ƏLİ KƏRİMLİ NAMİZƏD OLMAĞA TƏLƏSMİR
Tarix: 26-03-2013, 13:47 |
Çap et
AXCP İYUNDA QƏRAR VERƏCƏK“Azərbaycanda yaxın vaxtlarda seçkiqabağı mühitin demokratikləşməsi istiqamətində kütləvi aksiyalara start veriləcək”.
Bu barədə APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov deyib.
H. Kərimov bildirib ki, AXCP-nin prezidentliyə namizədi artıq məlumdur və iyun ayında keçiriləcək Ali Məclisin sessiyasında namizəd rəsmi şəkildə elan olunacaq. Hələlik namizədi irəli sürməyə tələsmədiklərini deyən H. Kərimovun sözlərinə görə, partiya hazırda ölkədə seçkiqabağı mühitin demokratikləşməsi istiqamətində fəaliyyət göstərir: “Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi məlumdur. Bu, Əli Kərimlidir. Sadəcə olaraq, İctimai Palatada fəaliyyətimizin istiqaməti hazırda müxalifətin daha geniş inteqrasiyasına nail olmaqdır. İndi kimsə vaxtından əvvəl addım atırsa, bu, onun öz işidir. Cəmiyyətdə az tanınan adamlar var ki, onlar da namizədliklərini irəli sürürlər. Biz namizədimizi iyun ayında AXCP Ali Məclisinin sessiyasında irəli sürəcəyik. Heç kimin şübhəsi olmasın ki, bizim namizədimiz olacaq. Hələlik Seçki Məcəlləsinin dəyişdirilməsi, seçkiqabağı mühitin demokratikləşməsi uğrunda mübarizə aparırıq. Yəqin ki, yaxın vaxtlarda bu istiqamətdə kütləvi aksiyalara da start veriləcək”.