Əsas Səhifə > Partiya, Güney Press > Merkelin səfəri öncəsi xaricdəki anti-Azərbaycan qüvvələr hərəkətə keçdi
Merkelin səfəri öncəsi xaricdəki anti-Azərbaycan qüvvələr hərəkətə keçdi18-08-2018, 10:35 |
Avqustun 25-də Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfəri çərçivəsində Azərbaycana gələcək. Xanım kanslerin səfəri ölkə müxalifətinin ciddi narahatlığına səbəb olub. Bunu sosial şəbəkələrdə paylaşılan statuslarda görmək mümkündür. Merkelin ünvanına sərt tənqidi fikirlər yer almaqdadır. Bu səfərin son bir ildə Almaniyada formalaşan “söyüş müxalifəti”nin sonunu gətirə biləcəyi barədə mövqelər səslənməkdədir. Merkelin Azərbaycan prezidenti səviyyəsində keçirəcəyi görüşlərdə Almaniyada mövcud olan və günü-gündən fəallaşan bu müxalifətin müzakirə mövzusu olacağı istisna edilmir. Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Merkelin səfəri Almaniyanın Cənubi Qafqaz ölkələrinə ciddi şəkildə maraq göstərdiyini sübut edir: “Belə səfərlər bir qayda olaraq heç zaman təsadüfi xarakter daşımır. Bu səfərlərin arxasında siyasi, iqtisadi, dövlətlərin maraqlarına xidmət edən planlar durur. Güman edirəm ki, Merkelin səfəri də bu baxımdan istisnalıq təşkil etmir. O, Azərbaycana səfərində necə deyərlər, müzakirə edilə biləcək dolu çamadanla gəlir. Almaniya ilə ölkəmiz arasında iqtisadi münasibətlər çox yüksək səviyyədədir. Çoxsaylı alman şirkətləri Azərbaycanda fəaliyyətlərini qurublar. Rəsmi Bakı da Almaniya ilə iqtisadi, ticari münasibətlərin ən yüksək səviyyədə qurulmasında maraqlıdır. Deyərdim ki, Almaniya Avropanın ən inkişaf etmiş ölkəsidir. Bunu xüsusi olaraq qeyd edirəm. Yüksək texnologiyası var. Azərbaycanın da bu cür texnologiyalara söykənərək, yüksək səviyyədə texnologiyalara malik olması hədəfi var. Bütün bunlar hesab edirəm ki, Merkelin səfəri zamanı ciddi müzakirə mövzularından biri olacaq. ”Söyüş müxalifəti" məsələsi də heç bir halda diqqətdən yayınmalı deyil. Biri var ki, hansısa səbəbdən xaricə gedəsən, orada etik qaydalara əməl edərək, normaları, prinsipləri pozmadan, qırmızı xətti keçmədən, təhqirlərə, iftiralara, böhtanlara yol vermədən Azərbaycanda gedən proseslərə öz tənqidi fikirlərini bildirəsən, tənqidi münasibətində də əslində ölkənə xidmət missiyasını yerinə yetirəsən, buna heç bir halda pis baxmaram. Amma siyasi mühacir adı altında gedərək orada öz həyatlarını yüksək səviyyədə qurmaq üçün ayrı-ayrı anti-Azərbaycan qüvvələrinin qucağına sığınıb, ondan maliyyə alaraq ölkənə qarşı düşmənçilik mövqeyi nümayiş etdirmək bağışlanılmazdır. Bunun bir adı var, vətənə, dövlətə xəyanət. Məlum olduğu kimi, Almaniyada “söyüş müxalifəti” deyilən bir qrup var. Onlar Almaniyanın imkanlarından istifadə edərək, bu gün internetin imkanlarından yararlanaraq Azərbaycana qarşı sözün həqiqi mənasında ermənidən betər düşmənçilik mövqelərini ortalığa qoymaqdadırlar. Eyni zamanda, onlar müəyyən mövzuları ortalığa gətirməklə, söyüşlərlə həm də insanları