Müsavat və AXCP yenidən əməkdaşlıq edə bilər
Tarix: 27-10-2015, 11:30 |
Çap et
2013-cü ilin prezident seçkilərindən sonra Milli Şurada parçalanmalar baş verdi. Müsavat Partiyası təşkilatdan çıxdıqdan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) onu ittiham etməyə başladı.
Qarşılıqlı ittihamlar hər iki partiya arasındakı gərginliyi bir az da artırdı. Hazırda Müsavat Partiyası və AXCP-nin münasibətləri “soyuq” olaraq qalır. Bəs, ölkənin iki ən böyük müxalifət partiyasının yenidən bir araya gəlməsi mümkün ola bilərmi? Partiyalar arasında əməkdaşlıq gözlənilirmi?
Modern.az saytı adıçəkilən partiyalardan münasibət öyrənib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı əməkdaşlıq məsələsində problem olmadığını düşünür:
“Partiya ilə bağlı səslənən fikirlər subyektiv xarakter daşıyır. Reallıq odur ki, ölkədə bu gün ən güclü aparıcı müxalifət partiyası AXCP-dir. AXCP-nin hədəfi hökumətə qarşı mübarizə aparmaq, bu istiqamətdə Azərbaycan cəmiyyətinin demokratik potensialını səfərbər etməkdir. Kifayət qədər uğurlu bir model kimi Milli Şura var. Bu çərçivədə də Azərbaycan cəmiyyətinin birliyi ilə bağlı gözləntiləri təmin olunub”.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, əməkdaşlıq məsələsində fikirləri dəyişilməz olaraq qalır: “Müsavat Partiyası özünün son qurultayından sonra bu barədə bəyanatını verib, fikrini açıqlayıb. Müsavat istənilən partiya ilə əməkdaşlığa hazırdır. Bu məsələdə fikrimiz əvvəlki kimi qalır”.