Tanınmış yazarlardan olan Həmid Herisçi hansısa tədbir çərçivəsində (gərək ki, 2000-ci il idi) Ermənistanda olmuş, oradan qayıdanda da işlədiyimiz “525-ci qəzet”in redaksiyasına bir şüşə konyak gətirmişdi. Jurnalistikada inqilabi-romantizm zamanına dəng gələn bu konyakın üzərində ermənicə bir hərf də yox idi, sadəcə istehsalçı ölkə yazılmışdı.
Həmid konyaka gözlənilən reaksiyanı görmədi, içməyə həvəsli olan tapılmadı, bəziləri də “zəhərli ola bilər” deyə, nəfsinə bəhanə tapdı. Jurnalistikada təzə və bir çoxundan gənc idim, amma “erməni konyakı”nın nə olduğunu bilirdim. İş saatı bitəndə bunu Həmidlə ortaya qoyduq, sonradan “ürəklənənlər də oldu”, beləcə erməniyə söyə-söyə şüşəni bitirdik, heç kimə heç nə olmadı, Həmidin də canı qurtardı...
Bizdə evdə içən olmasa da, adətən, qonaqlar üçün pay göndərilən konyak olardı. Kiçik çəlləkdə gələrdi, onu da şüşələrə yığmağı mənə tapşırardılar, iyi adamı tutar, bir az da bihuş edərdi. “Erməni konyakı”nın sirri nəydi, nə qatardılar, nəylə qatardılar, bilinmirdi. Amma o da şişirtmə deyil ki, Azərbaycan nefti, pambığı ilə tanınan kimi sovet Ermənistanı da konyakı ilə məşhur idi.
Nikol Paşinyanın bu günlərdə erməni konyakı ifadəsindən imtina edərək bunu “Ermənistan brendi” etdi. Ermənilər onu söydülər ki, yenə xain çıxdı, bir konyakımız qalmışdı, o da əldən getdi və sairə... Ad dəyişikliyinin fərqinə biz də əhəmiyyət vermədik, amma bu, sən demə, təkcə dünyada konyakın yaxşı istehsalçısı demək deyilmiş, əslində isə məhsulun yaradıcısı adına iddiadır.
Qarabağ işğalda olanda ermənilər Azıx mağarasını “özəlləşdirib” ən qədim sürü adına da iddia edirdilər, indi konyakın ümidinə qalıblar ki, bunun da bizə qətiyyən isti-soyuğu yoxdur, amma Fransaya var. Çünki bəllidir ki, bu məhsulun adı Fransanın Konyak bölgəsindən götürülüb. Ermənistanda demək olar ki, bütün əsas konyak zavodlarının aktivləri Fransanın alkoqol nəhəngi “Pernod Rikard”a məxsusdur. O da məlum olur ki, “Ermənistan brendi” Paşinyan hökumətinin ağlı deyil, bu, Avropa İttifaqının ideyasıdır, hətta bunun reallaşması üçün maliyyə təminatı dəstəyi də verilib. Amma görək, ermənilər dünyada konyakın onlara məxsus olması haqda dediklərində həqiqət payı nə qədərdir?
Erməni konyakı həmişə Fransa ilə sıx bağlı olub. 19-cu əsrin 80-ci illərinin sonlarında erməni konyakının “atası” Nerses Tairyan fransız texnologiyasından istifadə edərək “erməni konyakı” istehsal etməyə başlayıb. Fərqə gəlincə, məsələn, Rusiyanın bir nəşri yazır ki, fransız konyakı həmişə ağ üzümdən, erməni konyakı Ermənistanda bitən üzümdən, o cümlədən qırmızı sortlardan hazırlanır. Fransız konyakına yalnız rəng və dadını düzəltmək üçün çox məhdud miqdarda şəkər və ya karamel əlavə edilir, erməni konyakında isə belə məhdudiyyət yoxdur. Texnologiyaya görə, konyak spirtləri yalnız palıd çəlləklərində “yaşlanır”. Fransada onlar Limuzin palıdından, Ermənistanda isə Qafqaz palıdından hazırlanır. Ağacın öz "dadı" var və müxtəlif palıdlar onun müxtəlif çalarlarını verir.
“Novaya qazeta” erməni konyakı haqda erməni yalanları haqda yazıb. Məsələn, guya Çörçil erməni konyakının birbaşa Londona tədarükü ilə bağlı Stalinlə razılaşıbmış. Bir versiyaya görə, Böyük Britaniyanın baş naziri erməni konyakının dadını Tehran konfransında, digər versiyaya görə isə Yalta konfransında yüksək qiymətləndirib.
Ermənilərin başqa bir uydurması konyak istehsalını dünya səviyyəsinə qaldırmış erməni şərabçısı Markar Sedrakyan haqqındadır. Guya Çörçill ona göndərilən növbəti konyak partiyasının həmişəki kimi yaxşı olmamasının səbəblə maraqlanıb. Ona deyiblər ki, Sedrakyan həbs olunduğu üçün keyfiyyət aşağı düşüb. Sonra Çörçill şəxsən Stalindən erməni konyakçının azad etməyi xahiş edib. Nəşr yazır ki, Ermənistanda konyak 12-ci əsrdə hazırlanmağa başlamasını iddia edirlər, amma bu fərziyəni təsdiq edən heç bir sübutları yoxdur. Ən azı o səbəbdən ki, konyak brendi Avropada yalnız 16-cı əsrin ortalarında gəlib, ermənilər isə 4 əsr “irəli tullanırlar”.
Ermənilərin az-çox doğru olan bir konyakları vardı, ona da yalan qatdılar...
Nazim SABİROĞLU
Musavat.com