«MESSENAT» HOLDİNQDƏN SEÇKİ PULU
Tarix: 29-03-2013, 11:07 |
Çap et
ƏLİ İNSANOVUN TOPLAŞAN TƏRƏFDARLARI SEÇKİ İLƏ BAĞLI QƏRAR VERİB
DİA.AZ: - Redaksiyamıza Qərbi Azərbaycanlıların seçki tədarükü ilə bağlı maraqlı məlumatlar daxil olub. Mötəbər mənbənin DİA.AZ-a verdiyi bilgiyə görə, hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanova yaxın bir neçə iş adamı qarşıdan gələn prezident seçkilərilə bağlı müzakirələr aparıblar.
Maraqlı orasıdır ki, həmin toplantıda bu gün hakimiyyətin bir sıra layihələrində yer tutan «Messenat» Holdinqin rəhbəri Tofiq İsayevin də iştirak etdiyi söylənilir. Xatırladaq ki, Əli İnsanov nazir olduğu dönəmlərdə Tofiq İsayevlə səmimi münasibətləri olduğundan onun hazırda keçmiş nazirin komandasında yer alması da təsadüfi görünmür.
Məlumatı verən mənbə bir ilginc faktı da açıqladı ki, bir araya gələn sahibkarlar Əli İnsanovun hələ xeyli əvvəldən elan etdiyi dəst-xəttə uyğun hərəkət etmək barədə qərara gəliblər: «Yəni qərar bundan ibarətdir ki, onlar müxalifətin - İctimai Palatanın ortaya çıxaracağı vahid namizədə həm siyasi və həm də maliyyə dəstəyi verməyə hazırdırlar və bu da keçmiş nazirin içəridən göndərdiyi «ksiva»ya uyğundur».
Onu da bildirək ki, redaksiyamıza Tofiq İsayevlə bağlı ilginc faktları da ötürüblər ki, həmin materialları yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik.
Bizi izləməkdə davam edin. Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…