ARİF HACILI TƏŞƏKKÜR ETDİ
Tarix: 20-10-2011, 15:36 |
Çap et
“SƏHHƏTİNDƏN ŞİKAYƏTİ YOXDUR”
Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli həbsdə olan qardaşı, Müsavat başqanının müavini Arif Hacılı ilə görüşüb. “Media forum” saytına açıqlamasında Mustafa Hacıbəyli deyib ki, oktyabrın 20-də Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşına baş çəkib: “Səhhətindən şikayəti yoxdur”.
Mustafa Hacıbəyli bildirib ki, oktyabrın 19-da Ombudsman Aparatının nümayəndələri Arif Hacılı ilə görüşüblər və saxlanma şəraitini araşdırıblar: “Ona saxlanma şəraiti ilə bağlı bir necə sual veriblər və qeydlər aparıblar”.
Arif Hacılı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aclıq aksiyası keçirən şəxslərə təşəkkürünü bildirib. Eyni zamanda Müsavat Partiyasının qurultaya hazırlığı, hansı rayon və şəhər təşkilatlarında konfransların keçirilməsi ilə maraqlanıb: “Mən də qurultaya hazırlıqla bağlı məlumat verdim”.
49 yaşlı Arif Hacılı Azərbaycan xalq hərəkatının liderlərindəndir. 1990-1995-ci illərdə parlamentin deputatı olub. Əbülfəz Elçibəyin prezidentliyi dövründə (1992-1993) dövlət müşaviri postunu tutub. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavinidir. 2003-2005-ci illərdə həbsdə olub.
İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunan Arif Hacılı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.