Əsas Səhifə > Partiya, Güney Press > KXCP-də qurultayqabağı gərginlik pik həddə
KXCP-də qurultayqabağı gərginlik pik həddə11-09-2018, 08:45 |
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) daxilində gərginlik müşahidə olunur. Partiyanın qurultayı ətrafında narazılıq getdikcə güclənir. Son olaraq, KXCP Ali Məclisinin sessiyasının çağırılması, orada yaşananlar və yetərsay olmadığı üçün sessiyanın baş tutmaması gərginliyi daha da artırıb. Bununla bağlı partiya sədrliyinə namizəd, hüquq müdafiəçisi Oqtay Gülalıyevin facebook səhifəsində paylaşdığı status vəziyyəti bir qədər də gərginləşdirib. O.Gülalıyevin statusunu təqdim edirik: “KXCP Ali Məclisinin növbəti sessiyası ”keçirildi". “Keçirildi” sözünü ona görə dırnaq içində yazıram ki, bu dəfə də yetərsay olmadığına görə sessiya baş tutmadı. 7-ci aydır ki, partiyanın Ali Məclisinin sessiyası keçirilmir. İnsanlar iclasa gəlmirlər və ya gələ bilmirlər. Bu barədə başqa bir mövzuda yazarıq. Keçək əsas mətləbə... Mənimlə bağlı məsələ gündəlikdə olduğuna görə (17 fevral 2018-ci il tarixdə iştirakım olmadan nizamnaməyə zidd olaraq sədrin təklifi ilə KXCP Ali Məclisinin üzvlüyündən çıxarılmışam- red.) iclasda iştirak etmək üçün qərargaha gəlmişdim. Məclis başlamamışdan öncə bir neçə partiya üzvü mənə və digər dostlara hücum çəkərək bizi ittiham etməyə başladılar. Mən əvvəlcə bu ittihamlara əhəmiyyət vermək istəmədim. Məclis başlayan kimi təhqirə məruz qalanlardan biri MNTK üzvü Sərxan Carçı çıxış edərək bəzi partiya üzvlərinin qeyri-etik hərəkətləri barədə ölçü götürülməsinin vacibliyini bildirdi. Ali Məclisin sessiyasında yetərsayın alınmamasına partiya rəhbərliyinin aydınlıq gətirməsini istədi. Məsələyə dərhal emosional reaksiya verən KXCP sədri Mirmahmud Mirəlioğlu təhqir edənlərə sözünü demək əvəzinə MNTK üzvünü yalan danışmaqda ittiham etməyə başladı. Aydın oldu ki, mənim və digər insanların üstünə yeriyən, bizi ittiham və təhqir edənlərin arxasında birbaşa sədr özü dayanır. Mirmahmud Mirəlioğlu daha sonra üzünü mənə tutaraq partiya ilə bağlı məsələnin sosial şəbəkədə müzakirə olunmasının namus məsələsi olduğunu (!?) bildirərək Ali Məclis üzvü olmadığıma görə məclisi tərk etməyimi xahiş etdi. Mən sədrin xahişinin nizamnaməyə zidd olduğunu, məclisin qapalı olmadığını, mənimlə bağlı məsələnin gündəlikdə olduğunu bildirdim. Məclisdə yetərsay olmadığı, vəziyyətin gərginləşməməsi üçün zalı tərk etdi... Mən partiyada bu vəziyyəti gördükcə dəhşətə gəlməklə yanaşı xalqımızın nə qədər müdrik və uzaqgörən olduğunun bir daha fərqində oldum. Bilirsinizmi niyə? Deməli xalqımız haqlı olaraq belə “müxalifətçilər”in, “liderlər”in arxasınca getməyib, onların çağırışına səs verməyib, onları hakimiyyətə gətirməyib. Yoxsa bilirsinizmi nə baş verərdi? Böyük bir faciə. Əlbəttə, bu fikirləri yazmaq mənim üçün çox ağırdır. Amma ölkənin 1 nömrəli təşkilatının, vaxtilə Elçibəyin rəhbərlik etdiyi milli-demokratik təşkilatın bu vəziyyətə salınmasını görmək çox ağır və dəhşətlidir. Mirmahmud Mirəlioğlu o nəhənglikdə təşkilatı dağıtdığı, rəzil günə