MÜXALİFƏTƏ YAXIN ŞƏXSLƏRİN SİYAHISI TUTULUR
Tarix: 18-04-2013, 10:59 |
Çap et
PA-DAN VERİLƏN SON TƏLİMAT SEYKİQABAĞI TƏLAŞIN TƏZAHÜRÜDÜR
DİA.AZ: - Yayılan məlumatlara görə, qarşıdan gələn prezident seçkilərilə əlaqədar bir sıra dövlət qurumlarına verilən tapşırıqlar narazılıq yaradıb. DİA.AZ-a bu barədə danışan mənbə iddia edir ki, birbaşa olaraq Prezident Administrasiyasından büdcə təşkilatlarının rəhbərlərinə seçkilərə tədarüklə əlaqədar tapşırıq verilib.
Mənbə bildirir: «Belə ki, büdcə təşkilatlarının rəhbərlərinə xüsusi fəallıq nümayiş etdirən və müxalifətə meyilli olan şəxslərin siyahısının hazırlanaraq təqdim olunması barədə göstəriş verilib. Bu, birbaşa olaraq idarə rəhbərlərinin öz işçiləri haqda donos ötürməyə sövq edilməsi anlamını daşıyır».
Mənbəmiz bildirir ki, anoloji tapşırıq hətta özəl sektorda rəhbər olan şəxslərə də müxtəlif yollarla çatdırılıb: «Təbii ki, bütün bunlar bəlli bir qrupun növbəti təxribatı kimi anlaşılmalıdır. Hər halda, vətəndaşdan bu qədər ehtiyatlanmağın özünün ciddi fəsadları meydana gələ bilər».
Xatırladaq ki, bir müddət əvvəl başlanan «Facebook» həbsləri zamanı heç bir müxalifət partiyasının üzvü olmayan, müxalifət partiyaları hansısa formada əlaqəsi olmayan şəxslər belə həbs olunmuşdu. Sadəcə olaraq, onlar sosial şəbəkələrdəki antihakimiyyət fəaliyyətləri səbəbindən hədəfə çevrilmişdilər.
İndi isə bəlli olur ki, PA-dan gələn yeni təlimatda hətta buk imi şəxslərlə bağlı da dosyaların toplanması istənilir. Bunun nəticəsində repressiv addımların atılacağı isə şəkksizdir.