Əsas Səhifə > Ölkə > HÖKUMƏTDƏN XALQA QARŞI DAHA BİR ADDIM

HÖKUMƏTDƏN XALQA QARŞI DAHA BİR ADDIM


29-11-2011, 11:40
HÖKUMƏTDƏN XALQA QARŞI DAHA BİR ADDIM

“ƏHALİYƏ VERİLƏN KREDİT FAİZLƏRİ YÜKSƏKDİR”

Bu gün ölkənin maliyyə bazarında əhalini, eləcə də sahibkarları narahat edən ən mühüm məsələ verilən kredit faizlərinin normadan daha yüksək olmasıdır. Digər ölkələrdə faiz marjanın dərəcəsinə (kredit və depozit faiz dərəcələri arasındakı fərq) çox ciddi şəkildə nəzarət olunur. Çünki bu rəqəm ölkənin istehlak bazarına təsir edəcək ən mühüm amillərdən biridir. Ölkədə kredit faizlərinin aşağı olması yerli istehsalı stimullaşdırmaqla yanaşı, istehlak bazarında da qiymətlərin aşağı olmasına təsir göstərir. Ölkədəki mövcud vəziyyətə nəzər salsaq, faiz marjanın dərəcəsi kifayət qədər yüksəkdir. Ən yaxşı halda təklif olunan bank kreditlərinin illik göstərici 22-24% və hətta daha yüksək, deposit göstəricisi isə-10-12% təşkil edir. Eləcə də kreditlərə əlavə olunan komision və siğorta xərclərini də bura əlavə etsək, o zaman kreditlərdən yararlanmağın nə qədər səmərəsiz olduğunu görə bilərik.

Hazırda Azərbaycanın maliyyə bazarında 40-dan çox bank fəaliyyət göstərsə də, onların hamısı əhalinin bank tələbatlarını ödəmək iqtidarında deyil. Müxtəlif banklarda təklif olunan kredit faizləri isə bir- birindən kifayət qədər fərqlənir. Bir sıra banklar öz fəaliyyətlərini yalnız korporativ maraqlar istiqamətində qurmağa üstünlük verirlər. Azərbaycanın bank sisteminə nəzər yetirsək, görərik ki, ölkənin 5 iri bankının bank sisteminin ümumi göstəricisində xüsusi çəkisi 58% paya malikdir, ardınca gələn digər 10 bankın bu göstəricidə ümumi payı isə 23,1% -dir.

Banklara yönəlmiş pul axının sürətləndiyi və artdığı bir dövrdə kredit faizlərinin realdan çox olması insanlarda sual doğurur. Misal üçün qeyd edə bilərik ki, qonşu Türkiyədə depozit faizi təxminən 9, kredit faizi isə təxminən 15-dir. Ölkənin maliyyə institutlarının bazara təsiri isə nədənsə çox zəifdir. Milli Bankın həyata keçirdiyi üçot faiz dərəcəsi və yaxud kredit bazarına təsir etmək alətləri iöz təsirini göstərmir. Maliyyə böhranından əvvəki dövrdə banklarda vəziyyət daha normal idi. Maliyyə böhranı dövründə Milli Bankın qısa zamanda üçot faiz dərəcəsini 15% dən 2% salmaq, ölkədə pul siyasətinə təsir edə bilməyib. Bu ilin əvvəlində isə kredit faizlərinin 3% dən-5%-ə, daha sonra 0,25% yenidən artırılması belə bankların pul siyasətində öz əksini tapmır. Əslində Milli Bankın bu addımı ölkədə maliyyə böhranına yönəlmiş və pul siyasətinə təsir edə biləcək bir addım olmalı idi. Ölkədəki mühüm banklardan birinin əməkdaşı mövcud vəziyyəti belə izah edib: “Azərbaycanda hələ ki, bu sistem işləmir. Kredit siyasəti yalnız bazarda tələb və təklif əsasında formalaşır”. Halbuki, maliyyə axınının sürətləndiyi bir dövrdə kredit faizlərinin aşağı düşməsi maliyyə analitikləri tərəfindən mümkün bir hal kimi qiymətləndirilir.

Ekspertlər maliyyə bazarında kredit faizlərinin yüksək olmasını bir sıra səbəblərlə izah etməyə çalışırlar. Müstəqil ekspert Qubad İbadoğlu hesab edir ki, son aylarda maliyyə axınının artmasına baxmayaraq, banklar alınan depozit vəsaitlərini yerləşdirmək çətinlikləri ilə qarşılaşırlar. Bu isə bankların yüksək faizli kredit təklifləri üçün təhlükəli hesab olunur. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyev isə mövcud vəziyyəti Milli Bankın maliyyə siyasətində mövcud olan problemlərlə izah edir. Bəzi ekspertlər isə hesab edirlər ki, hazırda Azərbaycanda 12 faizdən yuxarı depozit təklif etmək risklidir. Hətta bu fikir vaxtilə Əmanətlərin Sığortalanması Fondunun apardığı araşdırmalar əsasında səsləndirilmişdi. Onlar hesab edirdilər ki, depozit faizlərinin artırılması kredit faizlərinin də artımına səbəb ola bilər və bu balans zamanla bazar qaydalarına uyğun olaraq tənzimlənəcək. Yerli banklardan birinin əməkdaşı isə cari kredit faizlərinin yüksək olmasını əsasən hazırda bir sıra banklarda mövcüd olan problemli kreditlərin çox olması, depozitlərin 30%-nin rezervdə saxlanılması, yaranan investisiya riskləri və. s kimi səbəblərlə izah edir.

Ekspertlər yaranan problemin ölkədə maliyyə balansının pozulması, eləcə də sahibkara vurulan birbaşa maliyyə zərbəsi kimi xarakterizə edirlər. Kredit faizlərinin yüksək olması sahibkarın xərclərinin artırılmasına səbəb olur ki, bu da ölkədə yerli məhsulun normadan daha baha satılması ilə nəticələnir.

Bu proses yalnız ölkədə idxalı sürətləndirməklə milli iqtisadiyyatın inkişafına, xüsusilə, sənaye istehsalına zərbə vurur. Ölkədə qeyri- neft sənayesinin ÜDM-də payının 4,5% olması bu problemə ən yaxşı misal kimi göstərilə bilər. Mövcud şərait ölkə istisadiyyatına müxtəlif maneələr yaratmaqla yanaşı ölkə iqtisadiyyatını da neft gəlirlərindən asılı vəziyyətdə qoyur.


Geri qayıt