Əsas Səhifə > Ölkə, Manşet > NƏQLİYYAT SİSTEMİNDƏ ÖZBAŞINALIQ
NƏQLİYYAT SİSTEMİNDƏ ÖZBAŞINALIQ10-12-2011, 14:06 |
ZİYA MƏMMƏDOV ÖZÜNƏ BÖYÜK İMPERİYA QURUB DİA.AZ: - Bu gün ən aktual problemlərdən biri də paytaxt Bakının nəqliyyat infrastrukturunun yenidən qurulmasından qaynaqlanan problemlərdir. Taksi xidməti göstərən şəxsi avtomobillərin »London taksiləri» ilə əvəzlənməsindən tutmuş, şəhərlərarası marşrutlarda baş verən dəyişikliklər əsl xaos yaradıb. Əslində isə adına »nəqliyyat islahatları» verilən bu proses bütünlüklə nazir Ziya Məmmədovun gəlirlərini artırmağa hesablanmış gedişlərdir. Bu yazımızda nəqliyyat sektorundakı problemlər və özbaşınalıqlara işıq tutmağa çalışacağıq. Beləliklə... Nazir marşrut pullarını nəzarətə götürmək istəyir İki il öncə Bakı Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə veriləndən sonra nəqliyyat naziri Ziya Məmmədov Bakıdakı bütün qanunsuz avtovağzalların ləğv edilərək bütün marşrutların Bakı Beynəlxalq Avtovağzal Kompleksinə köçürüləcəyini desə də, sonradan bu fikrindən daşındı. Mətbuatın da diqqətindən yayınan bu məsələnin həll edilməmiş qalmasının arxasında isə bəzi gizli məqamlar yatmaqdadır. Etibarlı mənbədən aldığımız məlumata görə, Ziya Məmmədov həmin açıqlaması ilə köhnə avtovağzalın »krışalığı»nı edənlərə »müharibə elan etmiş», onları məğlub etdikdən sonra isə hər şey əvvəlki qaydasında qalmışdır. Rəsmi statusa malik olmayan ənənəvi köhnə avtovağzalların ləğv edilməsi isə düzgün fikir deyildi və bu ideyann irəli sürülməsi əsassız idi. Ona görə ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksi şəhərin şimal girişində inşa edilib və bu bütün iastiqamətlərə hərəkət üçün əlverişlı deyil. Məsələn, Salyan, Şirvan, Astara, Masallı, Lənkəran və digər onlarla rayonlara gediş üçün marşrutlar əvvəlcə Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gəlməli, oradan sərnişinlə dolu vəziyyətdə yenidən paytaxt küçələrinə daxil olmaqla şəhərin o biri girişinə getməli və adıçəkilən marşrut üzrə hərəkət etməlidir ki, bu da olduqca əlverişsizdir. Çünki, Bayıldan, Günəşlidən, Əhmədlidən sərnişin təxminən 40-50 kilometr yol qət etməklə şəhərin çıxışına gəlib marşruta əyləşib yenidən həmin məsafədə yol gedib Salyan yoluna çıxmalıdır. Bu da həm sakinlərin əsəblərinin gərilməsinə, həm də şəhərdə tıxacların yaranmasına səbəb ola bilər. Buna görə də bütün marşrutların həmin kompleksdən start götürməsi mümkünsüzdür. Bu planın həyata keçirilməsi planının mümkünsüzlüyünü Ziya Məmmədov əvvəlcədən bilirdi, amma yuxarıda da qeyd etdiyimiz kimi ənənəvi avtovağzallar üzərində də hakimiyyətini möhkəmləndirdikdən sonra nazir bir daha bu mövzuya qayıtmadı. Amma ara-sıra ənənəvi və qeyri rəsmi avtovağzallara qarşı hücumlar olur. Elə bu günlərdə »Salyan avtovağzalı»nın ləğvi haqqında verilmiş qərar da bunun göstəricisidir. Nəqliyyat Nazirliyinin məqsədi nədir? Əslində Bakıda əvvəllər də bir neçə avtovağzal olub və bu avtovağzallar daim şəhərin müxtəlif istiqamətlərində fəaliyyət göstərib. Məsələn, o vaxtdan Bakıda 3 tanınmış qeyri-rəsmi avtovağzal olub. Düzdü, bu avtovağzalların ayrıca inzibati binaları olmasa da, onların fəaliyyət göstərmələri üçün ərazilər təyin edilib və bölgələr üzrə əlverişli ərazilərdə avtovağzallar