ŞOK: ƏRDOĞAN TÜRK ORDUSUNA SAVAŞA İCAZƏ VERDİ
Tarix: 4-10-2012, 09:43 |
Çap et
TÜRKİYƏ SURİYAYA GİRİR
Türkiyə Ordusunun sərhəddənkənar hərbi əməliyyatlara (təzkirə) başlaması ilə bağlı qərar layihəsini Nazirlər Kabineti təsdiqləyib.
APA-nın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, qanun layihəsi Türkiyə Böyük Millət Məclisinə göndərilib.
Həmin sənəd bu gün Bakı vaxtı ilə saat 12.00 ali qanunverici orqanın növbədənkənar iclasında səsverməyə çıxarılacaq.
Qanun layihəsi təsdiqlənərsə, Türkiyə Ordusu ölkənin təhlükəsizliyini təmin etmək üçün Suriya ərazisinə daxil olub, hərbi əməliyyatlar aparacaq.
Qeyd edək ki, oktyabrın 3-də Suriya hökumətinə aid olan silahlı qüvvələrin Türkiyənin Şanlıurfa rayonunun Ağçaqala qəsəbəsinə silahlı zərbələr endirməsi 5 Türkiyə vətəndaşının ölümü, 9 nəfərin isə yaralanması ilə nəticələnib.
Hadisədən dərhal sonra NATO-ya üzv ölkələrin səfirləri dərhal toplaşaraq, müzakirələrə başlayıblar.
NATO-nun qərargahında keçirilmiş toplantıda qurumun Nizamnaməsinin 5-ci maddəsinin tətbiq edilməsinin (quruma üzv dövlət hərbi müdaxiləyə uğradıqda digər üzv dövlətlər birlikdə təcavüzkara cavab verməlidir) tez olduğu bildirilsə də, NATO-nun Türkiyəyə tam dəstək verəcəyi qeyd olunub.
Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ın dövlət katibi Hillari Klintonla da məsələni müzakirə edib. Xanım Klinton türkiyəli həmkarını BMT və NATO-nun Türkiyəyə tam dəstək verəcəyinə əmin edib.
Suriyanın İnformasiya Nazirliyi isə Ağcaqalada həlak olanlarla bağlı başsağlığı mətni yayıb. Qurumun açıqlamasında Türkiyə ərazisinin bombalanmasının “səbəbi” də açıqlanıb: “Həmin ərazisindən Suriyaya terrorçular daxil olur”.