Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfəri çərçivəsində qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanla görüşüb. Prezidentin Misir səfərindən sonra baş tutan görüş maraqla qarşılanıb.
İki liderin bu təcili görüşünə hansı geopolitik proses səbəb ola bilər?
Globalinfo.az-a danışan siyasi şərhçi Əziz Əlibəyli deyib ki, islam dünyasında İsraillə münasibətlərdə ciddi problem müşahidə edilir:
“İslam ölkəsi adı daşıyan bəzi dövlətlər Azərbaycan və Türkiyə əleyhinə təbliğat aparırlar. Prezident İlham Əliyevin Misirə səfəri zamanı Fələstinin azadlığını dəstəklədiyi ilə bağlı verdiyi açıqlama da bununla əlaqədardır. Bakı eyni siyasəti Türkiyə ilə bərabər yerinə yetirir.
Ümumiyyətlə, baş tutan bütün səfərlər geniş plandan xəbər verir. “Bir kəmər, bir yol” layihəsinin Türkiyə və Yunanıstan istiqamətində təhlükəyə məruz qalmasının qarşısını almaqla bağlı məsələlər də müzakirə predmetidir”.
Siyasi şərhçinin sözlərinə görə, prosesdə Çin amili də önəmli rol oynayır:
“Prezidentlərin Misir, Türkiyə, İraqa etdiyi səfərlərin ardınca Qətərin və digər ölkələrin siyahıya daxil edilməsi gözləniləndir. Çinə səfər də istisna edilmir. Digər tərəfdən İranla bağlı mövqelər dəqiqləşir. İslam aləmində rəsmi Tehranın dağıdıcı fəaliyyəti ilə bağlı meqaproses həyata keçirilməlidir. Bu kimi məsələlər də müzakirə mövzusudur”.