problemsiz fəaliyyət göstərib. Bakıda »Karvansaray Avtovağzalı» deyilən ərazidən marşrutlar bir bölgə üzrə, »Salyan Avtovağzalı»ndan bir bölgəyə, »Şamaxı yolu» Avtovağzalından isə marşrutlar digər bölgələrə start götürüb. Həmin vaxt məncə nə sərnişinlər arasında anlaşılmazlıq yaranmışdı, nə də sürücülər arasında. Təxminən 50-60 il fəaliyyət göstərən bu avtovağzallar artıq Bakı sakinləri ilə yanaşı, bölgələrdə yaşayan vətəndaşlar tərəfindən də tanınırdı. Sərnişinlər hansı istiqamətə getmək üçün hara müraciət etdiyini bilirdi və qarışıqlıq yaranmırdı. Nəqliyyat sistemində əsl xaos hökm sürür İndi nəqliyyat sistemində mütəmadi olaraq həyata keçirilən və məqsədi anlaşılmayan dəyişikliklər nəticəsində əsl xaos yaranıb. İndi vətəndaş bilmir ki, hansı istiqamətə hardan və necə getmək olar. Hətta nazirin adamları bəzi bölgələrə gedən marşrutları da ləğv edib kompleksdən həmin bölgələrə yeni marşrutlar açmaqla milləti çaşdırdı. Məsələn, indi, kompleksdən Lənkərana, Masallıya, Astaraya, Beyləqana və sair ərazilərə marşrutlar işləyir. Bu iritutumlu marşrutlar kompleksdən sərnişin yığmaq üçün paytaxt küçələri ilə uzun avtobuslarla hərəkət edib şəhərdə tıxaclar yaradaraq, şəhərin bu başına gəlib interval vaxtı tamam olan kimi də yenə eyni vəziyyətdə sərnişin dolu avtobusla geri qayıdıb şəhərin o biri tərəfindən magistrala çıxır. Ziya Məmmədov isə bu problemi həll etmək əvəzinə tıxacların günahını yıxır şəhərdəki avtomobillərin çoxluğunun üstünə və başlayır paytaxtda milyonlarla başa gələn keyfiyyətsiz körpülər, yeraltı keçidlər inşa etdirməyə. Söhbət körpülərdən və keçidlərdən düşmüşkən qeyd edək ki, artıq son 2-3 ildə tikilib istifadəyə verilən bu körpü-keçidlər qısa müddətdə dağılmağa başlayıb. Bakıda bu gün ona yaxın körpü var ki, həmin körpülər bəlkə 40-50 il əvvəl inşa edilib, onu inşa edən memar və ustaların sümüyü də çürüyüb. Amma həmin körpülər hələ də Bakı küçələrindəki vəziyyətə tab gəirməyə qadirdir. Amma dövlət büdcəsindən ayrılan milyonlarla manatı göyə sovurmaqla Ziya Məmmədovun inşa etdirdiyi »anoloqsuz» körpülər iki il keçməmiş istifadəsiz və keyfiyyətsiz olur. Məsələn, Bakının 3-cü mikrorayon dairəsindəki körpünün istifadəsi 2 il ola ya olmaya, amma artıq körpüdə təhlükəli çatlar var. Bundan başqa, »Şamaxı yolu» adlanan ərazidə tıxacları aradan qaldırmaq üçün tikilən yeraltı magistral yol ötürücüsü istifadəyə veriləndən bir ay keçməmiş təhlükəli vəziyyətə düşdü. Ziya Məmmədovun nəqliyyat inhisarçılığı Tikintisi və inşaası zamanı milyonlarla yeyintinin olduğu təsdiqlənən Bakı Avtovağzal Kompleksinin əslində bütün marşrutları qəbul etməyə yararlı olmaması ilk günlərdən özünü göstərdi. Çünki, kompleksin nə ərazisi, nə də daxili imkanları bunun üçün yetərli deyil. Ona görə də, cənab Ziya Məmmədov ayrıca olaraq şəhərin digər əlverişli yerlərində ən azından iki-üç avtovağzal inşa etdirməli idi ki, sərnişinlərin rahatlığını təmin etmək mümkün olsun. Əslində, Bakı Beynəlxalq Avtovağzal Kompleksi də lazımdı. Dünyanın əksər ölkələrinin paytaxtında böyük və əzəmətli avtovağzal kompleksi var və fəaliyyətini davam etdirir. Amma bununla yanaşı şəhərin nəqliyyat yükünü azaltmaq üçün müvafiq ərazilərdən də mini avtovağzal kimi istifadə olunur və bu benəlxalq