ŞEYX DƏN GƏNC YAZARLARA DƏSTƏK
Tarix: 7-07-2012, 16:11 |
Çap et
“İRƏLİ SÜRÜLƏN İTTİHAMLARA İNANMIRAM”
“Mən yazarlar Fərid Hüseyn və Şəhriyar Hacızadənin azad olunması üçün İrana onlar saxlanan kimi müraciət etmişəm”. Qafqaz Müsəlmanları İdarəsini sədri, şeyxülislam Allahşükür Paşazadə “Turan”a belə deyib.
Allahşükür Pazaşadənin fikrincə, saxlanma əsassızdır və gənclər azad edilərək vətənə dönməlidir: “Mən onlara qarşı irəli sürülən ittihamlara inanmıram. Bu saxlanma hansısa anlaşılmazlığın nəticəsidir və ümid edək ki, tezliklə yoluna qoyular. İrana təkrar müraciətim istisna olunur, amma məsələ ilə bir daha maraqlanacağam”.
Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar.
İyulun 3-də İranın “Press TV” kanalı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir. İddiaya görə, Azərbaycan yazarları Milli Təhlükəsizlik Nazirliyinin tapşırığı ilə hərəkət ediblər və İranda yerli azərbaycanlı dissidentləri məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar. Videoda deyilir ki, şairlərin fotoaparatında İrandakı strateji obyektlərin və qurğuların şəkilləri aşkarlanıb.