saldığı, hakimiyyətə sərf edən dişsiz vəziyyətdə qoyduğuna görə partiya üzvlərindən və xalqdan üzr istəyib istefa vermək əvəzinə təşkilatın sonuna çıxmaq qərarına gəlib. Partiyada olan əxlaqlı, mübariz, əqidəli adamları təşkilatdan uzaqlaşdırmaqla məşğuldur. Bu adam partiyada əməlli-başlı diktatorluq iddiasına və xəstəliyinə tutulub. Amma o, deyəsən, başa düşmür və anlamır ki, xalqımız və bütün demokratik dünya diktatorları sevmir, onları tarixin zibilliyinə yola salırlar. Mirmahmud Mirəlioğlu istəyir ki, KXCP-dən istefa verim, gedim, bu məsələ bitsin. Mən bu partiyadan heç yerə gedəsi deyiləm. Mübarizəmi də sona qədər aparacam. Bütün demokratik ruhlu insanlardan, xalqımızdan da bu mübarizədə dəstək istəyirəm. Müxalifətin, xalqımızın belə acınacaqlı durumda olmasının bir səbəbi də Mirmahmud Mirəlioğlu kimi sözü ilə əməli uyğun gəlməyən, mübarizədən çəkinən, səriştəsiz adamların 18- 20 il milli təşkilatların rəhbərliyini zəbt edib hakimiyyətə sərf edən, xalqa zidd siyasət aparmalarıdır. Bu siyasətə son verilməlidir! Mənim sözüm sonda KXCP-nin rəhbərliyində təmsil olunan Ali Məclisin sədri Bəybala Əbilə, sədr tərəfindən müavinlikdən uzaqlaşdırılıb qərargahdakı otağından da çıxarılan Xəzər Teyyubluya, keçmiş müavin Aydın Qasımlı və digər əqidəli, şəxsiyyətinə hörmət etdiyim şəxslərədir. Doğrudanmı siz qos-qoca Elçibəy təşkilatını hakimiyyətin Mirəlioğlu vasitəsilə hansı rəzil, biabırçı duruma saldığını görmürsünüz? Doğrudanmı təşkilatın böhran keçirdiyinin, Azərbaycan ictimai- siyasi həyatından silinmək təhlükəsində olduğunun fərqində deyilsiniz? Elçibəy sizə zülmə, zalıma, haqsızlığa boyun əyib susmağımı öyrədib, yoxsa qarşınızda qardaşınız da olsa mübarizə aparmağı? Niyə susursunuz? Nə zamana qədər susacaqsınız? Bir daha deyirəm ki, Mirmahmud Mirəlioğlunun bu metodları məni və dostlarımı haqq bildiyimiz mübarizədən çəkindirməyəcək. Milli-demokratik bir təşkilatı xilas etmək, onu hakimiyyətə qarşı mübarizə meydanına gətirmək üçün sona qədər çalışacam. Bu yolda, bu mübarizədə partiya üzvlərindən, cəbhəçi dostlardan və xalqımızdan dəstək istəyirəm. İnanıram ki, biz təşkilatımızda və ölkəmizdə vəziyyəti dəyişməyə qadirik". KXCP İdarə Heyətinin üzvü Xəzər Teyyublu “Report”a açıqlamasında deyib ki, partiya qurultaya hazırlaşır, bu cür halların baş verməsi normal haldır: “Çünki KXCP demokratik təşkilatdır. Baş verənlər partiyadaxili məsələ olduğu üçün açıqlama vermək düzgün olmaz”. X.Teyyublu M.Mirəlioğlunun növbəti qurultayda sədrliyə namizəd olacağını açıqlayıb: “O, hazırda partiyanın sədridir. Qurultay günü təyin edildikdən sonra Mirmahmud Mirəliğlu partiya sədrliyinə namizəd sayılacaq. Bütün bu məsələlər qurultayda həll ediləcək”. O xatırladıb ki, bir müddət öncə M.Mirəlioğlu partiyada Sədr Aparatını buraxıb: “Mirmahmud bəy Sədr Aparatını buraxıb. Ona görə də müavinlik funksiyasını yerinə yetirmirəm”. Məsələ ilə bağlı KXCP rəhbərliyinin, xüsusilə O.Gülalıyevin statusunda adı keçən şəxslərin mövqeyini öyrənməyə çalışdıq. Lakin zənglərimizə cavab vermədilər. “Yeni Müsavat” Geri qayıt |