praktikadır. Amma Ziya Məmmədov gəlirlərə daha asan nəzarəçt etmək olsun deyə, bu təcrübədən yararlanmaq istəmir və nəqliyyat monopoliyası yaradır. Avropa paytaxtlarında beləa bir neçə alternativ avtovağzallar, hətta kiçik dayanacaq vağzallar da var ki, həmin obyektlər aidiyyəti üzrə fəaliyyət göstərir və sərnişinlərin rahatlığını normal səviyyədə təmin edir. Bizdə isə bu cür avtovağzallar ya sıxışdırılır, ya da qanunsuz adı ilə fəaliyyət göstərdiyi bəyan edilir. Taksi qovan nazir qanunsuz avtovağzallarla bacarmır? Burada maraqlı məqamlardan biri də bəzi mini avtovağzalların fəaliyyətinə icazə verildiyi halda digərinə belə bir imkanın tanınmamasıdır. Bu isə haqlı olaraq ortaya müəyyən şübhələr çıxarır. Əgər qanun varsa və tətbiq olunursa bu hamıya eyni qaydada şamil olunmalıdır. Amma hazırda Bakıda köhnə avtovağzallara qarşı ayrı-seçkilik qoyulur, Ziya Məmmədovla hər ay »halallaşan» obyektlər fəaliyyət göstərir, digərləri isə yox. Bu gün də fəaliyyət göstərən belə avtovağzallardan biri də »Şamaxinka» deyilən ərazidədir və Şirvan bölgəsi istiqamətində sərnişindaşıma ilə məşğuldur. Bakı Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verilənə qədər bu obyekt qanuni fəaliyyət göstərsə də, həmin vaxtdan etibarən həmin avtovağzal qanunsuz adlandırıldı. Əvvəlcə Ziya Məmmədov bu avtovağzalları yığışdırmaq istəsə də, sonradan bu planından vaz keçdi. Düzdü, həmin avtovağzalın lisenziyası gecikdirildi ki, ləğv edilsin və avtovağzallar yalnız Ziya Məmmədovun əlində cəmləşsin. Amma cəhdinin uğursuz alındığını görən nazir məcburiyyət qarşısında qalıb şəhərin müəyyən yerlərində öz adamlarının təhkimçiliyi ilə qanunsuz avtovağzallar yaratdı. İndi şəhərdəki qanunsuz avtovağzallar paytaxtın 3-cü mikrorayon dairəsində, Lökbatandakı »Binə» Ticarət Mərkəzinin yanında, »Nizami» metrostansiyasının yaxınlığında və sair ərazilərdə fəaliyyət göstərir. Bu avtovağzallar nazir Ziya Məmmədovun nəzarəti ilə qanunsuz olaraq fəaliyyət göstərməkdədir. Məlumata görə, Ziya Məmmədov həmin avtovağzalları başqa sahibkarların adına sənədləşdirsə də, nəzarəti birbaşa öz adamları həyata keçirir. Amma buna baxmayaraq, əhalinin gözündən pərdə asmağa çalışan nazir bu avtovağzalların qüanunsuz və qondarma olduğunu etiraf edir. Nazirə belə sərf edir... Amma nədənsə nazir bu qondarma avtovağzalları yığışdırmağa da cəhd etmir. Çünki, nəzarət, haqq-hesab yenə onun adamları vasitəsilə olur. Maraqlı odur ki, şəhərdə xüsusi taksiləri də nəzarətə götürən, milləti işsiz qoymaqla öz biznesini artıran Ziya Məmmədov qanunsuz avtovağzalların qarşısını ala bilmir. İnandırıcıdırmı? Əlbəttə ki yox. Ziya Məmmdov az qala 9 milyonluq Azərbaycanda kimin evində, həyətində neçə avtomobilin olduğunu, hətta az qala onları dövlət nömrə nişanları ilə tanıdığı halda qanunsuz avtovağzalları tanımır? Xüsusi taksiləri rəngi və sayı ilə bilən nazir buna necə nəzarət etmir? Maraqlı məqamlar saysız-hesabsızdır. Xüsusi taksiləri sıxışdırmağı, vətəndaşları ac qoymağı bacaran Ziya Məmmədov 3-4 qanunsuz avtovağzalı necə yığışdıra bilmir? Əlbəttə çox asanlıqla yığışdıra bilər. Amma onların fəaliyyəti Ziya Məmmədova sərf etdiyindən buna baş qoşmur. Görünür, belə sərf edir. Buna başqa ad vermək mümkün deyil. Geri qayıt |