Əsas Səhifə > Partiya, Güney Press > “Onun fikirlərində həqiqətlər var”
“Onun fikirlərində həqiqətlər var”29-06-2018, 08:58 |
AŞ PA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun qeyri-hökumət təşkilatları barədə səsləndirdiyi bəzi fikirlər geniş müzakirələrə səbəb olub. Deputat bildirib ki, bəzi qeyri-hökumət təşkilatları müəyyən şəxslərin əlində oyuncağa çevrilib. Sitat: “Biz fərqindəyik ki, hətta QHT-lər bəzən o qədər aktivdirlər ki, insanlar onlara hökumətin özündən çox inanır. Bəzi QHT-lər, xüsusilə də xaricdən maliyyələşənlər, hökuməti və ölkədəki mentaliteti dəyişmək istəyirlər. Onlar bəzi şəxslərin əlində oyuncağa çevrilib. Bunu Macarıstanda, Azərbaycanda görmək olar. Unutmamalıdırlar ki, xalq onlara inanır və onlar insanlar qarşısında məsuliyyət daşıyırlar. Bu problem Avropanın özündə də var. Böyük Britaniyada, Almaniyada da bunu görmək mümkündür”. Dilarə Əliyeva adına qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Azərbaycanda xaricdən maliyyələşən QHT-lərin qalmadığını söylədi: “Xaricdən gələn qrantların qarşısı alınandan sonra QHT-lər maliyyələşə bilmirlər. Faktiki mövcud vəziyyət belədir. Hər kəsə məlumdur ki, son illərdə bizlər xidməti müqavilə ilə hissə-hissə qrantlar alırıq. Hesab edirəm ki, QHT-ləri bu günə qoymaq düzgün deyil. Çünki QHT-lər Azərbaycanın bütün bölgələrində işləyirdilər. Hökumətin qanunlarının hər birini xalqa çatdırırdılar. Bunun müqabilində QHT-ləri bu vəziyyətə salmaq doğru deyildi. QHT nə Amerikanın, nə də digər dairələrin təsiri altına düşməməlidir. Bəzən olur ki, hökumətin qərarlarından ucqar yerlərdə yaşayanların xəbəri olmur. Onu biz həmin yerlərə çatdırırıq. Hazırda mövcud olub, Azərbaycan əleyhinə fəaliyyət göstərən QHT-lərin olduğunu düşünmürəm. Çox güman ki, Səməd Seyidov Azərbaycandan gedib xaricdə fəaliyyət göstərən QHT-ləri nəzərdə tutub. Ölkə daxilində QHT-ləri çox sıxanda, onların düz danışmaqlarının qarşısı alınanda bu sahə inkişaf etməyəcək və nəticədə də xaricdəki qeyri-hökumət təşkilatları önə keçəcək. Nələrisə dəyişmək lazımdır. Əks halda, bu şəkildə davam edə bilməz. İstənilən halda xaricdən Azərbaycan əleyhinə fəaliyyət göstərməyin heç bir adı yoxdur. Ölkəmizdə tənqid səsləndirən, nəyin düzgün olub-olmadığını dilə gətirən QHT-lər az deyil. Bunun da olması normaldır. Amma xaricdən maliyyələşən QHT yoxdur”. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bunları dedi: “Səməd Seyidovun nə dediyini ən yaxşı onun özü bilir. Amma onun fikirlərində həqiqətlər var ki, xaricdən qeyri-leqal yollarla maliyyələşən qurumlar var. Onlar daha çox Azərbaycanda siyasi fəaliyyətlə məşğul olmağa üstünlük verirlər. Əslində siyasi fəaliyyətlə siyasi partiyalar məşğul olmalıdır. Siyasi partiyalar və vətəndaş cəmiyyətinin fərqli missiyaları var. Bəzi QHT-lər və onların nümayəndələri Azərbaycanda var ki, məqsədləri hökuməti tənqid etmək deyil, hakimiyyəti dəyişməkdir. Hətta bəzi hallarda ölkəyə elə bir dəyərlər gətirmək istəyirlər ki, həmin dəyərlərin Azərbaycanda kökü ola bilməz. Bu dəyərlər bütövlükdə Azərbaycan xalqının baxışlarına ziddir. Amma xaricdən müəyyən qrantlar alan QHT-lərin hamısını ittiham etmək olmaz. Çünki elə qurumlar var ki, səmərəli şəkildə fəaliyyət göstərir, islahatlara dəstək xarakterli layihələr həyata keçirir, müsbət xarakterli proqramlar hazırlayırlar. Elə də QHT-lər var ki, ölkə kənarında olan mərkəzlərin sifarişlərini həyata keçirir, ölkədə daxili gərginliyin baş verməsinə cəhdlər edirlər. Eyni zamanda çoxsaylı hüquq müdafiəçiləri ölkəmizdə var ki, insanların hüquqlarının qorunması istiqamətində müsbət işlər görürlər. Lakin elə də hüquq müdafiəçiləri var ki, insan hüquq və azadlıqları adı altında gizlənərək, yalançı siyahılar hazırlayıb, bu yolla qrantlar əldə etməyə çalışırlar. Konkret sifarişlər icra edənlər də var. Milli maraqlara zidd fəaliyyət göstərirlər. Amma QHT-lərin tam əksəriyyəti hazırda dövlət və millət maraqlarından çıxış edir, bu şəkildə fəaliyyət aparır, bütün sahələrdə islahatların dərinləşməsinə öz töhfələrini verirlər. Hazırda QHT-lər və hökumət arasında çox səmərəli əməkdaşlıq mövcuddur. Ona görə QHT-ləri bölmək lazımdır, Azərbaycan dəyərlərinə zidd fəaliyyət göstərənlər və dövlət dəyərlərini öndə tutanlar. Təəssüflər olsun ki, Azərbaycan torpaqlarını işğal edən ermənilərin QHT-ləri ilə də əməkdaşlıq edən təşkilatlar var, onların maliyyə vəsaitlərindən istifadə etmək üçün bu yola belə gedirlər. Dünyanın hər yerində bu cür hallar olub, gələcəkdə də olacaq. Vətəndaş cəmiyyətində müəyyən çətinliklər var ki, bu da müzakirə edilir və artıq bu istiqamətdə müəyyən irəliləyişlər var”. “Yeni Müsavat” Geri qayıt |