Məhkəmə qərar verdi: Lider TV bağlanır? - AÇIQLAMA
Tarix: 18-02-2021, 11:59 |
Çap et
Lider TV fəaliyyətini davam etdirir və imkan daxilində bütün öhdəliklərini yerinə yetirir.
Bunu Axar.az-a Ali Məhkəmənin Lider TV-nin əleyhinə qərar verməsinə münasibət bildirən kanalın Xəbərlər Departamentinin rəhbəri Vasif Ağamirov deyib. O bildirib ki, hazırda kanalın işçilərə maaş borcu yoxdur, əmək haqqılar vaxtı-vaxtında verilir:
“Lider TV ilə bağlı qərardan sonra kanalın taleyi ilə barədə məsələlər hüquqi prosedurlardan asılı olacaq, ümid edirəm bu, həllini tapacaq. Qanun çərçivəsində ehtiyac yaransa, müraciətlərimiz ola bilər. Amma çox güman ki, olmayacaq, çünki Ali Məhkəmə sonuncu instansiyadır”.
Qeyd edək ki, ötən gün Ali Məhkəmə Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından kassasiya şikayətinə baxıb. Qərara əsasən, şikayət təmin edilməyib və Lider TV və Radio-Azərbaycan MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanılıb.