TOYLARIMIZDA İSPAN HAVASI
Tarix: 8-11-2011, 13:19 |
Çap et
“HƏMİN MAHNILARI İFA EDƏNDƏ MƏNİ AZ QALA DÖYMÜŞDÜLƏR”
Populyar müğənni Çingiz Mustafayev toylarda ispan mahnılarını ifa edə bilmir.
Day.Az-ın məlumatına görə, bu barədə müğənni ATV telekanalının "22 saat" verilişinə açıqlamasında deyib.
"Hələ müsabiqədə iştirak edərkən fikirləşirdim ki, toylarda gitarada ispan mahnıları ifa edəcəyəm. Həmişə bunu arzulayırdım. Amma toyda həmin mahnıları ifa edəndə məni az qala döymüşdülər (gülür). Mənə dedilər ki, bura toydur, konsert salonu deyil", - deyə müğənni bildirib.
Çingiz qeyd edib ki, bü səbəbdən də milli üslubda mahnılar yazmağa başlayıb:
"Mən fikirləşmirdim ki, bu mahnılar insanları valeh edəcək, amma onlar sevildilər. İndi çox vaxt məni tədbirlərə çağırıb həmin mahnıları ifa etməyimi istəyirlər. Flamenkonu isə evdə, özüm üçün ifa edirəm. Çünki o, mənim ən çox sevdiyim janrdır".
Maraqlı burasıdır ki, Çingiz toylara dəvət aldığı zaman toy sahibləri ondan fonoqramla oxumasını xahiş edirlər. Müğənni bunu belə izah edir:
"Çünki belə daha yaxşı alınır. Axı Azərbaycanda elə bir restoran yoxdur ki, onun aparaturası canlı ifanı fonoqramdakı kimi yaxşı səsləndirməyə imkan versin".