MOLLA REJİMİ ANTİAZƏRBAYCAN HÜCUMUNA BAŞLADI
Tarix: 9-04-2013, 12:48 |
Çap et
YENİDƏN PREZİDENT İLHAM ƏLİYEV FARS MƏTBUATINDA HƏDƏFƏ ÇEVRİLİB
DİA.AZ: - Fars-molla rejimi yenidən Azərbaycanın dövlət rəhbərinə qarşı təbliğat kampaniyasına başlayıb. DİA.AZ bildirir ki, son günlər İranın xüsusi xidmət orqanlarının nəzarəti altında antiAzərbaycan fəaliyyəti göstərən bir sıra internet portallarında prezident İlham Əliyevə qarşı təbliğatı gücləndirib. Əsasən, İlham Əliyevin ABŞ mətbuatı tərəfindən «ilin adamı» elan olunması məsələsi ətrafında niyyətini həyata keçirən molla mətbuatı hətta aşağılayıcı ifadələri işlətməkdən belə çəkinmir.
Onu da xatırladaq ki, buna qədər də Azərbaycanın dövlət rəhbərliyi fars millətçilərinin hədəfi olmuşdu. Keçən il - «Avroviziya-2012» mahnı yarışması ərəfəsində bu hallar intensiv xarakter almışdı. Amma sonradan rəsmi Bakı ilə Tehran arasındakı danışıqlarla bu şiddət aradan qaldırıldı.
İndi isə sözügedən cəbhədə atəşkəs pozulub. Hər halda, mollaların bu yolla əslində Azərbaycan dövlətini və Azərbaycan türkünü hədəflədiyi məlumdur. «Arannyus» portalında yer alan «ərazilərinin 20 faizi işğal altında olan ölkənin prezidenti necə «ilin adamı» oldu» sualındakı ironiya isə fars şovinizminin Azərbaycan türkünə qarşı həqarətindən başqa bir şey deyil. Hər halda, kimsə iddia edə bilməz ki, İran adlanan dövlətin başında oturanlar Qarabağ probleminə münasibətdə məhz Azərbaycanın yanındadırlar.