İLHAM ƏMİRASLANOVU MÜAYİNƏ EDİBLƏR
Tarix: 26-06-2012, 14:33 |
Çap et
NƏHAYƏT, HƏKİMLƏR İNSAFA GƏLDİLƏR
Bakı istintaq təcridxanasının həkimi təkidli müraciətlərdən iki həftə sonra bazar ertəsi həmin müəssisədə həbsdə olan vətəndaş fəalı İlham Əmiraslanovu müayinə edib. Müayinə İ.Əmiraslanovun səhhətində problemin olduğunu və müalicə olunmasının vacibliyini təsdiq edib.
Sabirabad rayonu Əsgərbəyli kənd sakini İlham Əmiraslanov iyunun 8-də odlu silah saxlamaq ittihamı ilə həbs olunub. İşgəncələr altında silah saxladığını etiraf edən İ.Əmiraslanov vəkil Samir İsayevlə ilk görüşündə ifadə verməkdən imtina edib və DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının hərəkətlərindən Baş Prokurorluğa şikayət yazıb.
İ.Əmiraslanov inidəyədək ağrılardan, halsızlıqdan şikayət edir. Vəkil güman edir ki, döyülmə nəticəsində onun qulaq pərdəsi zədələnib.
İ.Əmiraslanovun üzvü olduğu “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bu gün Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə məktub göndərəcək və ona təcili yardım göstərilməsini xahiş edəcək.
Beynəlxalq hüquq müdafiə təşkilatları koalisiyası iyunun 25-də İ.Əmiraslanovun dərhal və şərtsiz azadlığa buraxılmasını, polisdə verilən işğəncələrlə bağlı operativ və hərtərəfli araşdırma aparılmasını tələb edib.