Əsas Səhifə > Partiya, Güney Press > Leyla Yunusun Elçibəyə ittihamları və...
Leyla Yunusun Elçibəyə ittihamları və...20-07-2019, 09:30 |
Hüquq müdafiəçisi Leyla Yunusun son videoçıxışına səbrlə qulaq asdım. Çıxışın rusca olmasına heç bir iradım yoxdur. Zatən, L.Yunus özünü bu dildə daha yaxşı ifadə edir. Onun səsləndirdiyi bir çox fikirlərin, xüsusilə də klan hakimiyyətinə dair dediklərinin cavabını da başqaları verməlidir. Ancaq Leyla Yunusun milli-azadlıq hərəkatının lideri Əblüfəz Elçibəy barədə dedikləri, onu Naxçıvan-Ermənistan klanının gizli və köhnə üzvü sayması xeyli dərəcədə mübahisəlidir. Xüsusilə də, köhnə hərəkatçılar, 1989-93-cü illər arasında AXC üzvü olmuş şəxslər bu ittihamların üstündən sakitcə keçə bilməzlər. Bu, onsuz da gələcəyi mübhəm olan insanların öz şanlı keçmişləri ilə öyünmək, qürur duymaq imkanını belə əllərindən alır. Elçibəy təxminən 50 il öncə bağrından qopduğu millətin təməl haqları, azadlığı, suverenliyi uğrunda mübarizəyə, antisovet fəaliyyətə başlayanda nə DTK əməkdaşı, nə də klan üzvü ola bilməzdi. DTK o dövrdə, eləcə də ondan əvvəl və sonra antisovet ovqatlı heç kəsə təhəmmül etməz, cəzasını dərhal kəsər, ya da bəzi məşhur dissidentlərlə davrandığı kimi davranar, aparıb ölkənin sərhəd qapısından o tərəfə keçirərdi. Elçibəy ölkə xaricində diplomatik fəaliyyətdə olduğu zaman, söz yox ki, DTK-nın əməkdaşları ilə təmasda olub, ancaq bu, bu idarənin qarşısında hər hansı bir daimi öhdəlik götürmək anlamına gəlmir. Yəni SSRİ dönəmində Xarici İşlər Nazirliyinin strukturlarında çalışanların, eləcə də ölkə xaricində işləməyə gedənlərin hamısı ucdantutma DTK agenti ola bilməzdi. Bu, absurd olardı. O işə adamları həmişə seçərək cəlb ediblər. Təəssüf ki, tək bizim ölkəmizdə deyil, keçmiş sosialistdüşərgəsinə daxil olan ölkələrdə, eləcə də SSRİ respublikalarında DTK ilə, XİN-lə uzaqdan-yaxından təması olan hər kəsə “agent” damğası vurulur və onda bir (lap olsun, iki, üç) halda hədəf düz vurulmuş olur, qalanında yanlış ittiham və şər-böhtan səciyyəsi daşıyır. İkincisi, ötən əsrin 60-cı illərində ölkəmizdə klan hakimiyyəti bərqərar olunmamışdı. Bu iş sonradan 70-ci illərin axırında, səksəninci illərin əvvəlində təşəkkül tapmağa başladı. Hətta onun rüşeymləri 70-ci illərdə qoyulsa belə, heç kəs antisovet fəaliyyətilə məşğul olan “etibarsız şəxs”i öz sıralarına daxil etməzdi. Çünki sözügedən klan “sovet-kommunist ideyaları uğrunda çarpışan əqidəli kommunistlər”in nomenklaturası üzrə formalaşdırılırdı. Sovet dövlətinə qarşı olan şəxs kimə lazım idi? Elçibəyin dissident olduğu halda az cəza almasına və sonradan Əlyazmalar İnstitutunda işə düzəlməsinə gəlincə, 60-cı illər yumşalmasından sonra bizim ölkəmizdə də bir xeyli milli düşüncəli kadrlar vardı və onlar xalqı düşünən, Azərbaycan davası aparan şəxsləri bu və ya digər şəkildə qoruyurdular. Elə olmasaydı, təkcə “Gülüstan” poemasındakı fikirlərə görə Bəxtiyar Vahabzadə, eləcə də Azərbaycan dilinin dövlət dili sttausu qazanması uğrunda çalışan, bu yolda öz yüksək dövlət vəzifəsindən götürülən yazıçı Mirzə İbrahimov, antosovet baxışlarına görə bir müddət həbsdə yatan yazıçı Gülhüseyn Hüseynoğlu kimi ziyalıları da məhv edərdilər. L.Yunusun indi açıqladığı bəzi məqamlara gəlincə, kaş o, bunu Elçibəyin iqtidar komandasında təmsil olunanda (Müdafiə Nazirliyinin önəmli isimlərindən biri olduğu vaxt), yaxud da mərhum prezidentin sağlığında açıqlayaydı və onun bu ittihamlara cavab vermək imkanı olaydı. Rəhmətə getmiş, özünü müdafiə etmək iqtidarında olmayan tarixi personaların ünvanına ittihamlar səsləndirmək çox asandır. Üstəlik, başqaları nə qədər müdafiə etsələr də, bu, ittiham olunan şəxsin cavabları qədər effekt verməyəcək. Elçibəy Azərbaycanın tarixində mühüm rol oynamış və bütün yanlışlıqları, doğruları ilə birlikdə xalqın yaddaşında parlaq iz qoymuş şəxsiyyətdir. O, hakimiyyətdə cəmi bir il olub, amma devrildiyi gündən keçən 26 ildə elə bir gün olmayıb ki, mediada, ictimaiyyət arasında adı çəkilməsin. Vəfatından keçən bu 19 ildə də o, bir gün olsun unudulmayıb. Bəlkə də biz Elçibəy haqqında bir çox həqiqətləri bilmirik, amma əminəm ki, onun ən yaxın silahdaşları mərhum prezidentin barəsində çox şeyləri bilirlər. Onların içində geniş ictimaiyyətin bilməli olmadığı şeylər də var, şübhəsiz. Ancaq tarixi şəxsiyyətləri “ifşa etmək”, ölkənin indiki durumuna görə onları baiskar elan etmək ənənəsinə də son qoyulmalıdır. Unutmaq olmaz ki, hər bir siyasi xadim bu xalqın içindən çıxıb, bizdən biri olub. Onun yerində ölkənin ən kristal, ən təmiz, ən ideal şəxsi olsaydı da, mütləq səhvlər buraxacaqdı və mütləq həmin ideal şəxsiyyəti də ifşa etmək istəyənlər tapılacaqdı. Xalid KAZIMLI \\musavat.com\\ Geri qayıt |