HÜSNÜ MÜBARƏKİN AZƏRBAYCANDAKI DOSTU SƏRBƏSTDİR
Tarix: 19-04-2013, 09:11 |
Çap et
MİSİR PREZİDENTİ İLƏ BAĞLI VERİLƏN QƏRAR ƏLİ EVSENİN DƏ İŞİNƏ YARADI
DİA.AZ: - Məlum olduğu kimi, aprel ayının 15-də Qahirə məhkəməsi Misirin sabiq prezidenti Hüsnü Mübarəkin 2011-ci ildəki inqilabi hadisələrdə nümayişçilərin ölümü barədə iş üzrə həbsdən azad edilməsi barədə qərar verdi. Məhkəmə qərarında o da qeyd olunurdu ki, Hüsnü Mübarək digər işlər üzrə ittiham edilmədiyinə görə həbsdən azad edilir.
Onu da xatırladaq ki, 14 mart tarixində DİA.AZ olaraq bu işlə bağlı başqa bir məlumatı da diqqətinizə çatdırmışdıq. Xəbərdə deyilirdi ki, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin qudası, tanınmış iş adamı, «Evsen Group»un prezidenti Əli Evsenin üzərindən həbs qərarı götürülüb. Bu barədə DİA.AZ-a iş adamının Azərbaycandakı dostlarından biri məlumat verib.
Xatırladaq ki, Əli Evsen İspaniya polisi tərəfindən Misir devrilmiş prezidenti Hüsnü Mübarəkin şübhəli maliyyə əməliyyatlarında iştirak ittihamı ilə həbs edilmişdi, sonradan zaminə buraxılmışdı. Və onun İspaniya ərazisini tərk etməsi yasaqlanmışdı.
Məlumatı verən mənbə iddia edir ki, Şeyxin qudası rəsmi Bakının da işə qarışmasının ardından ittihamlarda «təmizə çıxarılıb».
Redaksiyamızın əldə etdiyi son məlumatlardan isə aydın olur ki, Hüsnü Mübarəklə bağlı Qahirə məhkəməsinin verdiyi qərarın ardından Əli Evsenin işi ilə əlaqədar Misirdan Madrid polisinə rəsmi müraciət göndərilib və bunun da əsasında Əl Evsenin üzərindəki bütün ittihamlar qaldırılıb.