an danışa bilməyəciyini vurğulayan deputat bildirib ki, mövzu açılanda həmin şəxslərin azadlığa çıxmasını daim səsləndirir.
“Bütün Avropa Şurasının təsdiqlədiyi, qəbul etdiyi siyahı üzrə insanlar azad edilməlidir. Bunlar ortadan qalxsa, hər halda Azərbaycanın üzərinə bu qədər təzyiq də olmaz”.