AYAZ MÜTƏLLİBOV MEMUAR YAZIR
Tarix: 30-03-2013, 11:36 |
Çap et
Bakıda yaşayan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov memuralarını yazmağa başlayıb. Bu barədə Modern.az saytına Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə məlumat verib. Ötən ilin avqust ayında Bakıya döndükdən sonra siyasətdən getdiyini bəyan edən eks-prezidentin yeni kitabında onun siyasi xatirələri - memuarları əks olunacaq.
Kitabın hansı mövzuda olacağını qabaqcadan açıqlamaq istəməyən A.Əlizadənin sözlərinə görə, keçmiş prezident bu istiqamətdə ciddi səylə çalışır. “Ayaz müəllim hazırda yeni kitabı üzərində çalışır. Demək olar ki, evində oturaraq yalnız bu kitabla məşğuldur. Kitabda nələrdən bəhs ediləcəyi haqda danışmaq istəməzdim”.
A.Əlizadə həmçinin kitabın nə zaman yazılıb başa çatdırılacağından xəbərsiz olduğunu deyib.
Ayaz Mütəllibovun yaxın dostlarının bildirdiyinə görə, eks-prezidentin yeni kitabı sırf siyasi memuarlar üzərində qələmə alınır. Kitabda Ayaz Mütəllibovun Rusiyada mühacirətdə yaşadığı dönəmdən tutmuş çağdaş dövrə kimi şahidi olduğu, müşahidə etdiyi siyasi proseslərin yadda qalan xatirələri əks olunacaq.
Hələlik kitabın adı məlum deyil.
Xatırladaq ki, bu, Ayaz Mütəllibovun ilk kitabı deyil. Azərbaycanın keçmiş prezidentinin bundan öncə də bir neçə kitabı işıq üzü görüb. A.Mütəllibov həmçinin 1992-ci ildə qələmə aldığı “İstefamın tarixi”, 1994-cü ilə nəşr olunan “Qarabağ – qara bağ” (“Karabax - Corniy sad” ) adlı kitabların müəllifidir.