
NARAZI MÜXALİFƏT YENİ AKSİYA TƏYİN EDİB
Prezident seçkisinin nəticələrini tanımayan Ermənistan müxalifəti növbəti mitinqi aprelin 12-nə təyin edib. İrs Partiyasının lideri, prezidentliyə sabiq namizəd Raffi Ovannisyan aksiyanın Yerevanda, Azadlıq meydanında keçiriləcəyini bildirib.
“Media forum” saytı xəbər verir ki, aprelin 9-u axşam saatlarında paytaxtın Baqramyan küçəsində polislə aksiyaçılar arasında toqquşmalar qeydə alınıb. Bir neçə nəfər, o cümlədən İrs Partiyası sədrinin müavini Armen Martirosyan və prezidentliyə sabiq namizəd, politoloq Andreas Qukasyan tutulub. Saxlanarkən xəsarət alan Martirosyan polis bölməsindən xəstəxanaya aparılıb, Qukasyanı isə evə buraxıblar.
Fevralın 18-də keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə görə, dövlət başçısı Serj Sərkisyan qalib gəlib. Onun rəqibləri Ovannisyan və Qukasyan seçkinin saxtalaşdırıldığını iddia edir və nəticələrin ləğvini istəyirlər.