Əsas Səhifə > Partiya, Güney Press > "Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin"
"Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin"10-10-2018, 08:43 |
Bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bu barədə qərar parlamentin oktyabrın 9-da baş tutan iclasında qəbul edilib. Qanunverici orqanın 55 deputatı qərarın lehinə səs verib. Siyasi ekspertlər hesab edir ki, parlamentin belə bir qərar verməsi Ermənistanın baş naziri Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” Partiyasının lideri, məşhur biznesmen Qaqik Tsarukyanla görüşərək memorandum imzalamasından sonra mümkün olub. Buna qədər Paşinyan parlamentdə növbədənkənar seçki qərarının qəbuluna nail ola bilmirdi. Bu memorandumdan sonra parlamentdə çoxluqda olan Serj Sərkisyanın Respublika Partiyası müqavimət göstərə bilməyib. Səsvermə Paşinyanın istəyinin nəhayət reallaşması ilə nəticələnib. Ermənistanda dekabrda keçiriləcək parlament seçkilərinin həddən artıq gərgin keçəcəyi proqnozlaşdırılır. Azərbaycanın müxalifət düşərgəsi Ermənistanda seçkilərin nəticələrinin hansı ssenarisinin bizə sərf etdiyini düşünür? VİP sədri Əli Əliyev bildirdi ki, Nikol Paşinyan seçkiləri önə çəkməklə Qarabağ klanının Kremllə hazırladığı planı pozmaq istəyir. Onun hesablamalarına görə uzaq vədədə Robert Köçəryan Moskvanın dəstəyi ilə güclənə bilər. Zaman keçdikcə Paşinyandan olan gözləntilər puça çıxa bilər deyə o, tələsmək zorundadır. Əslində bizə Ermənistanda yalnız qarışıqlıq sərf edir ki, düşmən tərəf iç-içə girsin: “Bu halda Rusiyanın nüfuzu güclənəcək. Digər iki variant da xeyrə deyil. Köçəryanın timsalında Qarabağ klanı hakimiyyətə dönsə, Kremlin bölgə və Ermənistana təsiri həlledici olacaq. Üçüncü gedişat da ürəkaçan deyil. Belə ki, Ermənistanda demokratik sistemin qurulması Qarabağ münaqişəsinin həllində onların əlini güclü edə bilər. Ona görə də Azərbaycan ümidini Ermənistanda seçkinin necə nəticələnməsinə deyil, öz daxilində demokratik açılım, siyasi münasibətlərin yumşaldılması, Qarabağ münaqişəsinin həllində ümummilli platformanın yaradılmasına, daxili dialoqa bağlamalıdır”. AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, Paşinyan faktiki olaraq ölkənin icra hakimiyyətini əlində cəmləşdirir. Ancaq nəzərə alsaq ki, Ermənistan parlamentar respublika modelinə keçib, hazırda burada əsas siyasi qüvvə parlament sayılır. Çünki belə dövlətlərdə hökuməti parlament formalaşdırır. Nə qədər ki, parlament Paşinyanın müxalifətinin əlindədir, o özünü arxayın hiss edə bilməz. Odur ki, Paşinyan və onun komandası tələsir. Azərbaycanın maraqları baxımından yanaşsaq, hansı siyasi qüvvənin orada hakimiyyətə gəlməsinin strateji cəhətdən elə də fərqi olmayacaq: “Çünki erməni xisləti və onların Azərbaycana münasibətləri birmənalı olaraq mənfidir, düşməncədir. Yəni biz oradakı hansısa siyasi təlatümlərə və ya şəxslərə ümid etməməliyik. Tam əksinə, bütün mümkün vəziyyətlərin həllini özümüzdən asılı hala gətirməliyik. Yəni ki, rəqibin zəifliyinə deyil, özümüzün gücünə arxalanmalıyıq. Ancaq ümumiyyətlə götürsək, düşünürəm ki, parlament seçkilərində təcrübəsiz, populist, yeganə hamiləri olan Rusiya ilə aranı soyudan Paşinyan və onun komandasının qalib gəlməsi bizə sərf edir. Çünki Qarabağ məsələsində lap əvvəldən birmənalı və tam şəkildə hərbi, siyasi, iqtisadi cəhətdən Ermənistanın yanında dayanan Rusiya ilə münasibətləri Paşinyanın populist və qərbyönlü siyasəti məhv edir. O da bəllidir ki, Rusiya kimi müttəfiqdən məhrum olan Ermənistanın Qarabağ konfliktində Azərbaycanın qarşısında heç bir mənada şansı yoxdur. Məncə, hazırkı vəziyyətdə Rusiya ilə münasibətlərin soyumasına səbəb olan siyasi qüvvənin Ermənistanın tam hakimiyyəti olması Azərbaycanın maraqları çərçivəsindədir. Belə bir vəziyyətdə Rusiyanın da sakit qalacağına inanmıram, ancaq bu artıq başqa bir məsələnin mövzusudur". ADP sədrinin müavini Taliyət Əliyev bildirdi ki, Ermənistan Azərbaycan ərzilərini işğal edən və bu gün də ilhaq siyasətini həyata keçirən dövlətdir. Bu baxımdan Ermənistanda baş verən ictimai-siyasi hadisələr, o cümlədən keçirilən seçkilər Azərbaycanda həssaslıqla izlənilir. Ona görə də Ermənistanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinin hansı ssenari üzrə keçirilməsinin sözsüz ki, Azərbaycan üçün əhəmiyyəti var: “Hesab edirəm ki, Ermənistandakı parlament seçkilərinin azad, ədalətli və demokratik şəkildə keçirilməsi Azərbaycan üçün daha məqbul olardı. Çünki yalnız demokratik seçkilərlə Ermənistanın nisbətən mütərəqqi qüvvələrinin parlamentə düşmə şansı böyükdür. Ermənistanın bu cür qüvvələri hakimiyyətdə təmsil olunarsa, bu faktor Dağlıq Qarabağ probleminin ədalətli həllinə müsbət təsir edə bilər. Yox, əgər bu seçkilər də bu vaxta kimi keçirilən seçkilər kimi Rusiyanın nəzarəti altında keçiriləcəksə, sözsüz ki, bunun istər regionun demokratikləşməsi baxımından, istərsə də Dağlıq Qarabağ probleminin ədalətli həll olunması baxımından Azərbaycana heç bir müsbət təsiri olmayacaq”. “Yeni Müsavat” Geri qayıt |