ŞEYX “WİKİLEAKS”-Ə MÜNASİBƏT BİLDİRDİ
Tarix: 16-09-2011, 15:31 |
Çap et
“DEPEŞALARIN HAZIRLANMASI YALNIZ TƏƏSSÜF HİSSİ DOĞURUR”
“Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə təkcə bölgə deyil, dünya miqyasında tanınan, nüfuzlu din xadimi olaraq 30 ildən artıqdır ki, Qafqaz və Azərbaycan müsəlmanlarının dini lideridir.
İctimai əhəmiyyətli nüfuzlu şəxs kimi həyatı, dini-ictimai fəaliyyəti cəmiyyət üçün açıq olan bir şəxsiyyət haqqında hansısa səviyyəsiz açıqlamalar, qeybət xarakterli şayiələr, absurd mülahizələr, habelə sarı mətbuat səhifələrində sensasiya xətrinə yer alan yazılar əsasında depeşaların hazırlanması yalnız təəssüf hissi doğurur”. Bu barədə APA-nın “WikiLeaks” saytında yer alan məlumatlarla bağlı QMİ-nin mətbuat xidmətinə ünvanlanmış sorğunun cavabında bildirilib.
“Xarici siyasəti belə qüsurlu təqdimatlar, əsassız iddialar və təhriflər üzərində qurulan fövqəl dövlətin dünya çapında hər hansı uğura imza atacağı böyük şübhə doğurur”, - deyə QMİ-nin yazılı cavabında vurğulanıb.
Qeyd edək ki, “WikiLeaks” saytında QMİ-nin sədri Şeyxülislam Allahşükür Paşazadənin ölkə dindarları tərəfindən az dəstəkləndiyi deyilir: “Bəziləri onun DTK polkovniki olduğunu bildirir. Şeyxin siyasi uzun ömürlülüyünün əsas səbəbi hakimiyyətə yaxın olmasıdır”.
“WikiLeaks” saytında Şeyxülislamla bağlı digər bəzi məlumatlar da yer alıb.