ELŞAD ABDULLAYEV FRANSANI TƏRK ETMƏLİ OLACAQ
Tarix: 11-03-2013, 11:13 |
Çap et
KEÇMİŞ REKTORLA BAĞLI FRANSAYA İQTİDARIN XÜSUSİ ELÇİLƏRİ SƏFƏR EDİB
DİA.AZ: - Lisenziyası ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevlə bağlı redaksiyamıza ilginc bir məlumat daxil olub. Hökumət içindəki mötəbər mənbələrdən DİA.AZ-a ötürülən informasiyada bildirilir ki, sabiq rektorun Azərbaycana gətirilməsinin təşkili üçün bu günlərdə Bakıdan xüsusi missiya Fransaya yola düşüb.
Mənbə iddia edir ki, hakimiyyətin çox ünlü simalarından birinin də yer aldığı missiyanın məqsədi Elşad Abdullayevə qarşı Fransanın yerli hakimiyyətindən tədbirlərin görülməsinə nail olmaqdır. Xatırladaq ki, keçmiş rektorun videobombardmanının ilk günlərində də Bakıdan onunla görüşməyə gedənlər olmuşdu.
Mənbəmizin bildirdiyinə görə, Elşad Abdullayevə münasibətdə hakimiyyət içində müəyyən yenilənmələr də baş verib: «Artıq onun özünə qarşı proseslər çevrilə bilər. Doğrudur, keçmiş rektor ilk başdan «mən mələk deyiləm» deməsilə özünü sığortalayıb. Amma buna rəğmən artıq idarəolunmaz vəziyyətə gələn Elşad Abdullayev hazırki məqamda ümumiqtidar maraqları üçün də təhlükə hesab olunmaqdadır».
Məhz bu səbəbdən keçmiş rektorun Fransada həbs olunaraq Azərbaycana gətirilməsi ideyasının da gündəmdə olduğunu söyləyən mənbəmiz bildirdi ki, hələlik belə bir qərar qətiləşməyib: «Amma keçmiş rektor Fransadan çıxmaq zorunda qala bilər».