“YENİ MÜSAVAT” TƏMTƏRAQLI YUBİLEYƏ HAZIRLAŞIR
Tarix: 10-11-2011, 15:46 |
Çap et
“ƏGƏR İCAZƏ VERSƏLƏR”...
Bu gün “Yeni Musavat” qəzetinin 22 yaşı tamam olur. 1989-cu ilin 10 noyabrında əsası qoyulan qəzet bu günə qədər uzun bir yol gəlib.
Qəzetin təsiscisi və baş redaktoru Rauf Arifoğlunun Modern.az saytına verdiyi məlumata görə, qəzetin yaranma günü ilə bağlı tədbir dekabrın 22-də təşkil olunacaq.
Buna səbəb isə mediada olan problemlər - mətbuat nümayəndələrinin həbs olunmasıdır.
“Bu təqvim təbii ki, əlamətdardır. Təntənəli olmasa da, biz qəzetin 20 yaşını da qeyd etmişdik. Əvvəlcədən düşünürdük ki, bu günü də qeyd edəcəyik. Ancaq mətbuatda elə problemlər baş verdi ki, tədbiri dekabrın 22-də keçirməyi qərara aldıq. Həm də dekabrın 22-də qəzetin 5 mininci sayının çapdan çıxdığı günü qeyd edəcəyik”.
Dekabrın 22-də baş tutacaq tədbir prestijli otellərdən birində nəzərdə tutulub. “Əgər icazə versələr, prestişli otellərdən birində keçirməyi düşünürük”.
R.Arifoğlunun sözlərinə görə, tədbirə media kapitanları, siyasi şəxslər dəvət ediləcək. “Onların iştirakı ilə qəzetin bu günə kimi keçdiyi yola nəzər salacağıq”-deyə R.Arifoğlu əlavə edib.
Qeyd edək ki, “Yeni Musavat”ın 20 illiyi ilə bağlı tədbirdə qəzetin sabiq təsiscisi, Müsavat başqanı İsa Qəmbər təsiscilik hququnu Rauf Arifoğluna həvalə edib.