sosial şəbəkələrə daşıyaraq şər-böhtan, təhqir platformasını yaradırlar. Bunun özü xüsusilə yolverilməzdir, ciddi təhlükədir. Mənə elə gəlir ki, bu məsələ səfər zamanı mütləq müzakirə edilməlidir. Bunun hansı şəkildə müzakirə ediləcəyini deyə bilmərəm. Cənab prezidentin adından danışmaq səlahiyyətinə malik deyiləm. Amma düşünürəm ki, Azərbaycanın, dövlətimizin maraqları, eləcə də, cənab prezidentin konstitusiya ilə qorunan şərəf və ləyaqəti hökmən təmin olunmalıdır. Buna ölkə qanunları tamamilə əsas verir. “Söyüş müxalifəti”nin təmsilçiləri olan bu tərbiyəsiz insanların internet vasitəsilə danışıqları belə hiddət doğurur. Videolar, görüntülər yayırlar, həmin görüntülərdə bütün şərəfsizliklərə əl atırlar. Bu baxımdan hesab edirəm ki, Merkel səviyyəsində bu məsələ qaldırılmalıdır. O da Almaniyanın qanunları çərçivəsində bununla bağlı konkret addımlar atmalıdır. Belə bir müqayisə aparaq. Bu cür müxalifət Azərbaycanda Almaniyanın kansleri, çox hörmətli Angela Merkel əleyhinə fəaliyyət aparsaydı, O bundan narahat olardı ya yox? Düşünürəm ki, hökmən narahat olardı. Bu məsələ dövlətlər səviyyəsində mütləq müzakirə edilməli, buna son qoyulmalıdır". Deputat “söyüş müxalifəti” ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid etdi: “Xarici İşlər Nazirliyinin bununla bağlı göstərmiş olduğu fəaliyyət məni qətiyyən qane etmir. Düşünürəm ki, bir çox vətəndaşları da qane etmir. Bununla bağlı nazir öz addımlarını atmalıdır. Demirəm ki, bunu hansısa formada açıq edə bilər. Diplomatik kanallarla Almaniya və başqa ölkələrin rəsmilərinə çatdırıla bilər ki, Azərbaycanın atributları tənqid olunur, ölkəmizə böhtanlar atılır. Əslində dünyanın bütün liderləri tənqid oluna bilər. Prezidentimizə də bu və ya digər məsələlərdə onun siyasətinə müxalif olaraq tənqidi münasibət ola bilər. Amma hər şey çərçivədə olmalıdır. Bu münasibət etik normaları aşmalı deyil. Avropa ölkələrinə gedərək özlərini siyasi mühacir adı altında təqdim edib bu cür tərbiyəsiz hərəkət edənlərin müxalifətlə heç bir əlaqəsi yoxdur. Onlara müxalifət deməyə də heç bir əsas yoxdur. ”Söyüş müxalifəti"ndən başqa bir şey deyillər. Açığını deyim ki, onları artıq izləmirəm. Çünki onların söyləmiş olduğu fikirlər o qədər ikrah hissi oyadır ki, bu, daxilimdə olduqca mənfi emosiyalar yaradır. İnsan da bu emosiyaları yaşamaq istəmir. Əslində onlar bu fəaliyyətlə Azərbaycan xalqına qarşı mənəvi terror həyata keçirirlər. Xalqımız söyüşkən deyil, yüksək intellektə, mədəniyyətə sahibdir. Bu cür insanlar xalqımızın dəyərlərindən kənarda olaraq almış olduqları mədəniyyətə uyğun şəkildə belə hərəkətlərə yol verirlər. Qətiyyən şübhə etmirəm ki, onlar ermənilərdən pul alırlar. Ermənilərin qucağında oturub, onların maliyyəsi ilə qidalanan insanlardır. Belə şəxslərə qarşı bütün səviyyələrdə qanunlar çərçivəsində mübarizə aparılmalıdır. Bunun ən böyük funksiyası da Azərbaycan Xarici İşlər Nazirliyinin üzərinə düşür". Geri qayıt |