ERMƏNİ BİZNESMENİN AZƏRBAYCANDA ŞİRKƏTİ VAR?
Tarix: 5-10-2012, 08:58 |
Çap et
“AZAL” DEYƏSƏN, FİL QULAĞINDA YATIB...
Ovanes Poqosyan adlı iş adamının həmtəsisçisi olduğu şirkət ölkəmizdə aviabilet alış-satışı ilə məşğuldur
Bir müddət öncə ölkə mətbuatında həmstəsisçisi erməniəsilli Ovanes Poqosyan olan beynəlxalq şirkətin Azərbaycanda nümayəndəliyinin fəaliyyət göstərməsi ilə bağlı məlumat dərc olunmuşdu. Məlumatda bildirilirdi ki, beynəlxalq internet layihəsi şəklində (onetwotrip.com) fəaliyyət göstərən şirkətin Azərbaycanda nümayəndəliyi var və bu nümayəndəlik “onetwotrip.az” saytı vasitəsilə sərbəst şəkildə biletlərin satışı ilə məşğuldur.
Dünyanın 500 aviaşirkəti, o cümlədən AZAL ilə əməkdaşlıq edən “onetwotrip” gündə təxminən 700 bilet satır və aylıq dövriyyəsi 6 milyon dollardır. Beynəlxalq şirkətin dörddilli saytında (Azərbaycan, ingilis, rus və alman dilləri) “layihə haqqında” bölmədə sahibkarların adı yazılmasa da, əlaqələr bölməsində Rusiyadakı baş ofisin telefon nömrəsi və Azərbaycan nümayəndəliyinin məlumatları var. Bundan əvvəl “Mainpeople” layihəsini işlətmiş Ovanes Poqosyan Kutislə birgə “onetwotrip”i açıb və an geci bir il ərzində əsas hədəf olaraq Azərbaycanı götürüb. Şirkət vasitəsilə alınan biletlərin komissiya faizləri Moskvada yaşayan ermən iş adamının cibinə axır.
Məsələ ilə bağlı barəsində müxtəlif iddialar dolaşan şirkətin Azərbaycan nümayəndəliyinin mövqeyini öyrənmək istədik. Lakin dəstəyimizi qaldıran şirkətin Azərbaycan nümayəndəliyinin rəhbəri Kamran Rəhimov qəzetdən olduğumuzu eşidən kimi dəstəyi asdı.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.